AZ

İlham Əliyev xalqını tarixi sınaqlardan qələbəyə daşıyan liderdir

"Qeyd etmək lazımdır ki, siyasi liderlik haqqında sosial və siyasi elmlərdə çoxsaylı yanaşmalar mövcuddur. Təbii ki, universal yanaşmanın olduğunu söyləmək çətindir. Çünki lider obrazları tarixi şəraitə, zamana görə, tələb olunan keyfiyyətlərin xarakterinə görə dəyişə bilər. Amma bütövlükdə liderlik, hər şeydən öncə, xalqını və dövlətini tarixi sınaqlar qarşısında üzüağ çıxarmaq və irəli aparmaq bacarığıdır."

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu News365.az-a  Prezident İlham Əliyevin doğum günü ilə bağlı fikirlərini bölüşüb. deyib. 


"Prezident İlham Əliyev unikal liderlik xüsusiyyətlərinə malikdir. Hər şeydən öncə, onun liderlik obrazını səciyyələndirən başlıca cəhət olduqca praqmatik olmasıdır. Azərbaycan Prezidenti ən çətin tarixi şəraitlərdə belə təmkinini qoruyub saxlayır. Onun üçün ümumiyyətlə problem məfhumu mövcud deyil. Onun üçün yalnız bir yanaşma mövcuddur: məsələnin həlli yolu. Cənab İlham Əliyev istənilən situasiyada optimal çıxış yoluna sahibdir. O, qələbəyə və uğura hesablanmış addımlar atmaq bacarığını hər zaman nümayiş etdiribdir. Ona görə ki, o, hansı addımın atılmasının vacibliyini çox dəqiqliklə bilir. İstənilən məsələyə, miqyasından asılı olmayaraq, olduqca konseptual yanaşır. Bu da onun liderlik keyfiyyətlərinin ən səciyyəvi tərəflərindən biridir. Yəni hər bir məsələnin dəqiqliklə hesablanmış çıxış yolu, həlli yolu müəyyənləşdirilir, sonra isə həll yollarına uyğun resurslar təyin edilir. Onlar da çox dəqiqliklə tətbiq edilir. Nəticə də hər zaman uğurlu olur.

Cənab İlham Əliyev bizim 200 illik tariximizin yeni səhifəsini yaratdı. Hər şeydən öncə, Azərbaycan xalqına özünəinamı qaytardı. Həqiqətən də, biz son iki əsrdə itirə-itirə gəlmişik. Torpaqlarımızı və resurslarımızı itirmişik. İlham Əliyev bu 200 illik, bəlkə də daha artıq, tarixin gedişatını dəyişdi. Azərbaycan xalqına qalib xalq obrazını bağışladı. Bu, həqiqətən, bizim son 200-300 illik tariximizin ən əlamətdar hadisəsidir. İstər daxili siyasi müstəvidə, istər xarici siyasi müstəvidə, Prezident İlham Əliyevin hər bir addımının mütləq şəkildə uğurla nəticələnəcəyinə inam mövcuddur.

Özünün qeyd etdiyi kimi, onun bütün fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı durur. Bu zaman rifah çoxkomponentli məfhum kimi nəzərdə tutulmalıdır. Azərbaycan vətəndaşının sosial-iqtisadi rifahı, Azərbaycan vətəndaşının təhlükəsizliyi, Azərbaycan cəmiyyətinin üzvünün vətəndaşı olduğu dövlətin təhlükəsizliyi, onun ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi kimi komponentlər bütövlükdə Azərbaycan vətəndaşının rifahı çərçivəsinə aiddir. Cənab İlham Əliyev məsələyə bu cür yanaşır. Müvafiq olaraq da bütün addımları atır ki, sadalanan komponentlərin təmin olunduğu şərtlər daxilində Azərbaycan vətəndaşının rifahı təmin olunsun. Bundan sonrakı mərhələdə isə hər bir Azərbaycan vətəndaşının bütün mənalarda maraqlarının və rifahının təmin olunması üçün zəruri şərtlərin və resursların hamısı formalaşdırılmaqdadır. Biz 30 ilə yaxın müddətdə işğal altında olmuş ərazilərimizi Ermənistanın işğalından azad etdik. Həmin ərazilərdə, öz resurslarımız hesabına, genişmiqyaslı bərpa-quruculuq işlərini həyata keçirməkdəyik və orada effektiv məskunlaşmanı təmin etməkdəyik. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələni dünyanın heç bir yerində görünməmiş dərəcədə böyük uğurla həyata keçirir. Belə ki, biz yalnız öz resurslarımız hesabına təxminən 17 min kvadratkilometr böyüklüyündə bir ərazini yenidən qurmaqdayıq və insanlarımızın rahat yaşaması üçün əlverişli bir məkana çevirməkdəyik.

Həmçinin, xatırlatmaq lazımdır ki, cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: Sosial-İqtisadi İnkişafa dair Milli Prioritetlər” içərisində işğaldan azad olmuş ərazilərimizin effektiv məskunlaşdırılması vəzifəsi də yer almaqdadır. Müvafiq olaraq da bu prioritetimizə uyğun bütün addımlar atılmaqdadır. Bu gün həmin ərazilərə təxminən 22 milyard manatadək vəsait sərf olunmuşdur. Davamlı və sistemli şəkildə soydaşlarımız öz doğma yurd-yuvalarına yerləşdirilməkdədir və işlə təmin olunmaqdadır. Eyni zamanda, xarici siyasi müstəvidə də dövlətimizin maraqları böyük məharət və ustalıqla təmin olunmaqdadır. Bu onu göstərir ki, İlham Əliyev beynəlxalq səviyyədə qəbul edilən və böyük etimad göstərilən liderdir. Onun bu liderlik keyfiyyəti imkan verir ki, ölkəmiz bu gün dünyanın ən güclü ölkələri sırasında dayansın. Bunu sözsüz ki şərtləndirən Prezident İlham Əliyevin lider obrazı və strateji yanaşmasıdır. Bu gün İlham Əliyev dünyanın taleyini təyin edən dövlətlərin başçıları ilə bir sırada dayanmaqdadır. Təbii ki, Azərbaycan xalqının hər bir  nümayəndəsi, harada yaşamasından asılı olmayaraq, öz lideri ilə qürur duyur. 

Biz də öz növbəmizdə fəxr etdiyimiz Prezidentimiz cənab İlham Əliyevi ürəkdən təbrik edirik. Bundan sonra da xalqımızın və dövlətimizin parlaq gələcəyi naminə fəaliyyətində ona böyük uğurlar arzulayırıq. Və əminliyimizi ifadə etmək istəyirik ki, vaxtilə Ulu Öndərin dediyi kimi, Azərbaycan dünyaya bir günəş kimi daha parlaq doğacaqdır.

Seçilən
18
news365.az

1Mənbələr