AZ

Azərbaycanda şəhərsalmanın köklü şəkildə həyata keçirildiyi sahə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləridir- ÖZƏL

"2026-cı ilin "Şəhərsalma və Memarlıq ili" elan olunması ilə bağlı, Prezident İlham Əliyevin imzaladığı sərəncam ölkə ictimaiyyəti tərəfindən tam razılıqla qarşılandı. Zatən, cənab Prezident 2003-cü ildən başlayaraq paytaxt Bakı başda olmaqla, ölkənin bütün şəhər və rayonlarında abadlıq, quruculuq işlərinə xüsusi diqqət yetirmiş, onların müasir dünya standartlarına cavab verməsi üçün məqsədyönlü, sistemli siyasət aparmışdır. Məhz bunun nəticəsidir ki, abadlaşmamış,  infrastrukturu yenilənməmiş bir dənə də olsa, şəhərlərimiz, rayon mərkəzlərimiz yoxdur". Bunu "Olaylar"a Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib: "Azərbaycanda şəhərsalmanın köklü şəkildə həyata keçirildiyi sahə isə, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan yenidənqurma və bərpa işləridir. Burada ikili yanaşma müşahidə olunur; 1-cisi, işğal zamanı ermənilər tərəfindən yerlə yeksan olmuş Ağdam, Xocalı, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın rayonları sıfırdan  inşa edilir. Bu rayonlarda demək olar ki, bir dənə də olsun tikinti qalmamışdır. Ona görə də, həmin ərazilərin bərpası, ən müasir şəhərsalma metodlarından istifadə etməklə, "Ağıllı şəhər", "Ağıllı kənd" konsepsiyalarına uyğun aparılır". 
Millət vəkini qeyd edib ki, digər yanaşma qismən dağıdılmış Şuşa və Xankəndi şəhərlərinin bərpasına aiddir: "Xüsusilə, Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşanın, çoxsaylı tarixi, memarlıq abidələrinin bərpası, son dərəcə əhəmiyyət kəsb edən və iri tutumlu maliyyə vəsaitləri tələb edir. Şuşanın demək olar ki, hər bir binası xalqımızın tarixidir. Hansı ki, separatçılar  bütün vəchlə, tariximizi erməniləşdirməyə, dini abidələrimizi isə, farslaşdırmağa çalışırdılar. Şükürlər olsun Allaha, torpaqlarımız Müzəffər Ali Baş Komandanın və qəhrəman Ordumuzun sayəsində işğaldan azad olundu. Xalqımızın döyüş qabiliyyəti ilə yanaşı, quruculuq bacarıqlarının da, bütün dünyaya nümayiş olunması üçün münbit şərait yarandı. 
 Müharibədən sonra, ötən beş il ərzində aparılan qlobal işlər, iki xalqın, azərbaycanlıların və ermənilərin torpağa, ətraf mühitə, bütövlükdə bəşəriyyətə münasibətlərinin əyani göstəricisidir. Biri, ermənilər sökür, dağıdır, yandırır, minalar basdırır, digəri isə, minalardan təmizləyir, şəhərlər salır, tikir, qurur, bərpa edir, ağac əkir. Dünya bu fərqi görür, qiymət verir və hesablaşır. Təsadüfi deyil ki, son illər, BMT -n və Azərbaycan hökumətinin təşkilatçılığı ilə, "Şəhərsalma və Memarlıq" mövzusunda beynəlxalq konfranslar məhz, Qarabağda keçirilir. Tam məsuliyyətlə demək olar ki, Ağdamda, Füzulidə və digər şəhərlərdə aparılan işlər, şəhərsalmanın ən müasir tələblərinə cavab verir. Orada tətbiq olunan rəqəmsal idarəetmə, alternativ və bərpa olunan enerjidən istifadə, ictimai nəqliyyat, kommunal xidmətlər və s. insanların rahatlığına hesablanmışdır. Hətta inkişaf etmiş ölkələrə belə nümunə ola bilər. 
   "Şəhərsalma və Memarlıq ili" elan olunması barədə, cənab Prezidentin təşəbbüsünü dəstəkləyirəm və əminəm ki, gələn ilin yekunlarını müzakirə edərkən, bu istiqamətdə qlobal layihələrin icrasına şahidlik edəcəyik. Hər kəsi, dövlət Başçısının imzaladığı sərəncamın icrasına öz töhfəsini verməyə çağırıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
45
1
olaylar.az

2Mənbələr