Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il 22–25 dekabr tarixlərində Qətər Dövlətinə səfəri çərçivəsində dekabrın 23-də paytaxt Doha şəhərində keçirilən APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib.
Modern.az-ın məlumatına görə, APA Prezidentinin nümayəndəsi, Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında Milli Məclisin sədri Sahibə Qafarovanın toplantı iştirakçılarına ünvanladığı xoş arzuları çatdırıb. O, müasir qlobal çağırışlar şəraitində parlament diplomatiyasının rolunun artdığını vurğulayaraq, Azərbaycanın APA-ya sədrliyi dövründə təşkilat çərçivəsində həyata keçirilmiş fəaliyyətlər barədə məlumat verib.
Deputat Azərbaycanın əlverişli coğrafi mövqeyinin və yaradılmış müasir infrastrukturun Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. O, Orta Dəhliz vasitəsilə tranzit və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş ardıcıl dövlət siyasətinə diqqət çəkib.
Rizvan Nəbiyev 8 avqust tarixli Vaşinqton razılaşmalarından sonra Azərbaycanın regional bağlantı mərkəzi kimi nəqliyyat dəhlizlərinin əlaqələndirilməsində rolunun daha da artdığını qeyd edib, Orta Dəhlizin genişlənən imkanları fonunda Zəngəzur dəhlizinin strateji əhəmiyyətini xüsusi vurğulayıb.
Çıxışda, eyni zamanda, Prezident İlham Əliyevin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin gücləndirilməsinə dair strateji baxışı, eləcə də ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərətçi Görüşünə tamhüquqlu üzv kimi qoşulmasının regional əməkdaşlıq baxımından əhəmiyyəti diqqətə çatdırılıb.