AZ

“Boykot” qərarının pərdəarxası

Gələn il növbədənkənar Prezident seçkiləri keçiriləcək. Bu yarışda iştirak etmək istəyənlərin sayı 15-dən yuxarıdır. Bir fakt dəyişməz olaraq qalır. Son üç ildə 30 illik işğala son qoyan, bütün ərazilərimizdə suverenliyi bərpa edən, Xankəndidə qalib Ali Baş Komandan olaraq bayrağımızı ucaldan Prezident İlham Əliyev Azərbaycan xalqının çox böyük kəsiminin dəstəyini yenidən alacaq. Proqnozlar da göstərir ki, növbədənkənar seçkilərdə Azərbaycan seçicilərinin böyük əksəriyyətinin etimad göstərəcəyi namizəd məhz hazırkı dövlət başçısıdır.    
 AMİP sədri Arzuxan Əlizadə növbədənkənar seçkilər və gözlənilən islahatlarala bağlı “Həftə içi”nə bildirib ki, ölkə ciddi uğurlara imza atıb. Bundan sonra sosial iqtisadi vəziyyətin güclənməsi, ölkədaxili problemlərin həllinə ehtiyac yaranıb. Azərbaycan xalqı yeni seçiləcək prezidentdən yeni nailiyyətlər gözləyir: “Hesab edirəm ki, növbəti seçkilərdə seçilən prezident bütün bu gözləntiləri qarşılaya biləcək”.
A.Əlizadə qeyd edib ki, növbədənkənar prezident seçkilərinin gündəmə gəlməsi bir qədər gözlənilməz idi. Onun fikrincə, cəmiyyətdə daha çox müzakirə olunan məsələ referendumun keçirilməsi, konstitusiyada bir sıra əlavə və dəyişikliklərin edilməsi idi.
O, eyni zamanda, növbədənkənar seçkiləri şərtləndirən bir sıra amillərə diqqət çəkib. Qeyd edib ki, bu amillərdən biri Azərbaycan torpaqlarının işğaldan azad olunması,  ölkə və regionda fərqli bir vəziyyətin yaranması ilə bağlıdır: “Regionda bir sıra ciddi addımların atılması növbədənkənar seçkiləri şərtləndirdi. Azərbaycan ictimaiyyəti fərqli fikirdə deyil. Bu situasiyanın formalaşmasının əsas müəllifi isə Prezident İlham Əliyevdir. Torpaqlarımız işğaldan azad edilib, Qarabağ problemi həll olunub. Bundan sonra sülh müqaviləsinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiya demarkasiyası və digər məsələlər həll olunmalıdır. Prezidentin növbədənkənar seçkilər qərarı növbəti illərdə bu islahatların həyata keçirilməsini şərtləndirir”. 
Milli Məclisin deputatı, professor Kamilə Əliyeva isə bildirib ki, ölkə başçımızın 7 fevral 2024- cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə Sərəncamı Azərbaycan xalqının arzu və istəklərinin ifadəsidir. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra gələcək inkişafı, yeni hədəflərin, uğurların əldə olunması, dövlətimizin beynəlxalq aləmdə iqtisadi və siyasi nüfuzunun daha da artırılması üçün növbədənkənar Prezident seçkilərinin keçirilməsi labüdləşib.
Onun sözlərinə görə, Azərbaycanda dövlət reyestrindən keçmiş bütün siyasi partiyalara seçkilərdə iştirak etmək üçün demokratik və şəffaf mühit yaradılmışdır. Yaradılmış bu şəraitdən yararlanıb seçkilərdə öz namizədini irəli sürüb, sivil və qanuna müvafiq şəkildə sağlam rəqabət aparmaq əvəzinə, radikal müxalifət öz xislətlərinə uyğun hər seçkidə olduğu kimi bu dəfəki növbədənkənar Prezident seçkilərini də boykot etməyə çağırış edir. Seçkilərlə bağlı boykot çağırışı xarici qüvvələrə xidmət edən siyasi təxribatdır: “Seçkilərin boykot edilməsinə çağırış təxribata yol açan siyasi bir hiylədir və siyasi stabilliyin pozulmasına xidmət edir. Radikalların bu addımları xaricdəki Azərbaycana qarşı yönəlmiş qüvvələrin maraqlarına xidmət edir. Adlarını müxalifət qoyub, çirkin əməllərə əl atanlar xaricdəki ağalarından qrant almaq niyyəti güdür. Qərbdəki qüvvələrin məqsədi Azərbaycandakı siyasi stabilliyi pozmaq və ölkəmizin daxili məsələlərinə müdaxilə edərək seçki prosesində təxribatlar törətməkdir. Təəssüflər olsun ki,  daxildə bu qüvvələrə yardım edən, qul kimi onlara itaət edən radikal müxalifət öz xalqına belə xəyanət edir. Ölkədəki radikallar ictimaiyyət arasında heç bir nüfuza malik deyil, rəqabət apara biləcək namizəd belə tapa bilmirlər. “Boykot” pərdəsi altında öz zəifliklərini ört-basdır etmək niyyəti güdür, hətta cüzi sayda olan tərəfdarlarına qarşı da xainlik edirlər. Radikalların “boykot” tamaşası arxasında bir sıra məkrli planlar durur, yəni  cəmiyyətdə emosional gərginliyə nail olmaq, qərəzli təxribatlar üçün müxtəlif səviyyələrdə informasiya bəhanələri formalaşdırmaq, seçkilər zamanı və sonrakı dövrdə beynəlxalq informasiya ajiotajı yaratmaq və təxribatları davam etdirmək”.

Seçilən
343
1
hafta.az

2Mənbələr