AZ

ABŞ Avropaya senzura mesajı verdi

ABŞ Dövlət Departamenti Amerika platformalarını və spikerlərini senzura etməyə cəhd göstərdiklərinə görə ölkəyə girişi qadağan olunan 5 fəalın adını açıqlayıb.

Olaylar.az xəbər verir ki, dövlət katibi Marko Rubionun bildirdiyinə görə, sanksiyaya məruz qalan şəxslərin hamısı Avropa ölkələrinin vətəndaşlarıdır.

Rubio qeyd edib ki, ABŞ bu şəxslərə qarşı məhdudiyyətləri ifadə azadlığına və Amerika rəqəmsal platformalarına təzyiq göstərmək cəhdlərinə cavab olaraq tətbiq edib.

ABŞ dövlət katibinin ictimai diplomatiya üzrə müavini Sara Rocersin X sosial şəbəkəsində yazdığına görə, sanksiya siyahısına Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktının əsas müəlliflərindən biri olan Tyerri Breton da daxil edilib. Bildirilir ki, Breton 2024-cü ilin avqustunda Avropa Komissiyasının daxili bazar və rəqəmsal xidmətlər üzrə komissarı olduğu dövrdə, sözügedən qanuna istinad edərək İlon Maskı Donald Trampla planlaşdırılan onlayn müsahibə ərəfəsində açıq şəkildə hədələmişdi.

Məhdudiyyətlər Britaniyada fəaliyyət göstərən "Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzi" adlı QHT-nin rəhbəri İmran Əhmədə də şamil olunub. O, ABŞ-da "antivaks" mövqeyi ilə tanınan şəxslərin, o cümlədən sonradan Tramp administrasiyasında səhiyyə naziri təyin olunan Robert Kennedi bloklanmasına çağırışlar edib.

Siyahıya həmçinin Almaniyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının rəhbərləri Anna-Lena fon Hodenberq və Jozefina Ballon, eləcə də Böyük Britaniyanın "Qlobal Dezinformasiya İndeksi"nin rəhbəri Kler Melford daxil edilib.

Tramp administrasiyası daha əvvəl dəfələrlə Avropa İttifaqı qurumlarını Amerika şirkətlərinə və ictimai rəy liderlərinə qarşı senzura siyasəti yürütməkdə ittiham edib.

Xatırladaq ki, Avropa İttifaqının Rəqəmsal Bazarlar Aktı 2022-ci ilin noyabrında qüvvəyə minib, 2023-cü ilin may ayından isə praktik tətbiqinə başlanılıb. Qanun rəqəmsal bazarda rəqabəti artırmaq məqsədi daşısa da, Avropa Komissiyası tərəfindən Alphabet, Amazon, Apple, ByteDance, Meta, Microsoft və X platforması kimi iri şirkətlər üzərində birbaşa nəzarət mexanizmi yaradılıb. ABŞ tərəfi isə bu mexanizmləri söz azadlığına təhdid kimi qiymətləndirir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr