AZ

WUF13-də urbanizasiyanın inkişafı şəraitində aktual olan bir sıra məsələlərin müzakirəsi gözlənilir

Bakı, 24 dekabr, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçirilməsi ərəfəsində şəhərlərimizin baş planları hazırlanır və bu baş planlar əsasında regionlarımız planlı şəkildə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunda urbanizasiyanın inkişafı şəraitində aktual olan bir sıra məsələlərin müzakirəsi gözlənilir.

“Bunlardan ən əsası mənzil problemləri ilə bağlı məsələlərdir. Bir sıra inkişaf etməkdə olan ölkələrdə bu problemlər daha qabarıq nəzərə çarpır. Azərbaycanın bu istiqamətdə həm böyük təcrübəsi, həm də böyük uğurları var. İşğaldan azad olunmuş ərazilərdə çox qısa bir zamanda yüzlərlə yaşayış məntəqəsinin planlaşdırma sənədləri hazırlanıb və həmin ərazilərə əhalimizin qayıdışı davam edir”,- deyə o bildirib.

İ.İsbatov diqqətə çatdırıb ki, həmçinin 12 şəhərin planlaşdırma sənədləri əsasında həmin şəhərlər yenidən qurulur: “Çox qısa bir dövr üçün hazırlanmış və icra olunan bu nümunə məncə, misilsiz bir nümunədir. Biz tədbir zamanı dünyanın müxtəlif ölkələrindən gəlmiş mütəxəssislərlə öz təcrübəmizi bölüşəcəyik”.

Seçilən
37
azertag.az

1Mənbələr