AZ

"İlham Əliyevin siyasəti Azərbaycanı regional gücə çevirdi" - Deputat

"Prezident İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlişi Azərbaycan üçün mühüm tarixi mərhələ oldu. Postsovet məkanında müstəqillik qazanan ölkə qarşısında çoxsaylı çətinliklər dururdu: iqtisadi böhran, Dağlıq Qarabağ münaqişəsi, işğal altında olan ərazilər, daxili siyasi qeyri-sabitlik və beynəlxalq aləmdə zəif mövqe. Son iki onillikdə həyata keçirilən siyasət bu çağırışlara cavab vermək üzərində qurulub".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Prezident İlham Əliyevin fəaliyyəti haqqında danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirdi.

Onun sözlərinə görə, Xəzər dənizinin neft-qaz ehtiyatlarının beynəlxalq bazarlara çatdırılması üçün yaradılan infrastruktur Azərbaycanın iqtisadi inkişafının təməlini təşkil edib:

“Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri (2006) ilk dəfə Xəzər neftinin Rusiyanı yan keçməklə Qərbə çatdırılmasını mümkün etdi. Bakı-Tbilisi-Ərzurum (Cənub Qafqaz Boru Kəməri) (2007) Azərbaycan qazının Gürcüstan və Türkiyəyə ixracını reallaşdırdı. Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Boru Kəməri (TANAP) (2020) vasitəsilə isə Azərbaycan qazının birbaşa Avropa bazarına çıxışı mümkün oldu, “Cənub Qaz Dəhlizi” layihəsi tamamlandı. Bu layihələr Azərbaycanı regional enerji təchizatçısına çevirdi və Avropanın enerji təhlükəsizliyi strategiyasında əhəmiyyətli oyunçu etdi. 2022-ci ildə Rusiya-Ukrayna münaqişəsindən sonra Azərbaycan qazının Avropa üçün əhəmiyyəti daha da artdı.

Neft gəlirlərindən asılılığın azaldılması məqsədilə bir sıra sahələrə investisiya yönəldilib. Subsidiyalar, güzəştli kreditlər və müasir texnologiyaların tətbiqi vasitəsilə kənd təsərrüfatı məhsullarının istehsalı artırılıb. Ərzaq təhlükəsizliyi prioritet istiqamətə çevrilib. Qobustan, Şəki, Qəbələ, Şahdağ, həmçinin Xəzər sahili boyunca turizm infrastrukturunun yaradılması, Bakıda Formula-1 yarışları, Avropa Oyunları (2015), İslam Həmrəylik Oyunları kimi beynəlxalq tədbirlərin keçirilməsi ölkənin turizm potensialını nümayiş etdirib. Bakı “Qafqazın Silikon Vadisi” kimi tanıdılmaq istəyi ilə rəqəmsal iqtisadiyyatın inkişafına yönəlib. ASAN xidmət mərkəzləri, e-hökumət sistemləri, rəqəmsal innovasiya mərkəzlərinin yaradılması bu strategiyanın tərkib hissəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu (2017) Çin-Avropa nəqliyyat marşrutunun tərkib hissəsi kimi Orta Asiya-Qafqaz-Türkiyə-Avropa əlaqəsinin yaradılmasını təmin etdi. Şimal-Cənub Nəqliyyat Dəhlizi Rusiya, İran və Hindistan arasında yük daşımalarında Azərbaycanın tranzit rolunu artıracaq”.

Millət vəkili əlavə etdi ki, Zəngəzur dəhlizi 2020-ci il münaqişəsindən sonra Naxçıvan Muxtar Respublikası ilə əsas ərazini birləşdirəcək nəqliyyat əlaqəsinin bərpası planı artıq reallaşmaq üzrədir.

“Vaşinqton razılaşmaları bunu daha da real edir. Ən gec 2028-ci ilə qədər bu layihə işə düşəcək. 1988-1994-cü illər arasında baş vermiş müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon Ermənistan silahlı qüvvələrinin nəzarəti altına keçdi. Təxminən 1 milyon azərbaycanlı öz evlərindən köçürüldü, minlərlə insan həlak oldu. 2020-ci il sentyabr-noyabr aylarında baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazilərinin əhəmiyyətli hissəsini nəzarət altına aldı, Şuşa şəhəri azad edildi, Rusiya sülhməramlıları bölgəyə yerləşdirildi və üçtərəfli bəyanatla atəşkəs elan olundu. 2023-cü ildə isə suverenlik tam bərpa edildi. Azərbaycan bayrağı Xankəndi, Xocalı və Xocavənddə dalğalanmağa başladı. Müasir pilotsuz uçuş aparatları (PUA), dəqiq zərbə sistemləri və koordinasiyalı hücumlar Azərbaycan Ordusunun texnoloji üstünlüyünü nümayiş etdirdi. 2020-ci ildən sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri başladı. Minalardan təmizlənmə (hələ də davam edir), yolların, körpülərin və infrastrukturun bərpası, “Yaşıl enerji” zonası konsepsiyası, Şuşanın mədəni paytaxt elan edilməsi, Füzuli, Zəngilan və Laçında hava limanlarının inşası çox böyük layihələr hesab olunur. Əldə edilən bütün uğurların mərkəzində Prezident İlham Əliyevin qətiyyətli mövqeyi və əzmkar fəaliyyəti durur”, - deyə Naqif Həmzəyev yekunlaşdırdı.

Nuriyyə NATİQQIZI

Seçilən
15
1
redaktor.az

2Mənbələr