Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti
Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixində qəbul etdiyi Azərbaycanla bağlı qətnamə rəsmi olaraq insan hüquqları məsələsinə həsr olunsa da, sənədin özü hüquqi baxımından ciddi suallar doğurur. Hüquqşünaslar qeyd edirlər ki, plenar sessiyada qəbul olunan bu sənədin müstəqil hüquqi ekspertizası və ya yerində monitorinqə əsaslanması barədə məlumat yoxdur. Bu, “Avropa Parlamentinin öz mandatından kənara çıxaraq, faktiki olaraq, məhkəmə və istintaq orqanı funksiyasını mənimsəməsi” kimi qiymətləndirilir.
Qətnamədə Azərbaycanda, guya, dinc tənqidin və ictimai fəallığın cinayət əməli kimi dəyərləndirildiyi iddia olunur, milli təhlükəsizlik qanunvericiliyinin ifadə azadlığını və akademik araşdırmaları təhdid etdiyi vurğulanır. Bu kontekstdə Bəhruz Səmədov və İqbal Əbilovun “milli azlıq məsələləri üzrə tədqiqatları” misal göstərilir. Halbuki, adıçəkilən şəxslər milli mövzuda tədqiqat apardıqlarına görə deyil, milli separatizmi təşviq etdiklərinə, tarixi faktları düşmən ölkənin nəfinə saxtalaşdırdıqlarına, casusluq və xəyanətə görə təqsirli bilinib, “vətənə xəyanət” ittihamı ilə həbs ediliblər.
Nəzərə almaq lazımdır ki, təhlükəsizlik anlayışı beynəlxalq hüquqda legitim və tanınmış prinsipdir. BMT Nizamnaməsi, Avropa İnsan Hüquqları Konvensiyası və digər beynəlxalq sənədlər dövlətlərə milli təhlükəsizliyi, konstitusiya quruluşunu və dövlət sirrini qorumaq hüququ verir. Bu prinsiplər dünyanın bütün inkişaf etmiş ölkələrində tətbiq olunur. O kontekstdə yanaşsaq, qətnamədə adıçəkilən şəxslərlə bağlı “siyasi məhbus” ifadəsinin işlənməsi hüquqi baxımdan əsassızdır. Onlar siyasi baxışları və ya etnik mənsubiyyətinə görə deyil, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunublar. Dövlətə xəyanət, xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq, milli təhlükəsizliyə qarşı fəaliyyət kimi ittihamlar heç bir ölkədə “akademik azadlıq” anlayışı ilə əsaslandırılmır.
Qətnamədə siyasi manipulyasiya elementləri
Avropa Parlamentinin qətnaməsi siyasi xarakter daşıyır. Qətnamədə AXCP sədri Əli Kərimlinin “azad edilməsinə” dair çağırışlar səsləndirilir. Dövlət çevrilişinə təşəbbüsdə şübhəli bilinən, istintaqı aparılan bir şəxsin sorğu-sual bitməmiş sərbəst buraxılması hansı hüquqi prosedura əsaslanır? İstintaq bitəcək, yekun qərar veriləcək, sonra prosesə qiymət veriləcək. İstintaq prosesi bitmədən Avropa Parlamentinin bu prosesə qatılması ciddi suallar doğurur. Avropa Parlamentinin bu cür çağırışları faktiki olaraq hüququn aliliyinə deyil, siyasi məqsədə xidmət edir.
Qətnamənin sanksiyalarla hədələmə ritorikası da beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir. Avropa İttifaqının Qlobal İnsan Hüquqları Sanksiyalar Rejimi yalnız beynəlxalq səviyyədə sübut olunmuş, müstəqil məhkəmə qərarları ilə təsdiqlənmiş faktlar əsasında tətbiq edilə bilər. Subyektiv qətnamələr və birtərəfli məlumatlar əsasında sanksiya çağırışları beynəlxalq hüququn legitimliyinə zərbə vurur, Avropa Parlamentini siyasi təzyiq alətinə çevirir.
İkili standartlar, qərəzli yanaşma
Avroparlamentin qətnaməsi ikili standartların növbəti nümunəsidir. Sənəddə Azərbaycanın suveren hüquqları, ərazi bütövlüyü və təhlükəsizlik maraqları nəzərə alınmır. Ermənistanın uzun illər Azərbaycan ərazilərini işğal altında saxlaması, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi, mədəni irsin məhv edilməsi faktları Avropa Parlamenti tərəfindən heç vaxt ciddiyə alınmayıb. Bir milyondan çox insanın acınacaqlı taleyi görməzdən gəlinib. İnsan haqları anlayışı məcburi köçkün statusunda olan azərbaycanlılara tətbiq edilməyib. Əgər Azərbaycan dövləti və xalqı Avroparlamenti bu qədər maraqlandırırdısa, nə üçün milyon nəfərlik insanın haqlarının pozulması onların diqqətini çəkmirdi? Bu hüquqi əsasların qurum tərəfindən nəzərə alınmaması beynəlxalq hüquqa selektiv yanaşmanın bariz nümunəsidir.
Aydın şəkildə hiss olunur ki, qətnamədə yer alan ittihamların əksəriyyəti hüquqi sübutlara deyil, birtərəfli mənbələrə və müəyyən lobbi qruplarının təsirinə əsaslanır. Xüsusilə radikal erməni lobbilərinin Avroparlamentdə Azərbaycana qarşı formalaşdırdığı informasiya mühiti sənədin qərəzli mahiyyətini ortaya qoyur. Bu cür qətnamələr regionda sülhün və sabitliyin möhkəmlənməsinə deyil, gərginliyin qorunmasına xidmət edir.
Avroparlamentin anti-Azərbaycan mövqeyinin səbəbləri
Son illər Avroparlamentin Azərbaycanla bağlı qəbul etdiyi bəyanat və qətnamələrdə ardıcıl şəkildə qərəzli, birtərəfli və selektiv yanaşma sərgiləməsi nə Avropa İttifaqının rəsmi xarici siyasət xəttinə, nə də Aİ-yə üzv ölkələrin Azərbaycanla qurduqları münasibətlərə uyğun gəlir. Mövcud ziddiyyətlər göstərir ki, bu qurumda formalaşan anti-Azərbaycan yanaşma institusional mövqedən deyil, ayrı-ayrı lobbi qruplarının təsirindən qaynaqlanır.
Anti-Azərbaycan bəyanatların hazırlanmasında əsas rol Avropa Parlamentində fəaliyyət göstərən qeyri-rəsmi “Ermənistanla dostluq qrupu”nun üzvlərinə məxsusdur. Sözügedən sənədlər parlamentin adından yayımlansa da, onların müəllifləri eyni siyasi çevrəyə daxil olan məhdud sayda deputatlardır. Bu qrup Azərbaycan–Ermənistan münasibətlərinə dair mövcud beynəlxalq hüquqi reallıqları nəzərə almır.
Avropa Parlamentindəki qərəzli mövqenin formalaşmasında erməni diaspor təşkilatlarının və lobbi şəbəkələrinin xüsusi rolu var. “Ədalət və Demokratiya Naminə Ümumavropa Erməni Federasiyası” (EAFJD) bu istiqamətdə aparıcı strukturlardan biri kimi çıxış edir. Sözügedən təşkilat Avroparlamentin müəyyən üzvləri ilə sıx və davamlı əlaqələr quraraq, onların siyasi mövqelərinə təsir göstərir, bəyanat və təşəbbüslərin koordinasiyasında fəal iştirak edir.
EAFJD rəhbərliyində təmsil olunan şəxslər ətrafında formalaşan şəbəkə klassik diplomatik lobbiçilikdən kənara çıxaraq, qeyri-şəffaf maliyyə, şəxsi maraqlar və qarşılıqlı asılılıq mexanizmləri üzərində qurulmuş təsir modelini xatırladır. Xüsusilə qitənin kiçik dövlətlərində yaradılan lokal təsir imkanları sonradan Avropa strukturlarına çıxış üçün tramplin kimi istifadə olunur.
Digər mühüm amil Avroparlamentin institusional zəifliyi və lobbi qruplarına açıq olmasıdır. Bir sıra hallarda deputatlar xarici münaqişələrdən daxili siyasi dividendlər, maliyyə və ya diaspor dəstəyi əldə etmək məqsədilə istifadə edirlər. Bu isə Aİ-nin Xarici Fəaliyyət Xidmətinin daha balanslı və ehtiyatlı mövqeyi ilə parlamentin emosional və populist yanaşması arasında ciddi fərqlər yaradır. Avropa Parlamentinin anti-Azərbaycan mövqeyi ümum-Avropa maraqlarını əks etdirmir.