AZ

Azərbaycanın uğurlarının memarı: İlham Əliyevə doğum günü təbriki

Azərbaycanın siyasi mühiti və beynəlxalq arenada mövqeyi Prezident İlham Əliyevin fəaliyyəti ilə birbaşa bağlıdır. Onun rəhbərliyi altında ölkə həm daxili sabitliyi, həm də xarici siyasətdə çevik və balanslaşdırılmış strategiyanı qoruyub saxlayır. İlham Əliyevin liderliyi yalnız siyasi və iqtisadi sahələrdə deyil, eyni zamanda milli maraqların qlobal səviyyədə müdafiəsi baxımından da diqqətəlayiqdir. Bu kontekstdə Prezidentin doğum günü, təkcə fərdi bayram deyil, həm də Azərbaycanın uğurlarının, beynəlxalq nüfuzunun və diplomatik strategiyasının təcəssümü kimi dəyərləndirilir.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev Editor.az-a bildirib ki, Prezident İlham Əliyevin fəaliyyətinə obyektiv qiymət vermək üçün dərin elmi və sistemli fəlsəfi təhlil tələb olunur:

“İlham Əliyev şəxsiyyətini, onun Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərini sadalamaq üçün zaman azdır. Mənim fikrimcə, cənab Prezident ilk növbədə mümkün olmayanı mümkün edən, kiçik bir ölkəni beynəlxalq münasibətlər sistemində aktiv aktora çevirən böyük liderdir. Qlobal güclərin yeni dünya nizamını formalaşdırmağa çalışdığı, güc siyasətinin üstünlük təşkil etdiyi mürəkkəb dövrdə dövlət maraqlarımızı bu güclərin maraqları ilə ustalıqla uzlaşdırmağı bacaran və milli təhlükəsizliyi etibarlı şəkildə təmin edən nadir siyasi liderlərdəndir. Dövlət maraqlarımızın qlobal güclərlə toqquşduğu kritik məqamlarda sərt mövqe nümayiş etdirərək, diplomatiyanın və qətiyyətin simvoluna çevrilmişdir”.

Deputat əlavə edib ki, Prezident İlham Əliyev dünyanın əsas güc mərkəzləri, o cümlədən ABŞ və Çin kimi dövlətlərin liderləri ilə dostluq və əməkdaşlıq münasibətləri qurmaqla, onların rəğbətini qazanmaqda yüksək diplomatik məharət nümayiş etdirir:

“Torpaqlarını işğaldan azad edən ölkənin qalib dövlət başçısı kimi müstəqil və tərəfsiz siyasət yürütməsi Prezident İlham Əliyevə dünya səviyyəsində siyasi nüfuz və divident qazandırmışdır. Xarici səfərlərdə və beynəlxalq tədbirlərdə dövlət başçımızın təntənəli qarşılanması, təklif və fikirlərinə ciddi yanaşılması onun liderliyinin göstəricisidir. Bu, hər bir azərbaycanlının qürur hissi ilə yaşadığı bir faktdır. Xalqımız öz lideri ilə fəxr edir. Bu münasibətlə cənab Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı və şərəfli işlərində yeni uğurlar arzulayıram”.

 

//Gülnarə Abasova, Editor.az

Seçilən
77
editor.az

1Mənbələr