AZ

Azərbaycanda assosiasiya prezidenti vəfat etdi - FOTO

Azərbaycan-Fransız Dili Müəllimləri Assosiasiyasının (APFAZ) təsisçisi və prezidenti, Azərbaycan Dillər Universitetinin müəllimi, tanınmış alim və pedaqoq Gülbəniz Camalova vəfat edib.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Alim 62 yaşında ürəktutması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, 1963-cü ildə Qazax rayonunda anadan olan G.Camalova 1982-1987-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, 1999-cu ildən etibarən ADU-da fransız dilini tədris etməyə başlayıb və uzun illər Xarici Dillərin Tədrisi Metodikası kafedrasında elmi-pedaqoji fəaliyyət göstərib.

G.Camalova fransız dilinin ali və orta təhsil müəssisələrində tədrisinin gücləndirilməsi, müasir metodik yanaşmaların tətbiqi və ixtisaslı kadr hazırlığı sahəsində ardıcıl iş aparıb. O, fransız dilinin tədrisinin qorunub saxlanılması üçün prinsipial mövqeyi, maarifləndirmə və metodik dəstək fəaliyyəti ilə seçilib.

Eyni zamanda, APFAZ-ın təsisçisi və prezidenti kimi G.Camalova fransız dili müəllimlərinin peşəkar inkişafının dəstəklənməsi, birgə fəaliyyətin təşkili və dilin ölkə üzrə yayılması məqsədilə çoxsaylı layihələrə rəhbərlik edib. Onun təşəbbüsü ilə keçirilən ənənəvi Village Français tədbiri fransız dili və frankofon mədəniyyətinin təbliğində xüsusi əhəmiyyət kəsb edib.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
44
3
yenisabah.az

4Mənbələr