AZ

Ölümsüz qəhrəmanlar

Tarix xalqın yaddaşıdır. Bu yaddaşda elə günlər var ki, əsrlər keçsə belə unudulmur, nəsildən-nəslə ötürülərək milli qürur mənbəyinə çevrilir. Azərbaycan xalqı üçün belə günlərdən biri 2020-ci il sentyabrın 27-dir. Məhz həmin gün Vətən müharibəsi başladı və otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda şanlı mübarizəyə start verildi. Bu tarix təkcə bir müharibənin başlanğıcı deyil, xalqımızın sarsılmaz iradəsinin, güclü ordusunun təcəssümü idi.

Həmin vaxt mənim cəmi 10 yaşım var idi. Mən oxuduğum məktəb Birinci Qarabağ müharibəsinin şəhidi Elçin Şəmiyevin adını daşıyırdı. Hər gün bu adı görmək, bu adla yaşamaq böyük məsuliyyət və qürur hissi yaradırdı.

Valideynlərinin vətənpərvərlik ruhunda verdiyi tərbiyə ilə böyümüş Elçin 27 yaşında torpaqlarımızın azadlığı uğrunda, mayın 16-da Xocalı uğrunda gedən döyüşlərdə misilsiz qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Onun vətən uğrunda verdiyi can xalqımız tərəfindən heç vaxt unudulmadı. Ölümündən sonra Binə qəsəbəsində yerləşən 149 nömrəli məktəbə onun adı verildi. Elçin Şəmiyev Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Məktəbin birinci sinfindən etibarən Elçin Şəmiyev haqqında məlumatlar öyrənməyə başladım. 20 Yanvar faciəsi, Xocalı soyqırımı və xalqımıza qarşı törədilmiş digər dəhşətli cinayətlər barədə oxuduqca, şəhidlərimizin fədakarlığının nə qədər uca və müqəddəs olduğunu daha dərindən anladım. Onlar torpaq uğrunda canlarından keçərək ölümsüz qəhrəmanlara çevriliblər.

Sonralar Azərbaycanın digər qəhrəman oğulları haqqında da məlumatlar əldə etdim. 2010-cu ildə şəhid olan Mübariz İbrahimov təkbaşına göstərdiyi misilsiz igidliklə bütün dünyada tanındı. Onun qəhrəmanlığı Azərbaycan əsgərinin torpaqlarının işğal altında qalmayacağı ilə barışmayacağının sübutu id. Ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verildi. 
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan Pəncəli Teymurov isə bir daha nümayiş etdirdi ki, Azərbaycan xalqı torpaqlarının işğalı ilə heç vaxt barışmayacaq.

Uzun illər ərzində Vətənimizin əzəli və əbədi torpaqları düşmən tapdağı altında qalmışdı. Bu ağrı hər bir azərbaycanlının qəlbində dərin yara kimi yaşayırdı. Nəhayət, 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Polad Həşimovun, Mübariz İbrahimovun, Raquf Orucovun, Pəncəli Teymurovun və digər qəhrəmanların açdığı şərəfli yol ilə irəliləyərək torpaqlarımızı azad etdi. Cəmi 44 gün ərzində 30 illik işğala son qoyuldu və Azərbaycan tarixi Zəfər qazandı.

Müharibə itkisiz olmur. Bu Zəfər də şəhidlərimizin qanı bahasına əldə edildi. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş Zaur Nudirəliyev, Əfqan Abdurahmanov, Orxan Əkbərov, Nihad Babayev, Camal İsmayılov və adını sadalamadığım yüzlərlə igid oğul Azərbaycan xalqının başını uca etdilər. Onlar canlarını fəda edərək bizlərə azad, müstəqil və güclü Azərbaycan bəxş etdilər.
Hazırda təhsilimi davam etdirdiyim 88 saylı məktəb də şəhid mayor Elçin Mansurovun adını daşıyır. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirən Elçin kəşfiyyatçı olduğu müddətdə dəfələrlə düşmən tərəfinə keçib. Bu qorxmazlığına görə döyüş yoldaşları Elçini "Kəşfiyyatın vuran əli", "Tənha canavar", "Boz qurd" da adlandırırırdılar. Xidməti dövründə medallar və fəxri fərmanlarla təltif olunan hərbçimiz "Aprel döyüşləri"ndə də qəhrəmancasına döyüşüb.

44 günlük Vətən müharibəsində isə Elçin Mansurov xüsusi fərqlənib. Elçinin komandirliyi altında düşmənin bir neçə postu ələ keçirilərək üçrəngli bayrağımız dalğalandırılıb. Qəhrəman mayor tabeçiliyində olan qrupdan ayrılaraq, düşmən bölmələrinin yerləşdiyi dərinliklərə təkbaşına hücum edərək çox sayda düşmən əsgərini təkbaşına məhv edib. O, geri qayıdan zaman düşmən snayperi tərəfindən vurularaq şəhidlik zirvəsinə yüksəlib. 
Elçin Mansurov  II Fəxri Xiyabanda dəfn olunub.
Elçin Mansurov ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Bu gün biz rahat və firavan bir ölkədə yaşayırıqsa, bunu məhz həmin ölümsüz qəhrəmanlara borcluyuq. Onların xatirəsi qəlbimizdə daim yaşayacaq.

Fidan Nəbili

Seçilən
19
ucnoqta.az

1Mənbələr