Müasir dövrdə insanlararası ünsiyyətin yarıdan çoxu onlayn müstəvidə baş verir. Bu səbəbdən yazılan mesajlara vaxtında cavab almaq artıq sadəcə rahatlıq yox, ünsiyyət mədəniyyətinin bir hissəsinə çevrilib.
Yaxın bir adam danışırdı. Deyir ki, bir müddət əvvəl bir yoldaşa WhatsApp üzərindən səsli mesaj göndərmişdim. Adam onlayn idi, mesaja daxil oldu, amma səsə qulaq asmadı. Beş dəqiqə, on dəqiqə, nəhayət bir saat gözlədim. Mesajımı dinləmədi ki, dinləmədi. Aramızda böyük məsafə də yox idi. Avtomobilə minib yanına getdim. Heç bir işi-filan yox idi, boş-bekar oturmuşdu. Telefonu əlindən aldım, mesajımda “play” düyməsini basıb qulaq asdırdım. Sonra da… dişimin dibindən çıxanı dedim.
Bu hadisə əslində məni o qədər də düşündürəcək məsələ deyil. Amma sayt üçün nəsə yazmalı idim. Ona görə də mövzu ilə bağlı Google-da axtarış verdim. Sən demə, bu davranış dünyada kifayət qədər ciddi problem kimi qəbul edilirmiş. Alimlər, psixoloqlar, psixiatrlar, tədqiqat mərkəzləri, assosiasiyalar - hamısı bu mövzuda araşdırmalar aparıb. Problem qlobal miqyas alıb.
Məsələn, Amerika Psixologiya Assosiasiyasının araşdırmasına görə, mesajlara və zənglərə gec cavab verən insanlar daha çox eqoist xüsusiyyətlər göstərir. Alimlər bu davranışı həmin şəxslərin özünü bəyənmiş, özünü başqalarından üstün göstərmək istəyi ilə əlaqələndirirlər.
Açığı, mən də elə bu cür düşünürdüm. Bu gün mesajlara gec cavab vermək cəmiyyətdə məsuliyyətdən qaçma mədəniyyətinin bir hissəsinə çevrilib. Kimsə ünsiyyət qurmaq istəmirsə və ya “çox məşğulam” görüntüsü yaratmaq istəyirsə, ucuz taktika hazırdır: cavabı gecikdir.
Mənim şəxsi fikrim belədir: bu davranış qumdan qala qurmaq o yana qalsın, heç tüstüdən fon yaratmaq qədər də qalıcı deyil. Təhriflərlə “status” görüntüsü yaratmaq - kim daha məşğuldursa, kim daha gec cavab verirsə, kim daha əlçatmazdırsa, guya daha dəyərlidir. Ucuz insan özünü dəyərli hiss etdirməyi əlçatmazlıqla ölçür.
Əslində bu adamlar anlamır ki, gec cavab vermək zamanla normaya çevrildikcə, qarşılıqlı hörmət anlayışı aşınır. Vaxtilə cavab verməmək kobudluq sayılırdı. Bu gün isə bunu “özümə vaxt ayırıram” adı altında əsaslandırırlar. Halbuki yetkin insan qarşı tərəfin zamanını və psixoloji sərhədlərini nəzərə alır.
Yeri gəlmişkən, bir tanış var. Bu günlərdə WhatsApp nömrəsinə mesaj yazmışam. Cavab gəldi ki, guya “filan müəllim deyil, köməkçisidir”. Həmin adam bu nömrəni iyirmi ildən çoxdur işlədir - ailəsi, dost-tanışı, hamı bu nömrəni əzbər bilir. Amma nədənsə belə bir “meymunluğa” gərək duyub. Özü də bunu hamıya qarşı edir. İmanımı yandırmayım, amma mənə elə gəldi ki, “köməkçiyəm” yazan elə özüdür…
Gec cavab vermək çox vaxt sadəcə maskadır. İnsan bilə-bilə sükuta sığınır. Bu isə qarşı tərəfdə sual, şübhə, narahatlıq yaradır. Amma bir şeyi unudurlar: hansısa yazarın dediyi kimi, “davranışınız elə qışqırır ki, dediklərinizi eşitmirəm”.
Sonda sual sadədir: əgər insan doğrudan da məşğuldursa, bunu demək niyə bu qədər çətindir? Cavab da sadədir: problem vaxtda deyil. Heç bir insan beş saniyə ayıracaq qədər məşğul deyil.
Psixoloqların bu mövzuda ən vacib hesab etdikləri dəyərləndirmə isə belədir:
- Gec cavab verənlər bunu çox vaxt psixoloji oyun kimi qəbul edir.
- Bu davranış əksər hallarda özünə güvən çatışmazlığının maskasıdır.
- Özünü vacib hiss etmə ehtiyacı və narsisistik xüsusiyyətlərlə bağlıdır.
Xüsusi qeyd: İnsan həqiqətən məşğul ola bilər. Amma fərq buradadır - sağlam düşüncəli insan sonradan bunun izahını verir. Mədəni insan isə əlavə olaraq üzr istəyir. Əgər bunlar yoxdursa, deməli bu artıq təsadüf deyil.
Elnur Məmmədli
Telegram kanalımız