AZ

Baş katib: Yapon döyüş növlərinə maraq artır, hər il bir pillə irəliləyirik

Bakı, 24 dekabr, AZƏRTAC

Assosiasiyamıza daxil olan idman növləri - ciu-citsu, aykido, sumo qeyri-olimpiya növləri olsa da, ölkədə geniş populyarlıq qazanıb. Yeni ildə məqsədimiz hər sahədə mövcud mövqedən ən azı bir pillə irəliləməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov 2025-ci ilin yekunlarına dair fikirlərini bölüşərkən deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycan sumosu üçün əlamətdar hadisələrlə yadda qalıb: “Sumoda nəticələri təkcə medallarla ölçmürük. Bu il ilk dəfə Azərbaycan "Osaka Sumo Expo"da təmsil olundu. Tarixdə ilk dəfə Azərbaycan sumoçusu Yaponiya universitetləri arasında keçirilən çempionatda iştirak etdi və hətta yapon rəqibinə qalib gəldi. Bu və digər amillər göstərir ki, ötən illə müqayisədə Azərbaycan sumosu bir pillə irəliləyib”.

Baş katib gələn il Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının əhəmiyyətinə də toxunub: “Bu yarış təkcə idmanın inkişafına deyil, Azərbaycan-Yaponiya münasibətlərinə də müsbət təsir göstərəcək. Belə mötəbər turnirə ev sahibliyi etməyimiz ölkəmizin beynəlxalq nüfuzunun və dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir. Elə bu siyasətin bəhrəsidir ki, Bakı 2026-cı il üçün “dünyanın idman paytaxtı” elan olunub”.

Yeni ilə dair planlardan danışan E. Kərimov hər il bir addım irəliləməyin əsas hədəf olduğunu bildirib: “Bu məqsədlə müəyyən işlərin həyata keçirilməsi planlaşdırılıb. Bildiyiniz kimi, assosiasiyamızın tərkibində yer alan idman növləri qeyri-olimpiya növləri olsa da, ölkəmizdə olduqca populyardır. Əhali arasında ən çox tanınan və maraq göstərilən idman növləri ciu-citsunun bütün mövcud növləri və üslubları, aykido və sumodur. Hazırda bu növlər inkişaf mərhələsindədir. Gələn il isə kendo üzrə yüksək dərəcəli usta Masanori Yasueni ikinci dəfə seminar keçirmək məqsədilə Yaponiyadan Azərbaycana dəvət etməyi planlaşdırırıq”.

Seçilən
30
1
azertag.az

2Mənbələr