AZ

Göydəniz Qəhrəmanov: “Cənab Prezident İlham Əliyevin bu illər ərzində bütün fəaliyyəti ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi”



“Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi məqsədyönlü, praqmatik xarici və daxili siyasətin nəticəsi olaraq Azərbaycan son 22 ildə öz tarixinin ən böyük, ən möhtəşəm qələbələrinə imza atıb. Ölkəmiz dünya arenasında sabit və güclü mövqeyə malik bir dövlət olaraq qəbul olunub. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə böyük töhfələr verməkdədir. 2012-ci ildə 155 dövlətin dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi də məhz cənab Prezidentin yürütdüyü uğurlu siyasəti sayəsində müasir Azərbaycanın qlobal miqyasda formalaşmış nüfuzunun və qüdrətinin göstəricisidir.”

Bu sözləri aia.az-a verdiyi açıqlamasında millət vəkili Göydəniz Qəhrəmanov deyib.
       
Fikirlərini davam etdirən deputat bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakı sessiyasının möhtəşəm nəticələri də Azərbaycanın hörmətini və nüfuzunu daha da artırmaqla beynəlxalq mövqelərinin bir qədər də möhkəmlənməsinə mühüm töhfə verib: “Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək, COP29-un iqlim diplomatiyasında dönüş nöqtəsi olduğunu və bu irsin gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini vurğulamışdır. Əlbəttə ki, ölkəmizə göstərilən bu böyük etimad və hörmət ilk növbədə cənab Prezident İlham Əliyevin gördüyü möhtəşəm işlər, hər zaman nümayiş etdirdiyi siyasi iradə və qətiyyət, eləcə də davamlı olaraq həyata keçirdiyi müstəqil xarici siyasət sayəsində qazanılmışdır.”
     
 Daha sonra G.Qəhrəmanov qeyd edib ki, cənab Prezident İlham Əliyevin bu illər ərzində bütün fəaliyyəti ilk növbədə Qarabağ probleminin həllinə yönəlmişdi. Bu məqsədlə ölkəmizdə ordu quruculuğuna xüsusi diqqət yetirlidyini vurğulayan millət vəkili dövlət başçımızın bu sahəni prioritet kimi müəyyənləşdirdiyini də xüsusi qeyd edib: “Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri 2020-ci ildə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz xalqına tarixi Qələbəni bəxş edərək müzəffər Orduya çevrildi. Əlbəttə ki, bu tarixi Zəfər uzun illərin gərgin səyləri nəticəsində əldə edilmişdir və Ölkə Prezidenti cənab İlham Əliyevin bu məsələdə hər zaman şəxsən xüsusi diqqət mərkəzində saxladığı ordu quruculuğu məsələsi sözsüz ki, müstəsna önəm kəsb etmişdir. 2020-ci il sentyabrın 27-də cəbhədə törədilən növbəti erməni təxribatından sonra Ali Baş Komandanımızın əmri ilə şanlı Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızın azad edilməsi məqsədilə hərbi əməliyyatlara başladı. Artıq noyabr ayının 10-da Paşinyan faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli bəyanatı imzalamaq məcburiyyətində qaldı. Şanlı Azərbaycan Ordusu bu müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Qələbə qazandı. Azərbaycan Zəfər yolunda irəliləyişini növbəti illərdə də davam etdirdi. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Bundan beş ay sonra keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. 15 oktyabr tarixində isə, Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Bununla da cənab Prezident öz xalqına verdiyi vədlərinə tam əməl etmiş oldu. Qeyd olunmalıdır ki, Azərbaycanın tarixi Qələbəsi nəticəsində yaranmış yeni regional reallıqların formatı təkcə Qarabağın bərpası və ölkəmizin inkişafı üçün əldə olunmuş yeni imkanlarla məhdudlaşmır. Qələbə bütün Cənubi Qafqaza sülh və davamlı inkişaf imkanları qazandıran yeni perspektivlər ortaya çıxarıb. Ölkə Prezidenti cənab İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni istiqamətlər müəyyən edilmişdir” – deyə, millət vəkili fikirlərini tamamlayıb.



Seçilən
22
aia.az

1Mənbələr