ain.az bildirir, Gununsesi portalına istinadən.
“Dünyada 6 milyarddan çox internet istifadəçisi var ki, bu da dünya əhalisinin 73%-ni təşkil edir. Belə bir mühitdə gün ərzində milyonlarla dezinformasiya yayılır.
Dezinformasiyalar cəmiyyətdə çaşqınlıq yaradır və ictimai rəyə təsir göstərir. Düzgün olmayan məlumatlar insanlara psixoloji təsir göstərir və onları səhv yönləndirir”.
Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva media savadlılığı həftəsi ilə bağlı fikirlərini Gununsesi.info ilə bölüşərkən bildirib:
“Bu yöndə dünyada etibarlı xəbər mənbələrinin də siyahısı daralır. Xarici mediaya nəzər salsaq, eyni xəbəri müxtəlif ölkələr fərqli başlıqlarla və kontentlə təqdim edir. Bunda ölkələrarası münasibətlərin rolu istisna edilmir. Geosiyasi gərginliklər fonunda obyektiv olmayan yanaşmalar mediada da öz əksini tapır.
Ölkəmiz 44 günlük Vətən müharibəsi zamanı, o cümlədən, ötən il COP 29-a evsahibliyimiz zamanı xarici media tərəfindən dezinformasiya kampaniyaları ilə üzləşmişdi. Bu kampaniyalar müxtəlif mərkəzlərdən idarə olunan, lakin sistemli xarakter daşıyırdı. Qərbin selektiv yanaşması qərb mediasında da tirajlanırdı. Daha çox sosial şəbəkələr üzərindən aparılan media qarayaxmaları eyni məqsədli, müxtəlif qruplar tərəfindən eyni saatlarda, eyni etiketlərlə sistemli şəkildə aparılırdı. Azərbaycan mediası journalist araşdırmaları ilə bu kampaniyaların ifşasında böyük rol oynadı”.
Deputat ölkəmizdə daxili auditoriyanın pandemiya dövründə dezinformasiyalarla üzləşdiyini də qeyd edib:
“Bu isə insanlar arasında panikaya səbəb olur, xəstələrin psixoloji durumuna mənfi təsir edirdi. Ona görə mütəmadi media brifinqləri keçirilir və jurnalistlərin sualları cavablandırılırdı.
Düşünürəm ki, media cəmiyyətin doğru maariflənməsində böyük potensialı olan bir vasitədir. Lakin onu doğru şəkildə istifadə etmək lazımdır. Ölkəmizin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında, hibrid təhdidlərlə mübarizədə, o cümlədən, cəmiyyətə milli ruhun, həmrəyliyin, vətənpərvərliyin aşılanmasında mediamızın rolu əvəzsizdir. Azərbaycan mediası savadlıdır, çevikdir və müasir dövrün tələblərinə uyğunlaşmışdır”.
Xatırladaq ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə 15–22 dekabr tarixləri arasında “Media Savadlılığı” Həftəsinə start verilib.
“Media Savadlılığı” Həftəsinin keçirilməsində əsas məqsəd cəmiyyətdə media savadlılığının artırılması, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsi, həssas istifadəçi qrupu hesab edilən və bir çox hallarda zərərli məlumatların təsirinə məruz qalma ehtimalı yüksək olan yeniyetmə və gənclərin media savadlılığı mövzusunda bilik və bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən, müxtəlif tərəflər arasında koordinasiya və əməkdaşlığın genişləndirilməsidir.
2022-ci ildən etibarən hər ilin dekabr ayında təşkil edilən, müxtəlif hədəf qruplarına yönəlmiş təlim və inkişaf proqramlarının, maarifləndirmə və təbliğat tədbirlərinin, müxtəlif kampaniyaların keçirildiyi Həftə çərçivəsində bu il də geniş auditoriyanın əhatə olunması, məlumatların daha çox şəxsə çatdırılması məqsədilə silsilə tədbirlərin görülməsi planlaşdırılır.
Şəbnəm Rəhimova
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.