1-ci Liqanın lideri "Şəfa" 11-ci turunda öz meydanında MOİK-ə 1:3 hesabı ilə uduzan "Zaqatala"ya legioner limitini pozduğu üçün texniki məğlubiyyət verildi. Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb yanlışlığa yol vermələrinin səbəbini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Habibu Abdurəşid 53-cü dəqiqədə qırmızı vərəqə alandan sonra yerli futbolçu Roini İsmayılovu digər legioner Matondo Lumbu Preddi ilə əvəzlədik. Legioner limitinin 8+3 olduğunu təbii ki, bilirik. Amma həmin vaxt çaşqınlıq yarandı. Çünki əsasnamədə bu məqam ətraflı şəkildə izah olunmayıb. Texniki məğlubiyyətin səbəbi bir qarşılaşmada 4 legionerin meydana çıxmasıdır. Başqa sözlə, eyni vaxtda yerlilərin sayının 8 yox, 7 olması bu cəzanın verilməsi ilə nəticələndi.
Əslində, dəyişikliyi etməmişdən əvvəl hən 4-cü hakimdən (Ruslan Quliyev), həm AFFA nümayəndəsindən (Mübariz Hüseynov) yerlini legionerlə əvəzləməyin qayda pozuntusu olub-olmadığını soruşduq, onlar da bilmədilər. Hakim-inspektor isə yuxarıda klubun prezidenti Şaban Şirdanovun yaxınlığında idi. O da konkret nəsə demədi. Onları suçlamaq niyyətindən uzağam.
Günahı kiminsə üstünə atmırıq. Dediyim budur ki, belə bir kuryoz vəziyyət yarandı. Problem maarifləndirmədədir. Yəni əsasnamədə yazılanların bəzilərini ətraflı izah etmək də lazımdır. Bu, ümumi problemdir. Uduzduğumuzu nəzərə alsaq, texniki məğlubiyyəti faciə saymırıq. Amma qalib gəlsəydik, hər şey başqa cür olacaqdı".
Nihat