AZ

Tələbələrimə Əməkdar jurnalist adı verilib, mən hələ... - MÜSAHİBƏ

Natəvan Dəmirçioğlu: "Mən tələbəyə yalnız təhsil verən adam deyiləm"

"Ömrümün on ilini verdiyim “Açar” romanı yaddaşımın söylədiyi, gözümün gördüyü, ağlımın kəsdiyi, könlümün aldığı, qələmin yazdığıdı. Dünyadan mənə gələn, məndən dünyada qalacaqlardır. Bir də haqqın diktəsi... Haqqı dananların əli haqqa uzalı qalar. Haqqı unudanları haqq unudar...
Bir də atamı sevindirmək üçün yazıram. Artıq yazıçılıq mənim üçün bir taledir. Həyatımın istinad nöqtəsidir. İndi daha atam da yoxdu. Yenə kimisə sevindirmək üçün yazdım. O kimsə sən ol..."

Modern.az-ın müsahibi yazıçı, jurnalist Natəvan Dəmirçioğludur. "Üç nöqtə", "Səbət", "Yetim" povestlərinin, "Bir ovuc torpaq", "Avey əfsanəsi", "Dözüm", "Kəlağayı" hekayələrinin və “Açar” romanının müəllifi olan Natəvan xanımın onlarla məqaləsi dərc olunub. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşıdır. 2004-cü ildə "Qılınc və Qələm" mükafatına layiq görülüb, 2010-cu ildə "İlin qadın yazıçısı" seçilib.

- Natəvan xanım, fəaliyyətiniz ilkin mərhələsinindən danışaq: pedaqoji fəaliyyətdən başlayaq.

- Mən 2006-cı ildən Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlamışam. Bir neçə il keçəndən sonra Odlar Yurdu Universitetinə dəvət aldım. O vaxt Odlar Yurdu Universitetində jurnalistika ixtisası hələ formalaşmamışdı. Bakı Dövlət Universitetində olduğu kimi dərs demək asan deyildi. Hər bir planı, proqramı özüm tuturdum. Amma mənə oradan xatirə kimi qalan tələbə sevgisi oldu. Nə pul, nə də başqa bir şey əhəmiyyət daşıyır. Bakı Dövlət Universitetində olduğu kimi, tələbələrlə ünsiyyət, onların məhəbbətini qazanmaq ən böyük uğurlarımdır.

Gərək müəllim tələbənin hörmətini qazansın. Yaxşı yadımdadır, məni universitetlərin birinə dərs demək üçün dəvət etmişdilər. Başqa müəllimin yerinə çağırılmışdım. O müəllimin tələbələrlə arasında xoşagəlməz münasibət yarandığına görə dəyişiklik olmalı idi. Təklif mənə gəldi. Tədris ilinin ortası olmasına baxmayaraq birbaşa, spontan dərs metodu ilə işə başladım. Azərbaycan Radiosunda da fəaliyyətimi paralel davam etdirirdim. Elə həyatımda ilk dəfə o zaman zəhmətim qarşılığında müəyyən məbləğ almağa iddiam yarandı. Çünki ora gedəndə artıq həm AzTV-də çalışırdım, həm də digər universitetlərdə dərs deyirdim. Amma tezliklə daha dərindən anladım ki, əməkhaqqı nə qədər zəruri olsa da, müəllimlikdə tələbə sevgisi öndədir.

Bəzən soruşurlar ki, ürəyində bir sızıltı olmadımı, orada konkret bir məbləğ demişdin deyə? Xeyr, qətiyyən olmadı. Çünki mən bilirəm ki, pul haradan gəlib, hara gedir - pul önəmli deyil. Mənim qazandığım pul deyildi, insanlar idi.

Ümumiyyətlə, müəllimliyə münasibətim barədə bir dəfə müsahibələrimin birində də demişəm: “Mən müəllimliyə o iddia ilə gəlməmişəm ki, auditoriyaya girim və deyim ki, uşaqları mən öyrədəcəyəm. Heç vaxt auditoriyaya kimisə öyrətmək iddiası ilə girmirəm. Mən auditoriya ilə sadəcə, fikrimi paylaşıram. Bildiklərimi tələbələrlə bölüşürəm.

İstəyirəm ki, mən oxuduğumu sən də biləsən. Amma bunu təkcə oxumaqla yox, həyat təcrübəsi ilə biləsən. Həyat təcrübəsi ilə anlayasan. Mən nəzəri fikirlərimi, elmi düşüncələrimi, şəxsi yaradıcılığımı, şəxsi təcrübəmi auditoriyada paylaşıram.

Heç vaxt kiməsə amiranə şəkildə, “mən sənin müəlliminəm” mövqeyindən yanaşmıram. Məsələn, bu gün siz mənim həmkarımsınız və mən auditoriyada da sizə həmkar kimi baxıram. Demokratik yanaşma budur. Mən sizi tələbə kimi görmürdüm. Bilirdim ki, biz eyni işin adamlarıyıq, eyni yolun yolçularıyıq. 

- Bəzən müəllimlər yeni nəsildən narazılıq edirlər. Onların savadsız olduğunu deyənlər də var. Ali məktəbə qəbul olunurlar, amma ibtidai bazalarının çox zəif olduğu üzə çıxır.

- İndi tələbələrə yenilikçi kimi baxmalıyıq. Gənclərin kompüter elmlərindən anlayışları əvvəlki nəsillərə baxanda daha çoxdur. Bu mənada biz onlardan öyrənirik. Pedaqoji fəaliyyət müəllim dominantlığı deyil. Burada üç qütb var – müəllim, tələbə və dərslik. Hər üç tərəf daim təkmilləşməlidir. Mən auditoriyaya həmişə öyrənmək istəyən gənclər görmüşəm. Bu gün də belədir.

Məsələn, deyirlər ki, indi tələbələr elmə ciddi münasibət bəsləmir, müəyyən narazılıqlar var, yeni gələn aşağı kurslardan şikayətlər olur. Amma mən qətiyyən bu fikirlə razı deyiləm. Hazırda ölkə miqyasında belə bir yanlış düşüncə var ki, guya indiki gənclər oxumaq istəmir. Mən bunu qəbul etmirəm. İndiki gənclər öyrənmək istəyirlər. Ola bilsin ki, onların kitabdan oxuma vərdişi zəifdir. Amma bu, onların öyrənmək istəmədiyi demək deyil. Tələbə öyrənmək istəyir. İstəyir ki, sən onlara elektron resurslar verəsən, onlar da oradan öyrənsinlər.

Bu, zamanın tələbidir. Onlar kitab mədəniyyətini yox, kompüter mədəniyyətini inkişaf etdirirlər. Bu gün tələbə sənə demir ki, harasa gedim, dərsə gəlməyim. Qətiyyən belə deyil. Əksinə, tələbə universitetə konkret məqsədlə gəlir — öyrənmək istəyir.

Köhnə kitab oxumaqda çətinlik çəkən tələbəni başa düşmək lazımdır. Təsəvvür edin ki, mən onlara ədəbiyyat siyahısı verirəm və o ədəbiyyat kiril əlifbasındadır. Tələbələrin böyük əksəriyyəti bu əlifbasını bilmir. Belə olan halda sən onlardan necə tələb edə bilərsən ki, gedib oxusunlar?

İkincisi, o kitabları mən oxuya bilərəm. Mənim müəllim yoldaşım oxuya bilər. Oradan faydalı cəhətləri götürüb, zərərli ideoloji təsirləri ayırd etməliyik. Amma tələbə bunu edə bilməz. Tələbə o dərsliyin içində hansı fikrin ideoloji, hansı fikrin faydalı olduğunu ayırd etmək gücündə deyil.

Bu işi müəllimlər, mütəxəssislər, metodistlər görməlidir.

- Dərs vəsaitlərindəki dəyişiklik sizi qane edirmi? Təhsil ocaqları köhnə çapdan tamamilə imtina edə bilibmi?

- Sovet dövründən qalan nəşrlərdən təmizini və safını saxlamaq lazımdır. Sonra onu bugünkü həyatın ritminə uyğunlaşdırıb, bir az da zənginləşdirib, yeni formatda tədrisə tətbiq etmək lazımdır. Çünki hamımız bilirik ki, təhsil sistemi hələ tam yenilənməyib, sovetdən tam çıxmayıb, hələ də o dövrdən qalan dərsliklər var.

Mən hesab edirəm ki, sovet dövründə yazılmış kitabları sadəcə ədəbiyyat siyahısına salmaqla — istər dissertasiyaların sonunda, istər kitabların sonunda, istər sillabusların sonunda — və onu tələbə üçün məcburi ədəbiyyat kimi verməklə heç nə əldə edə bilmərik. Çünki tələbə onu oxumayacaq. Yenə deyirəm, ona görə ki, onun tətbiqi köhnədir, dili köhnədir, üslubu köhnədir və içində tələbəyə lazım olmayan, onun beynini yoran çoxlu detallar var.

Mütəxəssis zəhmət çəkib o kitabı yeni nəşrə hazırlamalıdır. Onu təhlil etməli, lazımsız hissələri çıxarmalı, faydalı məqamları saxlamalı və müasir, innovativ dünya görüşü ilə zənginləşdirməlidir. Ondan sonra onu tələbəyə vermək və tələb etmək olar.

- Sizcə, praktikada işləməyən, nə mətbuatda, nə televiziyada, nə də radioda olan müəllimlər jurnalistika kimi bir sahəni sizin qədər effektiv tədris edə bilərlərmi? Yoxsa burada ciddi fərq yaranır?

- Bizim sahədə — jurnalistikada və oxşar sahələrdə — nəzəri biliklərin öyrədilməsi vacibdir, amma bu, əsas yük olmamalıdır. Məncə, ideal nisbət 60–70 faiz praktika, 30–40 faiz nəzəriyyə olmalıdır.

Məsələn, gəlin özümüzü dilini bildiyimiz ölkələrlə müqayisə edək. Konkret olaraq Türkiyə ilə. Biz tez-tez deyirik ki, bizim təhsil zəifdir, dərsliklərimiz bəsitdir. Amma mən çox sayda türkiyəli həmkarımdan eşitmişəm ki, Azərbaycan təhsili çox güclüdür. Burada paradoks yaranır: niyə biz özümüzü zəif görürük, onlar bizi güclü görür?

Əsas məsələ praktikadır. Onlar bizim praktikanın zəif olduğunu bilmirlər. Onlar baxırlar bizim dərslərə, müəllimin polemikada iştirakına, çıxışına və deyirlər ki, bu adam çox savadlıdır.

- Bizim təhsildə bu boşluq var. Tələbə 4–5 il universitet oxuyur, sonda isə cəmi 1 ay təcrübə keçir. Bu o deməkdir ki, universitet həyatı boyunca praktikaya çox az yer verilir.

- Bu məsələdə konkret bir universiteti günahlandırmaq olmaz. Söhbət vahid tədris sistemindən gedir. Müəllim də bu sistemin içində sıxılır.

Məsələn, “müsahibə texnologiyası” dərsi keçilir. Onun nəzəri əsaslarını 20 dəqiqəyə demək olar. Qalan vaxtda isə tələbələrlə real müsahibə hazırlamaq olar. Studiyaya real bir qonaq dəvət etmək olar, tələbənin müsahibə aparmasına şərait yaratmaq olar. Bu, həm daha maraqlıdır, həm də tələbəni real iş həyatına hazırlayır. Mənim dərs dediyim universitetdə telestudiya, radiostudiya var. Bu çox yaxşıdır. İmkanları daha da artırmaq olar. Bu keyfiyyətə müsbət təsir edər.

Çünki iş həyatı asan deyil, işə qəbul da asan deyil. Universitet tələbəni buna hazırlamalıdır.

Təcrübə bazaları artırılmalıdır — bütün universitetlərdə, bütün sahələr üzrə. Elə dərslər var ki, onlara ümumiyyətlə auditoriya lazım deyil, tədris-təcrübə sahəsi lazımdır.

- Bu baxımdan Azərbaycan Televiziya Akademiyası yaradılıb. Siz də orada dərs deyirsiniz.

- Azərbaycan Televiziyası nəzdində Akademiya gözəl nəticə verir. Akademiyaya qəbul prosesində artıq Bakı Dövlət Universitetindən iki nəfər müəllimin dəvət olunması ilə bağlı qərar verilib ki, onlar gəlib seçim mərhələsində iştirak etsinlər. Yəni bu prosesə kənardan da baxış olsun. Bu, daha demokratik addımdır. Məsələn, kadr seçimi zamanı müəllimlər daha düzgün qərar verə bilərlər. Eyni zamanda tələbələr də bu müəllimləri daha yaxından tanıyarlar.

Amma bununla paralel olaraq laborator imkanları da genişləndirmək lazımdır. Yəni müəllim–tələbə təmasını daha da yaxınlaşdırmaq gərəkdir. Məsələn, fakültədə studiya var, amma tələbə sayı həddindən artıq çoxdur. Çoxsaylı auditoriyanın texniki təminatı asan deyil. Bu sahədə fakültə çox çalışır. Əlavə dəstək də işin xeyrinə olar.

- Bu akademiyada oxuyan məzunların işlə təmin olunma imkanları varmı?

- Bəli, bu, çox yaxşı və çox perspektivli bir qurumdur. Hətta düşünürəm ki, onu daha da genişləndirmək olar, müəyyən maddi dəstək göstərmək olar ki, fəaliyyət dairəsi daha da artsın, daha da güclənsin.

Azərbaycan Televiziyasının rəhbərliyi hər il orada oxuyan daha çox gənci işlə təmin edir. Məsələn, Azərbaycan Beynəlxalq Radiosunda — mən orada proqram rəhbəri işləyirəm — son bir-iki ildə dörd-beş nəfər akademiyanın məzunu işə götürülüb. Bu, çox müsbət bir haldır.

Yəni faktiki olaraq üç ay müddətində tələbəyə həm nəzəri biliklərini tətbiq etmək imkanı verilir, həm də praktika göstərilir. Bundan sonra rəhbərlik qərar verir və artıq sənin yanında işi bilən, hazırlıqlı bir əməkdaş formalaşmış olur.

- Yazıçı müəllim kimi auditoriyaya həmişə nə demək istəmisiniz? Ümumiyyətlə, tələbə auditoriyasına əsas mesajınız nədir? Sizi fərqli müəllim edən nədir?

- Bu, mənim üçün bir az gözlənilməz sualdır, amma eyni zamanda çox maraqlı sualdır. Mən tələbəyə yalnız təhsil verən adam deyiləm. Mən belə düşünürəm ki, insan əsas bilikləri orta məktəbdə alır. Universitetdə isə o, həm ixtisasını öyrənir, həm də şəxsiyyət kimi formalaşır.

Mən tələbə ilə hər mövzuda danışa bilərəm. Həqiqətən də hər şeydən söhbət edə bilərəm. Auditoriyada bunu görürsən: bir tələbə digər tələbəyə vurğundur, biri digərini sevir.

Mən onlara deyirəm ki, düşünmək lazımdır. Tutaq ki, Allah sənə bir şans verir, o şansı dəyərləndirməyi bacarmalısan. Yəni Allah sənin qarşısına bir insan çıxarır. Sən universitetə oxumağa gəlmisən, bura adam bəyənməyə gəlməmisən. Amma tale elə gətirir ki, sevgi də sənin qarşına çıxır. Sən iki problemini eyni illərdə paralel həll edə bilirsən. Həm diplom alırsan, həm də həyatının insanını seçmiş olursan.

Əgər sən onu bəyənmisənsə, onda onun qədrini bilməlisən, onu qorumalısan və bu şansı daha da dəyərləndirməlisən. Belə demək mümkünsə, sən buna cavabdehsən. Çünki bu, hər kəsin qarşısına çıxan bir şey deyil. İnsan belə bir şansı necə dəyərləndirməyə bilər? Elə olub ki, mən bu fikirləri açıq şəkildə tələbələrə demişəm.

- Natəvan xanım, sizin çıxışlarınızda tez-tez bir tövsiyə səslənir. Qeyd edirsiniz ki, insana qalan, insanın qazanmalı olduğu iki əsas dəyər var: biri mərifətidir, biri də elm. Bir əlavəniz də var ki, insan əslində sözü ilə tanınır, onun libası da sözdür. Siz deyirsiniz ki, həyat məhz bu dəyərlərlə mənalanır və insan həyatı mənalı etmək üçün elmə, mərifətə və sözə sahib olmalıdır. Amma bir tərəfdən də danılmaz bir həqiqət var ki, deyilir: “Dünya fanidir”. Bu anlayış çox qədimdən gəlir. Sizcə, fanilik nədir? Dünya fanidirsə, biz bu faniliyi harada axtarmalıyıq? "Dünya fanidir" fikri ilə həyatın mənalandırılması arasında ziddiyyət varmı?

- “Dünya fanidir” fikrini nə siz deyirsiniz, nə də mən. Bunu bizdən çox əvvəl daha böyük adamlar deyiblər. Əgər bu söz boş bir fikir olsaydı, deyildiyi yerdə qalardı və bu günə gəlib çıxmazdı. Amma bu söz əsrlər boyu yaşayıb və bu günə qədər gəlibsə, deməli, onun batinində bir həqiqət var.

O həqiqət də yaşanıb, sınanıb, təsdiqlənib. Ona görə də bu fikir bu qədər uzun müddət yaşayır. Ömər Xəyyam da deyirdi ki, dünya bir saman çöpünə dəyməz.

Və Ömər Xəyyamın bu bircə misrası — “Dünya bir saman çöpünə dəyməz” — təsəvvür edin ki, onu bir dahilər səviyyəsinə qaldırır. Dünya bir saman çöpünə dəyməz… Bu fikir boşuna deyilməyib.

- Atanız haqda dəfələrlə söz açmısız. İstəməzdik xatirələriniz sizə əziyyət versin. Amma ataları yad etmədən də mümkün deyil.

- Atam dünyasını dəyişəndə, mən həyatı onda dərk etdim. Ən çılpaq, ən saf şəkildə, göz-gözə, üz-üzə həyatla qarşılaşdım.

Atamın nəşi özünün düzəltdiyi qoz ağacından olan taxtın üstünə qoyilmuşdu. Mən örtüyü açdım, atamı öpdüm. Mən orada atamın üzünü yox, həyatın üzünü gördüm. Və düşündüm ki, atam bir ömrünü uşaqlarının yolunda şam kimi əridib. Nələr edib, nələr yaradıb…

O, sənətkar idi. Hər şeyin qədrini bilirdi. Barmaq boyda bir qoz ağacına belə dəyər verirdi, onu sonradan bir naxışın içində ulduz kimi yerləşdirirdi. Deməli, bilirdi ki, bu nəyəsə lazım olacaq.

Bəzən görürdüm ki, balaca bir rəngli daşı götürüb cibinə qoyur. Deyirdim ki, bunu niyə götürürsən? Deyirdi ki, görəcəksən, bu lazım olacaq. Sonra təsəvvür edin, mərmərdən bir stol düzəldirdi, o mərmərin ortasına bir ulduz salırdı və həmin ulduzun mərkəzinə bir dənə adi, yaşıl çay daşını yerləşdirirdi. Bax, bu dərəcədə hər şeyin qədrini bilən bir insan idi.

Atam dünyasını dəyişəndə düşündüm ki, Allahım, mən ona nə verim ki, özü ilə aparsın? O, bütün dünyasını burada qoyub gedirdi. Bütün yaratdıqlarını, bütün zəhmətini burada qoyub gedirdi. Altı uşağın həm dolanışığını təmin etmişdi, həm də təhsilini.

Düşündüm ki, atama nə verim aparsın? Amma İslam dininin qanunlarına görə, mən atamın tabutuna, kəfəninə,  qəbrinə heç nə qoya bilməzdim. Atam da bu dünyadan heç nə aparmadan getdi. Deməli, dünyada olan hər şey dünyada qalır. Bax, mən bunu qəbul edirəm.

Amma mən həyatın dəyəri məsələsinə bir az fərqli baxıram. Həyata möhlət kimi baxıram. Doğumla ölüm arasındakı bir möhlətdir - ömür möhləti. Və o möhləti necə yaşayacağın sənin özündən asılıdır.

Mən hər dəfə tələbələrə deyirəm ki, uşaqlar, mən o müəllimlərdən deyiləm və o yanaşmanı sevmirəm ki, 90 dəqiqə dərsdə deyəsən: “Sakit olun, sakit olun!”.

Zala deyirəm ki, bu 90 dəqiqənin sahibi siz və mənəm. Biz bu vaxtı havaya sovura bilərik. Amma eyni zamanda bu 90 dəqiqəni həyatımıza rəng qatan, ömrümüzə ömür qatan, düşüncəmizin üzərinə düşüncə qoyan, intellektual bazamızı zənginləşdirən dəyərli bir zaman parçasına da çevirə bilərik.

Həmin o dediyimiz, saydığımız dəyərləri qurmaq və qorumaq lazımdır. Və mən o dəyərlərin üstünə bir də borc hissini əlavə etmək istəyirəm. Əslində borc hissi çox mühüm bir anlayışdır. Valideynin valideyn borcu var, övladın övlad borcu var, vətəndaşın vətən borcu var, sevgilinin sevgi borcu var, aşiqin aşiq borcu var. Yəni bu borclar yerinə yetirilməlidir.

Müasir dünya görüşündə və sivilizasiyanın indiki mərhələsində insanlar borclanmağa qarşı çıxırlar. Deyirlər ki, heç kəs heç kəsin dərdini çəkməsin. Niyə valideyn kimi sən övladın yükünü götürməlisən? Niyə övlad valideynin dərdini çəkməlidir? Məsələn, valideyn qocalıb, dərmana ehtiyacı var, həkimə aparılmalıdır — niyə övlad buna cavabdeh olsun? Deyirlər ki, hər kəs öz həyatını yaşamalıdır. Biz elə bir dövrdə yaşayırıq ki, sanki borcdan azad olmaq dövrüdür. Amma mənə elə gəlir ki, həyatın mənası məhz o borcun içindədir.

Mən atamı sevindirmək üçün yazı yazdım. Mən nə məşhur olmaq, nə də yazıçı olmaq haqqında düşünürdüm. Amma atamı sevindirmək istəyirdim. Allah da bu istedadı mənə verdi. Baxın, siz də deyirsiniz — atanı sevindirmək, sonra cəmiyyət üçün önəmli bir məqama gəlmək. Amma bu, mənim övlad borcum idi.

Məsələn, mənim anam çox erkən rəhmətə getmişdi. Anam 37 yaşında dünyasını dəyişmişdi. Atam o vaxt gənc yaşında qalmışdı. Hər gün istəyirdim ki, atam sevinsin. Rayon qəzetində yazım çıxanda sevinirdi. Mən yazırdım ki, o sevinsin.

- Yaradıcılığınızda əsas ilham mənbəyi atanızı sevindirmək olub, deyə başa düşmək olarmı? Yəni bunu həm də bir ilham qaynağı kimi qəbul edirsinizmi? Yoxsa yazılarınıza başqa duyğular, başqa dəyərlər də qatılıb?

- Elə bilirəm ki, mənə nə gəlibsə, təbiətdən gəlib. Mənim ilhamım təbiətdən doğub. Açılan səhərdən gəlib, düşən axşamdan gəlib, axan çaydan gəlib. Bir yarpağın xışıltısından, torpağın qoxusundan gəlib. Yəni ilhamım haradansa gəlib, amma doğrusu, mən heç vaxt bunun üzərində ciddi düşünməmişdim. Sizin sualınızdan sonra indi düşünürəm və bu qənaətə gəlirəm ki, mənim ilhamım təbiətin özündən gəlib. Yerin təkindən, Göyün ənginliyindən...

Məsələn, başımın üstündə olan göyə tez-tez baxıram. Mən hər gün heç olmasa bir dəfə başımı qaldırıb göyə baxıram. Və göydən mənə enerji gəlir. Bu, dəqiqdir.

Çünki mən sonradan yazdıqlarıma baxıb bəzən düşünürəm və sevinirəm ki, yaxşı ki, bunu yazmışam, yaxşı ki, belə yazmışam. Deməli, hardasa bir mənbə var ki, o mənbədən mənə nəsə gəlib.

- Yazanda hansısa hissləri yaşayırsınız?

- Bədənimdə istilik yaranır. Hətta 42–43 dərəcəyə yüksəlir. Ayaqlarım isə buz kimi olur. Təsəvvür edin, heç cür ayaqlarımı isidə bilmirəm. Bu həm də bioloji gərginliyin nəticəsidir. Yay aylarında bu halı yaşamaq daha çətindir...

- Fəalliyyətinizə verilən qiymətdən razsınızmı?

Dövlətimə və xalqımaa sevə-sevə xidmət edirəm. Amma dediyim kimi, maddi dünyada yaşayırıq. Hər bir zəhmətin qarşılığı da olmalıdır. Bu günə qədər heç bir imtiyaz və güzəştdən yararlanmamışam. Yalnız iki dəfə Prezident təqaüdü almışam. 1999-cu ildə mənə gənc yazıçı kimi Prezident təqaüdü verilmişdi. 2010-cu ildə də bir il ərzində Prezident təqaüdünə layiq görüldüm, vəssəlam.

Bir də “Tərəqqi” medalım var. Tələbələrim artıq Əməkdar jurnalistdirlər. 40 ilə yaxındır, peşəkar jurnalistika fəaliyyətindəyəm. Eyni zamanda Bakı Dövlət Universitetində və və Teleradio Akademiyasında müəlliməm. Dövlət İmtahan Mərkəzində ekspertəm. Əsərlərim dünyanın müxtəlif ölkələrində dərc olunub. Başqa kim olmalıyam? Qarşıdan gələn ildə çalışdığım Azərbaycan Radiosunun 100 yaşı olacaq. Təsəvvür edirsiz, bu necə bir hissdir. Bizim yüz yaşlı radiomuz var. Qafqazda, Türk dünyasında, Şərq aləmində ilk radio...

Seçilən
16
1
modern.az

2Mənbələr