AZ

Fransada etirazlar davam edir

Hazırda Fransada fermerlərin etiraz aksiyaları davam edir. Yoluxucu dermatit (DNC) xəstəliyi ilə bağlı qərar və Avropa Birliyi–Mercosur ticarət sazişinə qarşı çıxan fermerlər Milad dövründə də aksiyaları dayandırmayacaqlarını bəyan ediblər.

Vaxt.AZ Fransa mediasına istinadən xəbər verir ki, son günlərdə ölkə üzrə etirazların intensivliyi qismən azalsa da, fermer həmkarlar ittifaqları hökumətdən konkret və yazılı təminatlar verilmədiyi təqdirdə yol bağlama aksiyalarını davam etdirəcəklərini açıqlayıblar.

Hazırda “Coordination Rurale” və “Confédération Paysanne” ittifaqlarının təşkilatçılığı ilə bir sıra bölgələrdə magistral yollar nəqliyyatın hərəkətinə bağlanıb. Fransa–Belçika sərhədindəki avtomagistralında saman bağlamaları ilə qurulan barrikadalar səbəbindən hərəkət tamamilə dayanıb.

Fermerlər hazırda iribuynuzlu heyvanlar arasında yayılan yoluxucu dermatitə qarşı həyata keçirilən kütləvi tələf etmə və peyvəndləmə siyasətinə etiraz edir. Bundan əlavə, Avropa Birliyi ilə Mercosur ölkələri arasında bağlanan ticarət sazişinin Fransa kənd təsərrüfatına ciddi zərər vuracağını bildirirlər.

Bu arada Fransa hökuməti Milad və Yeni il bayramları ərəfəsində nəqliyyatın iflic olmaması üçün çağırış edib. Baş nazir Sebastyen Lekornu yol blokadalarının qəbul edilməyəcəyini bəyan edib. Hökumət sözçüsü də bayram günlərində əlavə aksiyaların qarşısının alınacağını vurğulayıb.

Buna baxmayaraq, fermer təşkilatları etirazları dayandırmaq niyyətində olmadıqlarını bildirirlər. Hazırda Pas-de-Kale bölgəsində Montreuil-sur-Mer şəhərində yeni aksiya planlaşdırılır. “Confédération Paysanne” isə yaxın saatlarda Puy-en-Velay şəhərində yenidən küçələrə çıxacağını açıqlayıb. Fermerlərin ən böyük ittifaqı FNSEA isə blokadaların mərhələli şəkildə aradan qaldırılmasına daha yaxın mövqe nümayiş etdirir.

Seçilən
24
vaxt.az

1Mənbələr