AZ

Bakı–Vaşinqton tandemi və bölgədə yeni balans

Son illər beynəlxalq münasibətlər sistemində baş verən sürətli və çoxşaxəli dəyişikliklər Cənubi Qafqazın geosiyasi çəkisini əhəmiyyətli dərəcədə artırıb. Bu strateji məkanda Azərbaycan yalnız regional aktor kimi deyil, Avrasiya miqyasında sabitlik, əməkdaşlıq və qarşılıqlı faydaya əsaslanan yeni münasibətlər modelinin təşəbbüskarı və aparıcı qüvvəsi kimi çıxış edir. ABŞ da bu reallığı qəbul edir və Azərbaycanın artan rolunu xarici siyasət strategiyasının mühüm elementi kimi qiymətləndirir.

ABŞ Dövlət katibi Marko Rubionun açıqlamaları da bu reallığı təsdiqləyir. O qeyd edir ki, Vaşinqton beynəlxalq münaqişələrə daha praqmatik, nəticəyönümlü və realist yanaşmaq niyyətindədir. Azərbaycana münasibət də bu reallıqdan irəli gəlir. Bakı Qarabağ münaqişəsinin hərbi mərhələsini uğurla başa çatdırdıqdan sonra sülh gündəliyini irəli sürərək regionda uzunmüddətli sabitliyin təməlini qoyub. Bu baxımdan, Vaşinqton Sülh Sammiti mühüm siyasi hadisə kimi qiymətləndirilir. ABŞ-ın vasitəçiliyi ilə baş tutan görüş, sadəcə diplomatik jestlərlə kifayətlənmədi, konkret öhdəliklər və razılaşmalarla yadda qaldı. Bu fakt Azərbaycanın sülh təşəbbüslərinin beynəlxalq tərəfdaşlar tərəfindən dəstəkləndiyini və regionun gələcəyi ilə bağlı qərarların artıq yeni geosiyasi reallıqlar əsasında verildiyini göstərdi. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun ilk iclasının keçirilməsi isə münasibətlərin institusional əsaslar üzərində qurulduğunu təsdiqlədi.

ABŞ-ın yeni strateji baxışında TRIPP təşəbbüsünün mərkəzində məhz Azərbaycan dayanır. Amerika–Azərbaycan Ticarət Palatasında keçirilən dəyirmi masa müzakirələri Vaşinqtonun layihəyə ciddi marağını təsdiqləyir. Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahimin qeyd etdiyi kimi, mövcud siyasi impulsdan səmərəli istifadə etmək strateji baxımdan xüsusi əhəmiyyət daşıyır və region üçün yeni imkanlar açır.

Bəli, bu gün Azərbaycan ABŞ üçün həm geosiyasi, həm də geoiqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Region Avrasiya məkanında tranzit körpü rolunu oynayır və Rusiya və İran arasında yerləşməsi onu strateji cəhətdən qiymətli edir. Xəzər hövzəsinin zəngin enerji ehtiyatları isə Vaşinqtonun maraqlarını formalaşdıran əsas amillərdəndir. Bu səbəbdən ABŞ uzun illər bölgədə təhlükəsizlik, enerji və institusional islahatlar kimi prioritet sahələrə xüsusi diqqət ayırır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu qlobal səviyyədə qəbul olunur. Ölkəmiz qitənin etibarlı enerji təchizatçısına çevrilib və mövqeyini gündən-günə möhkəmləndirir.

Yeni əməkdaşlıq sahələri də sürətlə genişlənir. Enerji və təhlükəsizliklə yanaşı, rəqəmsal iqtisadiyyat, süni intellekt, yüksək texnologiyalar və “yaşıl enerji” Azərbaycanın strateji önəmli istiqamətlərinə çevrilir.

ABŞ-ın Mərkəzi Asiyaya artan marağı da Azərbaycanın strateji mövqeyini gücləndirir. Nadir torpaq metalları sahəsində Çin asılılığının azaldılması ehtiyacı Mərkəzi Asiya ilə əməkdaşlığı vacib edir və həmin regiona ən etibarlı çıxış yolu Azərbaycan üzərindən keçir. Beləliklə, Bakı yalnız nəqliyyat qovşağı deyil, həm də qlobal iqtisadi və texnoloji zəncirlərin mühüm halqasına çevrilir.

Eyni zamanda, Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı lider mövqeyi və Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələri də iki dövlət arasında bu prosesi sürətləndirir. Bu barədə “The National İnterest” nəşri yazıb. Bildirilir ki, C5 formatının C6-ya genişlənməsi və Azərbaycanın fəal iştirakı vahid regional baxışın formalaşdığını göstərir. ABŞ-ın C6+2 kimi daha geniş əməkdaşlıq mexanizmlərini nəzərdən keçirməsi isə Bakının mərkəzi rolunun beynəlxalq səviyyədə qəbul olunmasını göstərir.

Bütün bu reallıqlar fonunda ABŞ Konqresində 907-ci düzəliş məsələsinin yenidən gündəmə gəlməsi artıq onun öz aktuallığını itirdiyini göstərir. Bu düzəliş 1992-ci ildən bəri qüvvədə olmaqla, Azərbaycanla ABŞ arasında birbaşa hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığı ciddi şəkildə məhdudlaşdırıb. Lakin son illər Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan dinamik inkişaf, qarşılıqlı maraqlara əsaslanan strateji əməkdaşlıq və regionda təhlükəsizlik balansının yeni reallıqları bu düzəlişin tətbiqinin artıq aktual olmadığını göstərir.

Onun ləğvi yalnız simvolik əhəmiyyət daşımaqla kifayətlənməyəcək, eyni zamanda, Azərbaycan–ABŞ münasibətlərinin daha da dərinləşməsinə, qarşılıqlı etimadın möhkəmlənməsinə və iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın effektivliyinin genişləndirilməsinə xidmət edəcək. Bundan əlavə, 907-ci düzəlişin aradan qaldırılması ABŞ-ın regiondakı strateji maraqlarının daha geniş və çevik şəkildə həyata keçirilməsinə imkan yaradar, Amerikanın regiondakı mövqeyini gücləndirər və regional təhlükəsizlik arxitekturasında ABŞ-ın rolunu daha təsirli edərdi. Düzəlişin ləğvi həm Azərbaycan, həm də ABŞ üçün qarşılıqlı faydalı nəticələr doğurmaqla yanaşı, regional sabitliyin təmin olunmasına da mühüm töhfə verə bilər.

Beləliklə, Şərqlə Qərb arasında təhlükəsiz və dayanıqlı dəhlizin formalaşması, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması və Avrasiyada yeni iqtisadi-siyasi balansın yaranması birbaşa Azərbaycanın mövqeyi və təşəbbüsləri ilə bağlıdır. Vaşinqtonun Bakıya periferik tərəfdaş deyil, formalaşmış və məsuliyyətli strateji dövlət kimi yanaşması həm ABŞ-ın qlobal maraqlarına, həm də regionda sabit və proqnozlaşdırılan gələcəyin qurulmasına xidmət edir. Mövcud geosiyasi şərait göstərir ki, bu imkan pəncərəsi uzun müddət açıq qala bilməz, lakin Azərbaycanın bu fürsətdən maksimum faydalanmaq potensialı kifayət qədər güclüdür.

Tural İSMAYILOV,
politoloq

Müasir geosiyasi turbulentlik dövründə Azərbaycan, sadəcə, Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın strateji təhlükəsizlik və bağlantı arxitekturasının mərkəzi subyektinə çevrilib. Ağ Evin yeni administrasiyasının sülhməramlılığı prioritet seçməsi və Bakıya praqmatik yanaşması, Azərbaycanın öz gücü ilə yaratdığı yeni reallıqların Vaşinqton tərəfindən qəbul olunmasıdır. “Tramp marşrutu” (TRIPP) və Orta Dəhliz kimi qlobal layihələrin Bakı mərkəzli formalaşması göstərir ki, ölkəmiz Rusiyanı və İranı yan keçən ən təhlükəsiz və etibarlı logistik qovşaqdır.

Bu gün Azərbaycanın enerji təhlükəsizliyindəki həlledici rolu və Mərkəzi Asiyaya çıxış üçün yeganə qapı olması onu ABŞ-ın xarici siyasətində periferik tərəfdaşdan həlledici müttəfiq səviyyəsinə yüksəldir. C5+1 formatının Azərbaycanın iştirakı ilə C6 müstəvisinə transformasiyası, Türk Dövlətləri Təşkilatındakı liderlik və regional vasitəçilik missiyası Bakının diplomatik manevr imkanlarının miqyasını nümayiş etdirir.

Artıq proseslərin obyekti deyil, subyekti olan Azərbaycan, 907-ci düzəliş kimi köhnəlmiş maneələri tarixin arxivinə göndərməyə qadir olan yeni bir cazibə mərkəzidir. Suverenliyin tam bərpası ilə taclanan bu yol Bakını qlobal iqtisadi və texnoloji zəncirlərin ayrılmaz halqasına çevirib. Mövcud “imkan pəncərəsi” Azərbaycanın milli maraqlarını qlobal ambisiyalarla sintez edən uzaqgörən dövlətçilik fəlsəfəsinin parlaq zəfəridir.

Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
29
1
xalqqazeti.az

2Mənbələr