ain.az bildirir, Azvision portalına istinadən.
AzVision.az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudin Qurbanov Bakıda keçirilən Azərbaycan Din Xadimlərinin İkinci Forumunda söyləyib. O bildirib ki, texnologiyanın inkişafı təkcə din sahəsinə yox, cəmiyyətin bütün sahələrinə müəyyən dərəcədə təsir göstərir. "Əvvəllər insanlar informasiyanı televiziya və mətbuat vasitəsilə alırdı. Hazırda isə hamının internetə çıxışı var. Azərbaycanda bütün məktəblərdə internet var. Elə kənd yoxdur ki, orada internet şəbəkəsi qurulmasın. Müasir texnologiyalar hər sahədə çox geniş imkanlar yaradır. Bir çox məlumatla yanaşı din haqqında məlumatları da almaq asanlaşıb. Burada süni intellektin də rolu böyükdür. Belə bir şəraitdə uşaqları onların inkişafına mənfi təsir göstərən informasiyalardan qorumaq çox vacibdir. Məsələn, İngiltərə və Fransada 14 yaşına, Ukraynada 16 yaşınadək uşaqlara internetə giriş məhdudlaşdırılıb". Firudin Qurbanov vurğulayıb ki, orta və ali məktəblərdə dinlə əlaqədar bağlı lazimi məlumatlar şagirdlərə, tələbələrə çatdırılır: "Uşaqlara düzgün istiqamət vermək lazımdır ki, yaxşını pisdən, savabı günahdan ayırsınlar. Təhsil sisteminin, cəmiyyətin və ailənin qarşısında duran əsas vəzifə budur. Əlbəttə, dini təbliğatın təhsil sistemində aparılması düzgün deyil. Məktəblərdə din mövzusunda məlumatların müxtəlif fənlər üzrə tədrisi aparılır. Burada əsas məqsədimiz milli-mənəvi və əxlaqi dəyərlərin aşılanması olmalıdır". Nazir müavininin sözlərinə görə, cəmiyyətdə hər bir inanc azad, insanların dinlərini dəyişmək hüquqları sərbəst olmalıdır: "Azərbaycan dünyəvi dövlətdir, insanlarımız azaddırlar. Ölkəmizdə müxtəlif dinlərə hörmətlə yanaşılır. Bu çərçivədə Bakı şəhərinin mərkəzində erməni kilsəsini də qoruyub saxlamışıq. Bu, tolerantlığımızdan xəbər verir". AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.