AZ

Müəllim olmaq artıq pulludur? – Yeni qərarın pərdəarxası

Azərbaycanda müəllimlərin işə qəbulu mexanizmi uzun illərdir həm cəmiyyətin, həm də təhsil ictimaiyyətinin diqqət mərkəzindədir. İndi isə bu prosesdə yeni və kifayət qədər müzakirəli bir mərhələnin başlanacağı gözlənilir.

“Ümumi təhsil haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklərə əsasən, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanların ödənişli olması nəzərdə tutulur. Bu qərar ilk baxışdan texniki yenilik kimi görünsə də, əslində onun təhsil sisteminə, müəllim peşəsinin əlçatanlığına və kadr keyfiyyətinə təsiri daha dərin müzakirə tələb edir.

Qanun layihəsində sosial həssas qruplar üçün istisnalar nəzərdə tutulub. Belə ki, ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsi üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər ödənişdən azad ediləcək. Rəsmi arqumentlər sırasında dövlət büdcəsinə qənaət, təşkilati xərclərin qarşılanması və iştirakçıların prosesə daha məsuliyyətli yanaşmasının təmin edilməsi göstərilir.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan təhsil eksperti Kamal Şahverdiyev hesab edir ki, bu yanaşma qismən məntiqli görünsə də, riskləri də az deyil.

Onun fikrincə, ödəniş mexanizmi bəzi hallarda imtahanlara formal yanaşan, hazırlıqsız iştirakçıların sayını azalda bilər və bu, prosesin təşkilati yükünü yüngülləşdirə bilər:

“Lakin eyni zamanda maddi imkanları məhdud olan, amma peşəkar potensiala malik namizədlərin kənarda qalmaq riski də mövcuddur. Müəllim peşəsi strateji sahədir və burada əsas prioritet maliyyə deyil, keyfiyyət olmalıdır. Əgər ödəniş simvolik məbləğdə olmazsa və ya alternativ mexanizmlərlə balanslaşdırılmazsa, bu qərar uzunmüddətli perspektivdə müəllim peşəsinə marağı azalda bilər”.

Şahverdiyevin fikrincə, beynəlxalq təcrübədə də imtahan ödənişləri mövcuddur, lakin adətən bu mexanizm geniş güzəştlər, şəffaflıq və sosial ədalət prinsipləri ilə müşayiət olunur:

“Azərbaycanda isə bu addımın real nəticələri yalnız bir neçə ildən sonra aydın görünəcək. Əgər sistem düzgün tənzimlənərsə, müəllimlərin seçimi daha məqsədyönlü ola bilər, əks halda bu, sadəcə maliyyə baryerinə çevrilə bilər”.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, dövlət qulluğuna və ya büdcə təşkilatlarına qəbul prosesində ödəniş tətbiqi hüquqi baxımdan həssas məsələdir.

Onun sözlərinə görə, Konstitusiyada və müvafiq qanunvericilikdə vətəndaşların dövlət xidmətlərinə bərabər çıxış hüququ təsbit olunub:

“İmtahanın ödənişli olması bu hüququ avtomatik pozmur, lakin ödənişin ölçüsü və tətbiq mexanizmi burada həlledici rol oynayır. Əgər ödəniş real olaraq geniş sosial qruplar üçün maneəyə çevrilərsə, bu, hüquqi mübahisələrə səbəb ola bilər. Qanun layihəsində sosial kateqoriyalar üçün istisnaların nəzərdə tutulması müsbət addımdır. Bu, qərarın hüquqi əsaslandırılmasını gücləndirir. Lakin yalnız sadalanan qruplarla kifayətlənmək olmaz. Məsələn, regionlarda yaşayan, maddi imkanları zəif olan, lakin rəsmi olaraq sosial yardım alan ailə statusuna düşməyən şəxslər bu mexanizmdən kənarda qala bilər. Bu isə bərabərlik prinsipinin faktiki pozulmasına gətirib çıxara bilər”.

Hüquqşünasın fikrincə, əgər dövlət imtahan ödənişindən əldə olunan vəsaitin hara və necə xərcləndiyini açıq şəkildə göstərərsə, həm ictimai etimad artar, həm də hüquqi risklər azalar. Əks halda, bu qərar cəmiyyətdə “təhsil ödənişli olur” kimi yanlış və təhlükəli təsəvvür formalaşdıra bilər.

Seçilən
27
nocomment.az

1Mənbələr