Tahir Məmmədov: “Ölkə Prezidentinin Gələcəyə Hesablanmış Dövlətçilik Strategiyası Azərbaycanın bütün uğurlarının əsasında durur”
“Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycan dövlətçiliyinin strateji inkişaf modelini formalaşdıran əsas amildir. Dövlət başçısının rəhbərliyi dövründə həyata keçirilən ardıcıl islahatlar siyasi sabitliyin, iqtisadi dayanıqlığın və sosial rifahın təmin olunmasına xidmət edib. Bu siyasətin mərkəzində insan amili, vətəndaş rifahı və milli maraqlar dayanır ki, bu da dövlət idarəçiliyinə keyfiyyətcə yeni məzmun qazandırıb.”
Bu fikirləri aia.az-a açıqlamasında Yasamal Bələdiyyəsinin sədri, Yeni Azərbaycan Partiyasının üzvü Tahir Məmmədov səsləndirib.
Fikirlərini davam etdirən müsahibimiz qeyd edib ki, cənab Prezident İlham Əliyevin siyasi kursunun əsas xüsusiyyətlərindən biri məha gələcəyə hesablanmış qərarların qəbul edilməsidir: “İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və yenidənqurma layihələri, Böyük Qayıdış proqramı və müasir infrastrukturun qurulması möhtərəm dövlət başçımızın gələcəyə yönəlmiş strateji baxışının real nəticələridir. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni iqtisadi zonalar Azərbaycanın uzunmüddətli inkişaf potensialını əhəmiyyətli dərəcədə artırır. Cənab Prezidentin sosial siyasəti əhalinin rifah halının davamlı şəkildə yaxşılaşdırılmasına yönəlib. Ünvanlı sosial yardımların genişləndirilməsi, təhsil və səhiyyə sisteminin modernləşdirilməsi, gənclərin inkişafına dövlət dəstəyi cəmiyyətin sosial dayaqlarını möhkəmləndirib. Xüsusilə gənclərə yönəlik siyasət yeni nəsildə vətənpərvərlik, bilik və özünəinam hissini gücləndirib, milli kadr potensialının formalaşmasına şərait yaradıb. Cənab Prezident İlham Əliyevin humanizm prinsiplərinə sadiqliyi əfv və amnistiya təşəbbüslərində də aydın şəkildə görünür. Minlərlə insanın taleyinə müsbət təsir göstərən bu qərarlar dövlətin humanist mahiyyətini və Ölkə Prezidentinin sosial ədalətə verdiyi önəmi nümayiş etdirir. Xüsusilə suverenliyin tam bərpası fonunda irəli sürülən genişmiqyaslı amnistiya təşəbbüsü cəmiyyətin həmrəyliyinin gücləndirilməsinə xidmət edir. Əlbəttə ki, xarici siyasətdə də cənab Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarına söykənən müstəqil kursu qətiyyətlə davam etdirir. Regional əməkdaşlıq təşəbbüsləri, sülh çağırışları və beynəlxalq platformalarda irəli sürülən qlobal təşəbbüslər ölkəmizi etibarlı tərəfdaş kimi tanıdır. Bu siyasət nəticəsində Azərbaycan regional liderlikdən qlobal nüfuz mərhələsinə yüksəlib. Beləliklə, Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlətçilik strategiyası Azərbaycanın bugünkü gücünü və sabahkı inkişaf perspektivlərini təmin edən fundamental siyasi xətt kimi çıxış edir” – deyə, Tahir Məmmədov fikirlərini tamamlayıb.