AZ

Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müzəffər Lider

Azərbaycan xalqı yaşadığı ərazinin qorunub saxlanılması uğrunda əsrlərlə mübarizə aparmış və özünün dövlətçilik tarixini yaratmışdır. Lakin tarixin müxtəlif mərhələlərində ərazimiz böyük dövlətlərin işğalına da məruz qalmışdır.

XIX əsrin əvvəllərində Azərbaycan ərazisi uğrunda çar Rusiyası və Qacarlar dövləti arasında iki mərhələdə müharibə aparılmış, Azərbaycanın şimal ərazisi çar Rusiyası tərəfindən işğal edilmişdir. 310 min kvadratkilometr ərazisi olan ölkəmizin Azərbaycanın Xalq Cümhuriyyəti dövründə 114 min kvadratkilometr ərazisi qalmışdır.

Sovet Azərbaycanı dövründə isə 30 min kvadratkilometrə qədər ərazi itirilmişdir. Bu ərazilərin böyük bir qismi 1918-ci ilin may ayında yaradılmış Ararat Respublikası (Ermənistan) tərəfindən işğal edilmişdir. Bu proseslər ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələnə qədər bu və ya digər formada davam etmişdir. 1938-ci ildə Azərbaycanın 2 min hektar ərazisinin Ermənistan Respublikasına verilməsi haqqında rəsmi qərar olsa da, Heydər Əliyev 1969-cu ilin iyulunda Azərbaycana rəhbər seçilməsi ilə buna yol verməmişdir. Hətta Moskvanın təzyiqlərinə baxmayaraq, Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan torpaqlarının itirilməsi halları olmamışdır.

XX əsrin 20-ci illərində Ermənistan sovet rəhbərlərinin köməyindən istifadə edərək Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi üçün ciddi səy göstərmiş, RK (b)P Qafqaz bürosunun köməyinə arxalansa da, Nəriman Nərimanovun qəti mövqeyi sayəsində məqsədlərinə nail ola bilməmişlər. Belə olan halda, ermənilər Qarabağ ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasına nail olmuşlar.

XX əsrin 80-ci illərinin sonlarına yaxın, 1987-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevin Sovet rəhbərliyindən istefa verməsindən sonra ermənilərin Azərbaycana qarşı ərazi iddiaları artmışdır. Bu işdə onlara dəstək verən SSRİ-nin ali rəhbərliyi olmuşdur. Heydər Əliyevin istefasından sonra ermənilərin torpaq-ərazi iddiaları başlanmışdır. 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində Azərbaycan xalqı ərazi uğrunda mərd-mərdanə, qətiyyətlə mübarizəyə qalxsa da, biz bunu Azərbaycanın o vaxtkı rəhbərliyinin fəaliyyətində görmədik.

Hakimiyyət strukturlarına rəhbərlik edənlərin səriştəsizliyi, milli mövqedən çıxış etməmələri, AXC–Müsavat cütlüyü nümayəndələrinin kreslo davası, ordu quruculuğuna lazımi diqqət yetirməmələri ucbatından nəinki Dağlıq Qarabağ ərazisi, hətta onun ətrafındakı 7 rayon da, hansı ki, bu rayonlarda ermənilər yaşamamışdı – işğal olundu. Soydaşlarımızdan çoxsaylı ölən, yaralanan, qaçqın və məcburi köçkünə çevrilən oldu. Müxalifət cəbhəsində baş verən qarşıdurmalar, orduda birliyin, vahid komandanlığın olmaması ölkəmizi çətin vəziyyətə saldı.

Xalqımız baş verən hadisələrin qarşısının alınmasını ümummilli lider Heydər Əliyevin rəhbərliyə qayıdışında görürdü.Ulu öndər 1993-cü il iyunun 15-də Ali Sovetin Sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1994-cü ilin may ayında atəşkəsə nail olundu. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” imzalandı. 1995-ci ilin noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Dövlət quruculuğu sahəsində, iqtisadi inkişafda uğurlar əldə edilməyə başlanıldı. Heydər Əliyevin Azərbaycana ikinci rəhbərliyi dövründə sabitlik və iqtisadi inkişaf təmin edildi. Ulu öndər rəsmi tədbirlərdə, qaçqın və köçkünlərlə görüşlərində dəfələrlə elan etdi ki, “nəyin bahasına olursa-olsun itirilən torpaqlarımızı geri qaytaracaq, siz öz ata-baba yurdunuza qayıdacaqsınız. Buna heç kimin şübhəsi olmasın”.

Böyük siyasətin uğurlu davamı

2003-cü ilin sonunda İlham Əliyev Azərbaycan rəhbərliyinə gəldi, ölkə Prezidenti seçildi. İlham Əliyev Prezident kimi ilk andiçmə mərasimindəki nitqində bəyan etdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyondan artıq qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını, nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunu əsas götürərək ölkəni idarə etməyə başladı, qazanılan uğurlara arxalanaraq yeni şəraitdə ölkəni müasirləşdirmək, xalqdan güc almaq, xalqının və dövlətinin maraqlarını mövcud şəraitdə ən yaxşı şəkildə qorumaq, başlıca məqsəd olan torpaqları təcavüzkar Ermənistanın işğalından azad etməkdən ötrü hazırlaşmaq idi.

İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikasında daxili siyasətdə – dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görüldü. Azərbaycan müasirləşən ölkəyə çevrildi.

Bu illərdə daxili siyasətlə yanaşı, Azərbaycan Respublikası dövlətinin xarici siyasət fəaliyyətində də müstəsna əhəmiyyətli işlər görüldü. Nəticədə, dövlətin beynəlxalq mövqeləri möhkəmləndirildi. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün mübarizədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi - 30 aprel 1993-cü il tarixli 822 saylı, 29 iyul 1993-cü il tarixli 853 saylı, 14 oktyabr 1993-cü il tarixli 874 saylı, 11 noyabr 1993-cü il tarixli 884 saylı qətnamələrinə əsaslanırdı. Həmin qətnamələrə görə, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisindən öz hərbi hissələrini qeyd-şərtsiz, tam və dərhal çıxarması tələb olunurdu.

İlham Əliyev hələ Baş nazir olarkən 2003-cü il sentyabrın 24-də BMT Assambleyasında etdiyi nitqində Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdən danışarkən demişdir: “Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsindən artıq 10 il keçir. Bu qətnamələr erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxmasını tələb edir. Bununla belə, Ermənistan bu qətnamələri saymazlığı ilə beynəlxalq icmaya meydan oxuyur. BMT Təhlükəsizlik Şurası və ATƏT-in Minsk qrupu isə bununla bağlı heç bir adekvat qərar qəbul etmirlər.

Azərbaycan beynəlxalq hüquq normalarına və prinsiplərinə əsasən münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bildirib. Biz bu yöndə səylərimizi davam etdirməkdə israrlıyıq və beynəlxalq icmanın fəal iştirakına ümid edirik”.

Beynəlxalq qurumlarda inadlı mübarizə

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsində BMT Baş Assambleyasının 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında da nitq söyləyərək Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etdi. Azərbaycan rəhbəri nitqində ATƏT-in Minsk qrupunun fəaliyyətini də kəskin tənqid etdi: “Münaqişənin siyasi yolla həlli prosesi son 12 il ərzində ATƏT-in Minsk qrupu çərçivəsində həyata keçirilmiş, lakin bu günədək heç bir nəticə verməmişdir. Aydın məsələdir ki, BMT Təhlükəsizlik Şurasının, ATƏT və onun Minsk qrupunun problemə hazırkı passiv və biganə yanaşması və beynəlxalq birlik tərəfindən ciddi təzyiqin göstərilmədiyi indiki şəraitdə Ermənistan özünün təcavüzkar və destruktiv mövqeyindən geri çəkilməyəcəkdir”.

2004-cü ildən başlayaraq İlham Əliyev təklif edirdi ki, münaqişənin nizama salınması prosesində əsas vasitəçi olan ATƏT-in Minsk qrupu ilə yanaşı, digər beynəlxalq qurumlar – ATƏT-in Parlament Assambleyası, Avropa Şurası və Avropa İttifaqının da fəaliyyəti gücləndirilsin.

Prezident İlham Əliyevin Avropa Şurasının Parlament Assambleyasının sessiyasındakı çıxışı (2004, 29 aprel) böyük əks-sədaya səbəb oldu: “Əlbəttə ki, biz bu vəziyyətlə barışa bilmərik. Azərbaycan heç zaman ərazisinin itirilməsi ilə razılaşmayacaqdır. Məsələnin həllində beynəlxalq hüquq normaları əsas götürülməlidir. Azərbaycan dünyadakı bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və özünə də eyni münasibətlə yanaşmağı tələb edir. Bizim ərazi bütövlüyümüz bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərindən geri çəkilməlidir”.

BMT Baş Məclisinin 29 oktyabr 2004-cü il sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı əlavə maddəni iclasın gündəliyinə daxil etməyi qərara almışdır. Qərar qəbul edildikdə 43 dövlət lehinə, 1 dövlət (Ermənistan) əleyhinə səs vermiş, 99 dövlət bitərəf qalmışdır.

Prezident İlham Əliyevin “Azərbaycan torpaqları işğal altında qalmamalıdır” tələbi artıq müzakirə olunan bir sıra tədbirlərdə açıq-aşkar deyilirdi. Belə ki, ASPA-da “ATƏT-in Minsk Konfransının məşğul olduğu Dağlıq Qarabağ bölgəsi üzərində münaqişə” adlı məruzənin (2005, 25 yanvar) 1416 saylı Qətnamə hissəsində Azərbaycan ərazisinin böyük bir hissəsinin Ermənistan qoşunlarının işğalı altında olduğu, eləcə də Dağlıq Qarabağ regionuna hələ də separatçı qüvvələrin nəzarət etdiyi göstərilirdi. Bununla yanaşı, sənəddə qeyd edilirdi ki, “Avropa Şurasının üzvü olan bir ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar ziddir”. Assambleya öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu bir daha təsdiqləyirdi.

Azərbaycan lideri ATƏT-in Minsk qrupu həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndələrinin, NATO üzvü olan ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçirilən Zirvə toplantılarında, bir sıra ölkələrin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə dəfələrlə bildirmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, eləcə də Azərbaycanın ərazi bütövlüyü BMT və bütün beynəlxalq birlik tərəfindən tanınmışdır. Buna görə də münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Ermənilər bir sıra tədbirlərdə “öz müqəddəratını təyin etmək” prinsipini “ərazi bütövlüyünün bərpası” prinsipini qarşı-qarşıya qoyur və üstünlüyü birinci prinsipə verdilər.

Dövlətimizin başçısı ermənilərin “öz müqəddəratını təyin etmək” hüququna münasibətini dəfələrlə bildirmişdir: “Ermənilər artıq öz müqəddəratını təyin ediblər. İndi isə onlar çalışırlar ki, bu iki prinsipi – ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsiplərini bir-biri ilə ziddiyyətə gətirsinlər. Erməni xalqı öz müqəddəratını artıq təyin edib, Ermənistan dövləti var. Əgər bu baxımdan, bu məntiqdən yanaşsaq, yəni onların məntiqini götürsək, onda dünyada nə qədər erməni dövlətləri yaranmalıdır? Çünki onlar bir çox ölkələrdə yaşayırlar. Əgər Dağlıq Qarabağda digər erməni dövləti yaratsalar, onda sabah onlar istəyəcəklər ki, Gürcüstanda da belə bir dövlət yaransın. Hətta deyim ki, Dağlıq Qarabağda yaşayan ermənilərin sayı Gürcüstanda yaşayan ermənilərin sayından 4 dəfə azdır”.

Ermənistanın beynəlxalq hüquqa zidd fəaliyyətlərini Prezident İlham Əliyev 2010-cu ilin sentyabrında Baş Assambleyanın 65-ci sessiyasında etdiyi nitqində bir daha diqqətə çatdırdı.

Azərbaycanın gücü və nüfuzu

Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, ölkəmizin maraqlarını, ərazi bütövlüyünü israrla müdafiə etməsi öz nəticəsini göstərdi. 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi onun dünya miqyasında nüfuzunun əsas göstəricilərindən biri oldu. İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan 2019-cu ilin oktyabrında 2011-ci ilin may ayında üzvülüyünə qəbul olunduğu, BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama hərəkatının sədrliyini qəbul etdi. Bu hərəkat İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı beynəlxalq diplomatik dəstəyin təmin edilməsində böyük rola malik oldu. Azərbaycan Respublikası 155 dövlətin səsini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi.

Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsi, Ermənistanın beynəlxalq hüquqa əməl etməməsi, işğal etdiyi Azərbaycan ərazilərini azad etməməsi, BMT-nin, ATƏT-in Minsk qrupunun tutduğu mövqeləri barədə dəfələrlə çıxış etmiş, haqq işimizi qətiyyətlə müdafiə etmişdir. Azərbaycan və Ermənistan prezidentlərinin 2008-ci il iyunun 6-da Sankt-Peterburq, noyabrın 2-də Moskva, 2009-cu il yanvarın 28-də Sürix görüşlərində aparılan danışıqların heç bir nəticəsi olmamışdır.

Ərazilərin azad edilməsi zəruriliyi

2010-cu il yanvar ayının 25-də Soçidə keçirilən görüşdə münaqişənin nizama salınması istiqamətində danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin 2009-cu ilin dekabr ayında təklif etdiyi yenilənmiş Madrid prinsipləri əsasında aparılmışdır. Azərbaycan tərəfi prinsip etibarilə verilən təklifi qəbul etsə də, Ermənistan tərəfindən münasibət bildirilməmişdir. Prezident İlham Əliyevin 2010-cu il 7 noyabr çıxışında Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını bildirmiş, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyini bəyan etmişdir.

ATƏT-in Minsk qrupunun həmsədrləri ilə aparılan danışıqlarda bir neçə layihə ortaya çıxmışdı. Bu layihələrin bəziləri Azərbaycanın əleyhinə idi, əgər onlar həyata keçsəydi, ölkəmizin müəyyən əraziləri itiriləcək, Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayonun bəzilərinin ərazi məsələsinin həllində problemlər yaranacaqdır. Həmsədrlər məsələni həll etmək yox, onu yubatmaq və Ermənistanın xeyrinə həll etmək istəyirdilər. Sülh danışıqları uzadılır və heç bir nəticəsi olmurdu.

Prezident İlham Əliyev ölkənin iqtisadi potensialı ilə yanaşı, hərbi imkanlarını artırır, ordu quruculuğuna, onun hərbi potensialının artırılmasına xüsusi diqqət yetirirdi.

Tarixi missiyaya hazırlıq

Ərazi bütövlüyünün pozulduğu və torpaqlarımızın uzun müddət təcavüzkar işğalı altında olduğu dövrdə Azərbaycan öz dövlət büdcəsinin böyük bir hissəsini hərbi xərclərə yönəltməyə məcbur idi. Dövlətimizin hərbi büdcəsi Milli Ordumuzun ən yeni hərbi texnika, silah-sursat və digər döyüş vasitələri ilə təchiz edilməsinə sərf olunurdu. 2022-ci ildə Azərbaycanın hərbi xərcləri 4,5 milyard dollara çatmışdı. NATO standartlarına uyğun şəkildə təlim keçmiş Milli Orduya malik olan Azərbaycan Cənubi Qafqazda hərbi qüdrətinə görə lider dövlət səviyyəsinə yüksəlmişdi.

Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizat sahəsində xarici dövlətlərdən asılılığı azaltmaq üçün milli hərbi sənaye sahəsini formalaşdırmağa başlamışdır. 2005-ci ildən yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yüzlərlə adda hərbi təyinatlı silah-sursat və texnika istehsal edilməyə başlanılmışdı. Azərbaycan region ölkələri arasında öz zirehli texnikasını istehsal edən ilk dövlət idi.

Respublikamız ötən illər ərzində çoxlu sayda döyüş təyyarəsi və helikopterlər, yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz aparatları alaraq çox güclü Hərbi Hava Qüvvələrini formalaşdırdı. Nəticədə Azərbaycan regionda ən güclü hava qüvvələrinə malik olan dövlətə çevrildi. Prezident İlham Əliyev ordunu modenləşdirdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə müdafiə etdi və Qarabağın işğaldan azad olunması üçün iqtisadi gücü reallaşdırdı.

Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan dördgünlük Aprel döyüşləri (2016) hələ o dövrdə ordumuzun hansı gücə malik olduğunu ortaya qoydu. Eyni zamanda, illərlə haqqında “məğlubedilməzlik” mifləri yaradılan Ermənistan ordusunun hərb meydanında biabırçı məğlubiyyətə uğraması işğalçıya Qarabağ torpaqlarından birdəfəlik çıxarılacağının mesajını verdi.

2018-ci ilin mayında Naxçıvanda “Günnüt” əməliyyatı zamanı qəhrəman Azərbaycan Ordusu Naxçıvanın erməni işğalı altında olan bəzi ərazilərini düşməndən azad etdi. May ayının sonlarındakı əməliyyatlar nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı yüksəkliklər, ardından da Qunut dağı və Ağbulaq yüksəkliyinin azad edilməsi ilə nəticələndi. İrəvan-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verən Qızılqaya dağında və Mehridağında Azərbaycan ordusunun mövqeləri irəli çəkildi, Dərələyəz mahalının Arpa kəndi ordumuzun nəzarəti altına keçdi.

2020-ci ilin iyul ayında Tovuz döyüşlərində Azərbaycan ordusu tərəfindən məğlubiyyətə uğrayan Ermənistan Respublikası öz mənfur niyyətindən əl çəkmədi və sentyabrın 27-də bütün cəbhəboyu ərazidə genişmiqyaslı təxribat törətdi. Həmin gün Azərbaycan ordusu bu təxribata əks-hücum əməliyyatları ilə cavab verdi. Beləliklə, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək 44 gün davam edən və Azərbaycanın Böyük Qələbəsi ilə başa çatan Vətən müharibəsi başladı.

Yalnız Qələbə!

Azərbaycan uzun illər münaqişəsinin sülh yolu ilə həllinə, işğal edilmiş torpaqlarımızın azad edilməsinə nail olmaq üçün səylər göstərsə də, Ermənistan ötən müddət ərzində işğalçılıq siyasətindən əl çəkməməsi, son illərdə isə bu ölkənin rəsmilərinin yeni ərazilər tutmaq iddialarını açıq şəkildə dilə gətirmələri, tez-tez təhrikedici açıqlamalar vermələri, 2019-cu ildə baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vurdu. Həmin bəyanata cavabda Azərbaycan Prezidenti bildirdi ki, “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. Bu bəyanat bir il sonra öz təsdiqini tapdı.

30 ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəlik qabiliyyəti sayəsində Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər dövlətimizin gücünü, qüdrətini dünyaya bir daha göstərdi.

Qısa müddət ərzində düşmən üzərində qazanılmış bu Zəfər nəinki ərazilərimizin otuz illik işğalına son qoydu, həm də son yüz ildə xalqımıza qarşı törədilən etnik təmizləmə, deportasiya və soyqırımı siyasətini birdəfəlik dayandırdı. Əldə olunmuş bu Zəfər ermənilərin və onların havadarlarının regionda həyata keçirdikləri iki yüz illik işğal strategiyasını darmadağın etdi. 44 günlük Vətən müharibəsi Azərbaycanın siyasi, iqtisadi, diplomatik və hərbi qüdrətini, həmçinin xalqımızın milli birliyini və sarsılmaz iradəsini dünyaya nümayiş etdirdi.

2023-cü ilin 19-20 sentyabrında lokal antiterror tədbirləri ilə dövlətimiz öz suverenliyini tam təmin etdi. Azərbaycan Qarabağ bölgəsində 15 min nəfərdən artıq qanunsuz Ermənistan silahlı qüvvələrinin qalıqları və hərbi xuntanın silahlı birləşmələri suverenliyimiz üçün böyük təhdid idi. Həm də Qarabağ bölgəsində tikinti-quruculuq və abadlıq işləri, Böyük Qayıdış proqramının və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində onlar başlıca maneə idi.

Ermənistan və qanunsuz hərbi xunta Qarabağdakı erməni əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiya olunmasına mane olurdu. Azərbaycan qanunlarına zidd olaraq bölgədə “prezident seçkiləri” keçirilirdi. Ərazilərimizə minalar basdırılır və mühəndis-istehkam qurğularının qurulmasına cəhd göstərirdilər. Azərbaycanın Qarabağdakı erməni əhalisinə humanitar yardımını qəbul etmir, xarici ölkələrdən guya “humanitar yardım”lar qəbul etməyə cəhd göstərirdilər və s. Bütün bunlar Azərbaycan ordusu tərəfindən 23 saat müddətində lokal xarakterli antiterror əməliyyatı keçirməyə səbəb oldu.

Nəticədə, müzəffər ordumuz tərəfindən 21 yaşayış məntəqəsi, o cümlədən 3 qəsəbə düşməndən azad edildi. Lokal antiterror tədbirləri nəticəsində erməni silahlı birləşmələri sentyabrın 20-də təslim oldu. 2023-cü il sentyabrın 28-də Xankəndidəki cinayətkar hərbi xunta “Dağlıq Qarabağ Respublikası” adlandırılan qondarma qurumun buraxıldığını elan etdi. Beləliklə, Azərbaycan Respublikası Qarabağ bölgəsində konstitusiya quruluşunu və suverenliyini tamamilə bərpa etdi.

Bu tarixi Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyevdir. Dövlət başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərə mətanətlə sinə gərərək Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Həsrətində olduğumuz torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Bu, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan Qələbədir! Bu, bizim qəhrəman, igid əsgər və zabitlərimizin, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi qətiyyəti nəticəsində əldə edildi.

Beləliklə, ümummilli lider Heydər Əliyevin ideya və əməllərinin sadiq və qətiyyətli davamçısı İlham Əliyevin adı çoxəsrlik dövlətçilik tariximizdə ən çətin siyasi problemi həll etmiş lider, ən böyük hərbi qələbəni qazanmış sərkərdə kimi yazıldı. Xalqımız bir əsrdə 2 dəfə bərpa edilmiş müstəqi dövlətimizin ərazi bütövlüyünü təmin etmiş müzəffər lideri ilə fəxr edir və onun bütün çağırışlarını yüksək səfərbərliklə cavablandırır.

İsmayıl HACIYEV,
AMEA Naxçıvan Bölməsinin sədri, akademik

Seçilən
24
1
xalqqazeti.az

2Mənbələr