AZ

Liviya təyyarəsinin "qara qutu"su tapılıb

Ankarada Liviya nümayəndə heyətini daşıyan təyyarənin qəzaya uğraması ilə bağlı Daxili İşlər naziri Əli Yerlikaya açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazirin sözlərinə görə, təyyarənin qalıqları təxminən 3 kvadrat kilometr əraziyə yayılıb və qəzanın araşdırılması üçün vacib olan "qara qutu" tapılıb.

Əli Yerlikaya bildirib ki, Liviya nümayəndə heyətindən 5 nəfər və 3 ekipaj üzvü olmaqla, ümumilikdə 8 nəfəri daşıyan təyyarədə texniki nasazlıq qeydə alınıb, daha sonra isə hava gəmisi ilə əlaqə kəsilib. Axtarış-xilasetmə əməliyyatlarına dərhal başlanılıb və saat 22:00 radələrində təyyarənin qalıqları aşkar edilib.

Qalıqların tapılmasından sonra AFAD tərəfindən ərazidə mobil koordinasiya mərkəzi yaradılıb. Hadisə ilə bağlı məhkəmə və cinayət təhqiqatı jandarma tərəfindən aparılır. Əməliyyata ümumilikdə 408 nəfər, 103 yerüstü heyət, 7 hava vasitəsi cəlb olunub, əraziyə nəzarət isə PUA-lar vasitəsilə həyata keçirilir.

Nazir qeyd edib ki, saat 02:45-də səs yazıcısı, 03:20-də isə "qara qutu" tapılıb və onların müayinəsinə başlanılıb. Hazırda cəsədlər məhkəmə-tibbi ekspertizadan keçirilir.

Yerlikayanın sözlərinə görə, Liviya tərəfindən təyin olunmuş nümayəndə heyəti Ankaraya gəlib və araşdırmalarda iştirak edəcək. Qəza ilə bağlı yeni məlumatların ictimaiyyətə operativ şəkildə təqdim ediləcəyi bildirilib.

Seçilən
18
operativmm.az

1Mənbələr