AZ

İranda siyasi mübarizə kəskinləşir: Bütün məsuliyyət prezidentin üzərinə yönəldilir- ÖZƏL

Son günlər İran Prezidenti Məsud Pezeşkianın ölkədəki rejimi sərt tənqid edən fikirlər söylədiyi iddia edilir. Lakin onun demədiyi sözlər ona aid edilərək siyasi məsuliyyətə cəlb olunması hədəflənir. İran mediası impiçment məsələsini gündəmə gətirib, iqtisadi böhran və sosial narazılıqlar fonunda prosesin başlanması müzakirə olunur.



Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 

"İrandakı hazırkı vəziyyət  klassik "prezident-hakimiyyət" modeli ilə uzlaşmır. Çünki ölkədə real hakimiyyət yalnız prezidentin əlində cəmlənməyib və siyasi qərarvermə bir neçə mərkəz arasında bölünüb. Ali dini rəhbər, SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu), məhkəmə sistemi və parlamentin yanaşması siyasi strukturu  daha da mürəkkəbləşdirir. 
Bundan əlavə, Məsud Pezeşkian prezident seçildikdən sonra islahatçı mövqedən çıxış etdiyi üçün hakimiyyət daxilində müəyyən qüvvələrin hədəfinə çevrilib. Ona qarşı zaman-zaman sərt ritorikanın müşahidə olunması da bunun göstəricisidir. Məsud Pezeşkianı "köhnə status-kvonu dəyişməyə çalışan lider" kimi təqdim edir, hətta onu ali dini rəhbərə və ümumilikdə İran rejiminə qarşı çıxan fiqur obrazında göstərməyə çalışırlar.
Eyni zamanda, ölkədə uzun illərdir mövcud olan iqtisadi problemlər, inflyasiya, işsizlik, beynəlxalq sanksiyalar  indi məqsədli şəkildə onun üzərinə yıxılır. Halbuki bu problemlər Məsud Pezeşkian hakimiyyətə gəlməmişdən əvvəl də mövcud idi. Burada əsas məqsəd onu sevməyən daxili qüvvələrin ictimai narazılığını süni şəkildə artırmaq və məsuliyyəti prezidentin üzərinə yıxmaqdır.
Bu proseslər çərçivəsində Məsud Pezeşkianın legitimliyi zəiflədilməyə çalışılır, o, bacarıqsız və praqmatik olmayan lider kimi təqdim edilir. Bu isə onun manevr imkanlarını məhdudlaşdırmaq, siyasi mövqelərini zəiflətmək məqsədi daşıyır. Nəticədə cəmiyyətdə onunla bağlı güvənsizlik, çaşqınlıq və mənfi imic formalaşdırılır.
Bütün bunlar hakimiyyət daxilində parçalanmanın və daxili siyasi mübarizənin daha da dərinləşdiyini göstərir. Bu mübarizə ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmır, əksinə sosial narazılığı artırır, əhali arasında ümidsizliyi gücləndirir və psixoloji təzyiqləri artırır. Mövcud böhranların real səbəbləri arxa plana keçir, bütün mənfi nəticələr  prezidentin üzərinə yönəldilir.
Bu baxımdan da proseslər siyasi islahatlara deyil, daha çox daxili təzyiq və zəiflətmə mexanizmlərinə xidmət edir. Həmçinin bu proseslər İran daxilində siyasi qarşıdurmanın genişləndiyini açıq şəkildə göstərir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
38
olaylar.az

1Mənbələr