AZ

Bakı, Sumqayıt və Saray qəsəbəsində kirayə mexanizmi çərçivəsində verilən mənzillərin sayı açıqlanıb

Bu ilin ötən dövründə satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun Saray qəsəbəsində 2 796 tam təmirli mənzil vətəndaşların ixtiyarına verilib.

"Far.Az" xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kirayə Mənzil Departamentinin direktor müavini Aslan Zeynalov bildirib.

Onun sözlərinə görə, sonuncu dəfə dekabrın 15-də Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində 1, 2 və 3 otaqlı 188 tam təmirli mənzil təklif olunub.

A.Zeynalov vurğulayıb ki, satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində şəffaflığı və vətəndaşların rahatlığını təmin etmək məqsədilə müraciətlərin qəbulundan tutmuş mənzil seçiminə qədər bütün proses avtomatlaşdırılıb və Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) portalına inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət Sistemi üzərindən həyata keçirilir.

Xatırladaq ki, təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, məktəb, uşaq bağçası, nəqliyyat və digər zəruri sosial infrastruktur obyektlərə yaxın ərazilərdə 2013-cü ildən sonra inşa edilmiş yaşayış komplekslərində yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb.

İndiyədək əhaliyə Bakı, Sumqayıt və Xırdalan şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda satmaq öhdəliyi ilə kirayə mənzillər təklif edilib. Ümumilikdə, 2020-ci ildən, kirayə mənzil mexanizminin tətbiqinə başlandıqdan bəri 9053 kirayə müqaviləsi bağlanılıb. Mexanizmdən yararlananların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.

Seçilən
55
4
far.az

7Mənbələr