Liviya Milli Razılıq hökuməti Baş Qərargah rəisi Məhəmməd Əli Əl-Həddadın Türkiyədə təyyarə qəzasında həlak olması ilə əlaqədar ölkə ərazisində üç günlük matəm elan edib.
Bir çox ekspertə görə, Ankaradan Tripoliyə yola düşən və göyərtəsində Liviyanın Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Əli əl-Həddadın olduğu təyyarənin qəzaya uğraması hərbi və geopolitik siqnaldır. Türkiyə ilə Liviyanın Tripoli rəhbərliyi arasında son illərdə formalaşmış strateji əməkdaşlığın əsas fiqurlarından birinin məhz Ankara səfərindən qayıdarkən həyatını itirməsi “təsadüf” versiyasını şübhə altına alır.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Zeynal Fətulla qeyd edib ki, Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad Liviya ordusunda Türkiyəyə yaxın 1 nömrəli şəxs idi və rəsmi Tripoli Ankaraya minnət borcunu ödəmək üçün bu təyinata imza atmışdı: “Məhəmməd əl-Həddadın nə üçün Ankaraya dəvət olunduğu barədə dəqiq məlumat hələ ki, yoxdur. Tripolinin ən qüdrətli adamının Ankaraya dəvət olunması qardaş ölkənin parçalanmış Liviya arasında irtibat qurma çalışmalarına başladığı versiyasını ağla gətirir.”
Zeynal Fətullanın sözlərinə görə, təxribat iddiasını irəli sürən çoxsaylı mütəxəssislər hazırda əllərində konkret dəlillərin olmadığını, lakin zamanla üzə çıxması ehtimal olunan sübutlar sayəsində hadisənin aydınlaşdırılacağına inandıqlarını bildiriblər: “Eyni zamanda qəzanın Liviyadakı türk hərbçilərinin xidmət müddətinin 2 il uzadılmasından dərhal sonra baş verməsi təxribat iddialarını gündəmə gətirib. Mümkündür ki, bu bütövləşməni və prosesi arzulamayan regional və qlobal güc mərkəzləri məlum təyyarə qəzasını törətsinlər. Çünki Türkiyənin dəstəklədiyi Tripoli rejiminin Baş Qərargah rəisinin Ankaraya səfəri zamanı mübahisəli təyyarə qəzasına düşməsi iki yaxın müttəfiq arasına şübhə toxumları səpə və etimadsızlıq mühiti yarada bilər. Əgər bu təyyarə faciəsinin qəza olmadığı təsdiqlənərsə, İsrail və Yunanıstan da digər şübhəlilər arasına girəcək. Çünki təyyarə faciəsindən bir gün əvvəl Yunanistan, Cənubi Kirp və İsrail liderləri bir araya gəlmiş, açıq şəkildə Türkiyənin əleyhinə bəyanatlar vermişdilər”.
Şərhçi qeyd edib ki, əlbəttə ki, hadisənin yekun qiymətləndirilməsi yalnız rəsmi texniki araşdırmanın nəticələrindən sonra mümkün olacaq: “Regional hava məkanında təhlükəsizlik standartlarının qeyri-bərabərliyi, texniki nasazlıqlar, çətin hava şəraiti, uçuş təhlükəsizliyi protokollarının zəif icrası və insan faktoru belə halların əsas risk mənbələridir. Hadisənin tam qəza olması da problemlər yaradır. Ordudaxili strukturun sabitliyi və müxtəlif silahlı qruplar arasında balansın qorunması baxımından hadisə həssas bir dövrdə baş verir. Liviyada siyasi-hərbi institutların hələ də tam mərkəzləşmədiyi şəraitdə belə bir itki, qərar qəbuletmə prosesində müvəqqəti boşluq və koordinasiya problemləri yarada bilər”.