ain.az, Kulis.az portalına istinadən məlumat yayır.
Kulis.az Əli Şirin Şükürlü "Biristiqamətli zaman: əbədilik mövcuddurmu?" fəlsəfi essesini və Ədəbi suprematizm: tərsinə zaman" şeir-essesini təqdim edir.
Zaman niyə bir istiqamətli – keçmişdən gələcəyə doğru axır. Biz niyə keçmişi xatırlayır, gələcək barədə təsəvvürə malik deyilik, nəhayət, əbədilik varmı? Bütün bu sualların doğurduğu perspektivlər bəlkə də bu anlayışın bir kəmiyyət göstəricisi olaraq istifadə edildiyi elm sahələri (məsələn, riyaziyyat, fizika) üçün bir elə də əhəmiyyət kəsb etmir, amma elm fəlsəfəsinə baş qoşdunsa vəziyyət dəyişir. Axı bu halda dünyanı tam şəkildə anlamaq istəyirsən.
Zaman bir istiqamətli axır, keçmişdən gələcəyə doğru, əgər doğurdan da axırsa. Bir çox alim və filosoflar bu fikirədir: zaman subyektiv anlayışdır, idrakın reallığı dərketmə ölçüsü olaraq, hadisə və hərəkətin dəyişməsini xarakterizə edir. Yəni düşüncədən kənar mövcud olan obyektiv reallıq deyil. Bütün hallarda yuxarıdakı suallar aktuallığını saxlayır. Yəni zaman insan düşüncəsindən kənarda mövcud reallıqdır və yaxud tərsinə, fərq etməz bu sualların doğurduğu perspektivlərin elmi-fəlsəfi konteksində izahı var. Və bu essedə çalışmışıq ki, oxuyub öyrəndiklərimizi bir balaca improvizə edərək bunlara qısa şərh və izah verək.
Kainatda entropiya – nizamsızlığın səviyyəsi getdikcə artır. Hər şey köhnəlir, tükənir, tədricən tükənmə yoxolma ilə nəticələnir. İsti soyuğa çevrilir, buz əriyir, sınan əşya öz-özünə bərpa olunmur. Dağılma prosesi yaranmadan rahat baş verir. Dünyada nizam az, nizamsızlıq isə həddən çoxdur və artım da durmadan baş verir. Kənar müdaxilə olmadan bu kimi proseslərin tərsinə baş verməsi mümkünsüzdür. Hətta sınan fincanın qalıqlarını təsadüfi qaydada yığmaqla (bu təsadüfiliyin kənar müdaxilə olmadığını hesab etsək də) onu təzədən bərpa etmək istəsək belə, tam bərpası ehtimalı olduqca çox kiçik, bəlkə də sıfıra bərabərdir.
Nizamdan nizamsızlığa hərəkət düşüncəmizi də ardınca aparır; bir istiqamət boyu – tükənməyə sarı; keçmişdən gələcəyə doğru. Çünki varlığımız – fiziki mövcudluq göstəricisi olan bədənimiz bu termodinamik axının bir hissəsidir. Kosmoloji modellərə əsasən, Kainat yaranışda çox nizamlı vəziyyətdə olub. Yox, əgər yaranışda xaotiklik – nizamsızlıq olsaydı, o zaman entropiya da baş verməz, entropiyaya uyğun zaman axını da mövcud olmazdı. Qavrama, yaddaş, səbəbiyyət əlaqəsi entropiya artımı ilə bağlıdır. İnsan yalnız entropiya artımının doğurduğu gələcəyə doğru zaman axınında yalnız keçmişi xatırlayır. Bu biristiqamətli axın ona gələcəyin (bəzi hipotezlərə görə, gələcək də keçmiş kimi mövcuddur) qavrayışa, yaddaşa köçməsinə imkan vermir.
İndi isə fərz edək kainatda əksinə proses baş verir. Entropiya azalır, yəni nizamsızlıqdan nizama doğru hərəkət baş verir. Heç bir müdaxilə olmadan öz-özünə soyuq su istiyə, sınan fincan gerçək halına çevrilər. O zaman düşüncəmiz də nizamsızlıqdan nizama doru qurular – zaman tərsinə axar: keçmişə doğru. Mövcud olan hər şey yenilənər, dağılan hər şey bərpa olunar, hətta yox olan var olar. Yaddaşımız da əks istiqamətdə yazılardı; gələcəkdən keçmişə doğru.
Elmin gəldiyi qənayətə görə isə kainatda entropiya – nizamsızlıq durmadan artır və entropiyanın maksimum qiymətində ( buna “Kainatın istilik ölümü” deyilir) – tükənmə anında zaman axını: keçmiş və gələcək mövcud olmayacaq, “həmişə indi” - əbədilik yaranacaq. Elmi-fəlsəfi düşüncənin bu refleksiyası isə teoloji sistemlərin “kainatın əbədilik vəziyyətinin mövcudluğu” konsepsiyası ilə üst-üstə düşür.
İdrakınız işıqlı olsun!
P.S. Ədəbi suprematizm: elm, fəlsəfə və ədəbiyyat vəhdətində bir bədii mətni konteksə uyğun hesab edirəm:
Ədəbi suprematizm: tərsinə zaman
gəlin
zamanın tərsinə gərdişinə baxaq. bəli. bəli,
məhz tərsinə gərdişinə
gözlənilmədən doğulan birinin timsalında.
hamı heyrət içində donub qalmışdı
doğum evində. ana çevirib üzünü divara
hönkürürdü dəhşət içində; körpəsi
qoca doğulmuşdu – mocüzəyə bax.
hərarət hiss elədi ana üzündə. yanağında gəzən
bambalaca barmaqlardan içinə süzülən xoş duyğuların
bir anda oyatdığı analıq sevgisiylə çevrilib
bağrına basdı qoca körpəsini.
bir qucaqlıq qoca gəlmişdi dünyaya.
bir neçə gün sonra
tutub qocasının əlindən evinə döndü ana.
sevdi qocasını kiçildə-kiçildə.
yaşıdı körpələr böyüdükcə, o kiçilirdi. yaşlanma – böyümək imiş demə.
o kiçilirdi; başqa münasib ad tapa bilmir adam bu vəziyyətdə.
o kiçilirdi, yəni böyüyürdü tərsinə.
əvvəl ortayaş adama çevrildi, sonra cavana.
qoluna taxdığı saatın əqrəbləri tərsinə fırlanırdı.
tərsinə dəyişirdi təqvimdəki günlər də; ayın 30-u,
sonra 29-u, ... beləcə 1-i son günü olurdu yaşadığı ayların.
illər də beləcə
tərsinə vurudu ömrünü başa.
tərsinə yaşayırdı zamanı. çayda axına qarşı üzən adama bənzəyirdi
hamının bir istiqamətli xətt boyunca yaşadığı məkanda.
amma nə qədər çətin olsa da
hamı kimi sevir, hamı kim sevinir, hamı kimi qüssələnirdi.
sonra yeniyetməyə çevrildi, sonra uşağa.
bir gün həmyaşıd oldu oğluyla, getdi məktəbə.
bir günsə həmyaşıdı nəvəsiylə əl-ələ tutub yollandı bağçaya.
bir günsə çevrilib körpəyə köçdü dünyadan.
ana qocalıb ölmüşdü, görmədi körpəsini.
tərsinə gərdişinə baxdıq zamanın
gözlənilmədən qoca doğulan birinin timsalında.
Amma nəticə eyni; zaman
eyni nöqtədə qapandı deyəsən.
Of! Of! Yalan söylədim, nə içdim, nə sevişdim... - Sevinc Yunuslunun şeirləri
Anar Məmmədxanovun ailəsində ağır itki
Macar modernist poeziyasının rəmzi - Ona niyə alim-şair deyirdilər?
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.