AZ

Azərbaycan regional və qlobal miqyasda söz sahibinə çevrilib

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Müasir dövrdə dövlət idarəçiliyinin əsas göstəricilərindən biri liderin sözünə sadiqliyi və verdiyi vədlərin real nəticələrlə təsdiqlənməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti məhz bu baxımdan ardıcıl və prinsipial idarəçilik nümunəsi kimi dəyərləndirilir. Onun rəhbərliyi ilə Azərbaycan yalnız daxili sabitliyini möhkəmləndirməklə kifayətlənməyib, eyni zamanda regional və qlobal proseslərə təsir göstərən güclü aktora çevrilib. Dövlət başçısının hər bir çıxışı, strateji bəyanatı konkret addımlarla və real nəticələrlə tamamlanıb ki, bu da cəmiyyətin ona olan etimadını daha da gücləndirib.

Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsinin mərkəzində milli maraqların qorunması və müstəqil siyasət dayanır. O, fəaliyyətinin ilk illərindən etibarən Azərbaycanın yalnız öz gücünə arxalanaraq inkişaf etməli olduğunu bəyan edib və bu xətt illər ərzində ardıcıl şəkildə həyata keçirilib. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə və sonrakı mərhələdə həyata keçirilən antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu hadisələr Prezidentin illərlə səsləndirdiyi prinsipial mövqenin əməli təsdiqi oldu və regionda yeni siyasi reallıq formalaşdırdı.

Güclü dövlət modelinin əsas dayaqlarından biri olan güclü ordu Prezident İlham Əliyevin siyasətində prioritet istiqamət kimi müəyyən edilib. Ordu quruculuğuna yönələn sistemli islahatlar, müasir texnologiyaların tətbiqi və hərbi potensialın gücləndirilməsi nəticə etibarilə Azərbaycanın hərbi qüdrətini ən yüksək səviyyəyə çatdırdı. Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə tarixi ədaləti bərpa etdi və ölkənin beynəlxalq hüquqa əsaslanan mövqeyini faktiki reallığa çevirdi.

Prezident İlham Əliyevin sözlə əməl birliyini nümayiş etdirən mühüm istiqamətlərdən biri də qlobal təşəbbüslərdir. Onun Qoşulmama Hərəkatına sədrlik etdiyi dövrdə təşkilatın nüfuzu əhəmiyyətli dərəcədə artdı. Xüsusilə COVID-19 pandemiyası zamanı dövlətlərin təcrid olunduğu bir şəraitdə Prezident İlham Əliyevin həmrəyliyə, bərabərliyə və humanizmə çağırışları beynəlxalq aləmdə yüksək qiymətləndirildi. BMT Baş Assambleyasının pandemiyaya həsr olunmuş xüsusi sessiyasının çağırılması, onlarla ölkəyə humanitar yardım göstərilməsi Azərbaycanın qlobal məsuliyyət daşıyan dövlət olduğunu nümayiş etdirdi.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasında enerji siyasəti də mühüm rol oynayır. Prezident İlham Əliyevin müəllifi olduğu strateji enerji layihələri ölkəmizi regionun əsas enerji mərkəzlərindən birinə çevirib. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu daha da artırıb. Eyni zamanda “yaşıl enerji” sahəsində atılan addımlar ölkənin gələcəyə hesablanmış inkişaf strategiyasının tərkib hissəsidir və bu istiqamətdə xarici investorların artan marağı Prezidentin sözünə olan beynəlxalq etimadın göstəricisidir.

Prezident İlham Əliyevin şəxsi nüfuzu və sözünə sadiqliyi aparıcı dünya dövlətlərinin münasibətində də açıq şəkildə özünü göstərir. ABŞ-la münasibətlərin yeni mərhələyə yüksəlməsi, strateji tərəfdaşlıq mexanizmlərinin formalaşdırılması, eləcə də uzun illər tətbiq olunan 907-ci düzəlişin dayandırılması Azərbaycan liderinin qətiyyətli və ardıcıl diplomatiyasının nəticəsidir. Dövlət başçısına göstərilən yüksək hörmət, onun fikirlərinə verilən önəm Prezident İlham Əliyevin qlobal miqyasda qəbul olunan siyasi lider olduğunu təsdiqləyir. Məhz bu səbəbdən onun sözü bu gün həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə etibarlı siyasi mövqeyə çevrilib.

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
sesqazeti.az

1Mənbələr