Dmanisidə tapılan fosillər insan miqrasiyası nəzəriyyəsini dəyişə bilər...
Poliqon xəbər verir ki, Gürcüstanın Dmanisi yaşayış yerində aparılan arxeoloji tədqiqatlar qədim insanın Afrikadan çıxışı ilə bağlı ənənəvi modeli şübhə altına alıb. PLOS One jurnalında dərc olunmuş araşdırmaya görə, dişlərin forması üzrə aparılan analiz göstərir ki, iki fərqli qədim insan növü eyni dövrdə Afrikanı tərk etmiş ola bilər, yalnız bir növün getdiyi fikri isə köhnəlmiş sayılır.
Tədqiqatçılar Dmanisidə tapılan fosillərin dişlərini ətraflı öyrənərək aralarındakı fərqlərin yalnız iki ayrı növ mövcudluğu ilə izah edilə biləcəyini müəyyən ediblər. Bu fərqlər primatlar, məsələn, qorillaların dişləri ilə müqayisədə dəqiq müəyyən olunub; primatlarda bir növ daxilində belə fərqlər daha azdır.
Analizin nəticələrinə əsasən, bir fosil qrupunun Homo georgicus, digər qrupun isə Homo caucasi növünə aid olması ehtimal edilir. Bu kəşf qədim insanların Afrikadan çıxışında tək növ, Homo erectus-un olduğu nəzəriyyəsinə meydan oxuyur.
Tədqiqat müəllifləri bildirirlər ki, nəticələr inandırıcı görünməsinə baxmayaraq, yekun konsensus üçün daha çox fosil və əlavə tədqiqatlar tələb olunur, çünki indiki nəticələr məhdud materiallar əsasında əldə edilib.
Poliqon.info