Bakı, 24 Oktyabr, AZƏRTAC
Rəqəmsallaşmanın müsbət tərəfləri olduqca çoxdur. Xüsusilə uşaqlar və gənclər ehtiyac duyduqları məlumatları süni intellekt vasitəsilə sürətlə toplaya bilirlər. Lakin informasiya bolluğu gəncləri çox vaxt dilemma qarşısında qoyur və düzgün seçimi çətinləşdirir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda keçirilən paneldə deyib.
İcraçı direktor müasir texnologiyaların inkişaf sürəti ilə ayaqlaşmağın və onların mənfi təsirlərinə qarşı mübarizə aparmağın kifayət qədər çətin bir məsələ olduğunu bildirib. "Biz hələ də həcmli kitablar vasitəsilə gəncləri maarifləndirməyə çalışsaq da, müasir dövrün tələbləri fərqlidir. Artıq informasiyanı onlara daha yığcam, anlaşıqlı və maraqlı formatlarda çatdırmağın yollarını tapmalıyıq", - deyə o əlavə edib.
Cəmiyyətimizin informasiya təhlükəsizliyini təmin etmək və ötürdüyümüz məlumatların doğruluğunu qorumağın bu gün ən vacib amillərdən biri olduğunu diqqətə çatdıran Rəvan Həsənov bildirib ki, ölkəmizdə mövcud olan multikultural dəyərlər statik qalmamalı, zamanın tələblərinə uyğun inkişaf etməlidir. "Bu səbəbdən növbəti illərdə Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində tədris metodikasının yenilənməsinin və daha operativ formaya salınmasının faydalı olacağını düşünürük", - deyə icraçı direktor qeyd edib.