Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında həlak olan liviyalı hərbçilərin adlarını açıqlayıb.
"Report" xəbər verir ki, məlumata əsasən, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Həddad, Quru Qoşunlarının komandanı, general-leytenant Futuri Qribel, Hərbi Zavodlarının direktoru, briqada generalı Mahmud Cuma əl-Giteyvi, Baş Qərargah rəisinin müşaviri Məhəmməd Assavi və fotoqraf Məhəmməd Omar Əhməd Mahcuba həlak olub.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülərin adından Liviyaya başsağlığı verilib.
Türkiyədə qəzaya uğrayan və göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd əl-Həddadın da olduğu "Falcon 50" təyyarəsinin qara qutusu tapılıb.
"Report" xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya jurnalistlərə açıqlamasında danışıb.
O bildirib ki, saat 02:45-də təyyarəyə məxsus səs qeydiyyat cihazı, 03:20-də isə "qara qutu" tapılıb və onların araşdırılmasına başlanılıb.
"Liviya Müdafiə Nazirliyi tərəfindən göndərilən və içərisində həlak olanların yaxınlarından 5 nəfərin də daxil olduğu 14 nəfərlik heyət, eləcə də Liviya Daxili İşlər Nazirliyi tərəfindən göndərilən 8 nəfərlik heyət Ankaraya gəlib. Bu faciəvi qəza ilə əlaqədar Liviya hökumətinə və xalqına dərin hüznlə başsağlığı verirəm. Araşdırmalar davam edir və detallar müəyyənləşdikcə ictimaiyyətlə bölüşüləcək", - Türkiyə DİN başçısı vurğulayıb.
Xatırladaq ki, Ankaradan Tripoliyə uçan "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə dekabrın 23-ü saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb, lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb və bir müddət sonra təyyarənin qəzaya uğradığı məlum olub.