AZ

"Şəfa"nı udub seriyamızı davam etdirməyə köklənmişik" - İlham Yadullayev

Mövsümə uğursuz başlayan, qış fasiləsi ərəfəsində özünə gələn MOİK son üç turda qələbələri sıralayıb. İlham Yadullayevin baş məşqçisi olduğu bakılılar 9-cu turda "Difai"ni 2:1, 10-cu turda "Şimal"ı 2:0, ötən həftə isə "Zaqatala"nı 3:1 hesabı ilə məğlub edib. "Hərbçilər" 2025-ci ildə son imtahanını lider "Şəfa"ya qarşı verəcək. 

MOİK-in baş məşqçisi İlham Yadullayev Fanat.Az-a açıqlamasında sabah baş tutacaq görüş barədə danışıb: 

"Şəfa" çempionatın lideridir. Gərgin və maraqlı oyun olacaq. Adi qaydada hazırlaşırıq. Hər kəs görüşün ciddiyətini, məsuliyyətini bilir. Qələbə seriyamızı davam etdirməyə köklənmişik. Əslində, ilk dövrədə "Şəfa"ya qarşı oyunumuz pis alınmamışdı. Qırmızı vərəqəyə qədər başabaş mübarizə gedirdi. Ancaq azlıqda qaldıqdan sonra ikinci hissədə qapımızda qollar görüb uduzduq (1:4). Ümidvaram ki, bu dəfə pis nəsə baş verməyəcək. 
Heyətdə itkilərimiz var. Zədəlilərlə yanaşı, Nihat Quliyev cəzalıdır. O, "Zaqatala" ilə son oyunda qırmızı vərəqə aldığı üçün bizə kömək edə bilməyəcək. Ancaq alternativlər var. Qələbə qazana bilsək, turnir mövqeyimizi daha da yaxşılaşdıra, liderlərlə xal fərqini azalda bilərik".

Qeyd edək ki, 12-ci turun MOİK - "Şəfa" oyunu sabah Binədə baş tutacaq və saat 14:00-da start götürəcək. 

Mirağa

Seçilən
4
1
fanat.az

2Mənbələr