AZ

Müasir Azərbaycan dövlətçiliyinin memarı, qlobal miqyasda söz sahibi olan LİDER

“Müasir Azərbaycan tarixinin ən mühüm mərhələsi Prezident İlham Əliyevin adı və çoxşaxəli fəaliyyəti ilə sıx bağlıdır”. 

Bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva “Cebheinfo.az”-a açıqlamasında deyib. 

O bildirib ki, İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müstəqil, güclü və öz gələcəyini özü müəyyən edən bir dövlət kimi formalaşmış, regionda və beynəlxalq aləmdə etibarlı tərəfdaş, qətiyyətli mövqe nümayiş etdirən ölkəyə çevrilib: 

“Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsasını milli maraqlara sadiqlik, strateji düşüncə, ardıcıl islahatlar və xalqına söykənən idarəetmə modeli təşkil edir. Bu model Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, ictimai-siyasi sabitliyin təmin olunmasına və uzunmüddətli inkişaf strategiyasının uğurla reallaşdırılmasına imkan yaratmışdır. 

“Cəmiyyətin bütün təbəqələri ilə dialoq, ictimai rəyin nəzərə alınması və vətəndaş məmnunluğunun təmin edilməsi Prezident siyasətinin əsas məqsədlərindən birinə çevrilmişdir. İqtisadi inkişaf və strateji islahatlar Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanın müstəqilliyini möhkəmləndirən əsas amillərdən biridir. 

Enerji sektorunda əldə olunan uğurlar iqtisadiyyatın lokomotivi rolunu oynamaqla yanaşı, qeyri-neft sektorunun inkişafına yönəldilmiş genişmiqyaslı islahatlara möhkəm zəmin yaradıb. Sənaye parklarının və aqroparkların yaradılması, sahibkarlığın dəstəklənməsi, ixrac potensialının artırılması, rəqəmsal iqtisadiyyatın inkişafı ölkənin iqtisadi strukturunu diversifikasiya etmişdir. 

Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Azərbaycanın ən ucqar kəndlərinə qədər infrastruktur layihələri həyata keçirilmiş, balanslı regional inkişaf təmin olunmuşdur. Sosial rifah və humanist siyasət Prezident İlham Əliyevin fəaliyyətində sosial siyasət xüsusi yer tutur. 

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əməkhaqlarının və pensiyaların artırılması, aztəminatlı ailələrə dövlət dəstəyinin genişləndirilməsi sosial ədalət prinsipinin real tətbiqidir”. 

Həmsöhbətimiz qeyd edib ki, şəhid ailələri və qazilərə göstərilən xüsusi diqqət və qayğı, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tibbi və sosial təminatının gücləndirilməsi Prezidentin dövlətin vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir: 

“Təhsil və səhiyyə sahəsində aparılan islahatlar isə insan kapitalının inkişafına yönəlmiş strateji addımlar kimi çıxış edir. Prezident İlham Əliyevin xarici siyasəti müstəqillik, balans və milli maraqlar prinsipinə əsaslanır. Azərbaycan heç bir güc mərkəzindən asılı olmayan, öz mövqeyini açıq və qətiyyətlə ifadə edən dövlət kimi tanınır. 

Ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığı, regional təhlükəsizlik və enerji layihələrində fəal iştirakı Azərbaycanın geosiyasi əhəmiyyətini artırmışdır. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, həm də mühüm nəqliyyat, logistika və diplomatik dialoq mərkəzinə çevrilib”. 

Tarixi Zəfər  - milli iradənin təntənəsi, Prezident İlham Əliyevin fəaliyyətinin ən parlaq və tarixi səhifəsi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə bağlıdır:

“Onun Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi, siyasi iradəsi və diplomatik ustalığı nəticəsində Azərbaycan xalqı uzun illər gözlədiyi ədalətə qovuşmuşdur. Bu Zəfər yalnız hərbi uğur deyil, eyni zamanda milli birliyin, güclü dövlətin və sarsılmaz liderliyin nəticəsi kimi tarixə düşmüşdür. 

Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri – yollar, hava limanları, yaşayış məntəqələri, mədəni və dini abidələrin bərpası – gələcəyə hesablanmış strateji baxışın göstəricisidir”. 

Jalə Əliyeva diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, xalqın rifahının yüksəldilməsi və ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi ilə xarakterizə olunur: 

“Onun rəhbərliyi altında Azərbaycan güclü iqtisadiyyata, müasir orduya, müstəqil siyasətə və sağlam cəmiyyətə malik dövlət kimi inkişaf edir. Bu fəaliyyətin əsasında bir əsas prinsip dayanır: 

güclü dövlət – güclü xalq – güclü gələcək. Prezident İlham Əliyevlə birlikdə gələcəyə inamla irəlilədiyimiz yol daim açıq və uğurlu olsun”.

Seçilən
29
cebheinfo.az

1Mənbələr