AZ

Avstraliyada nasist simvolları paylaşan britaniyalının vizası ləğv edilib

London, 24 dekabr, AZƏRTAC

Avstraliya polisi sosial şəbəkələrdə nasist simvollarını nümayiş etdirməkdə və yəhudi icmasına qarşı zorakılığı təbliğ etməkdə ittiham olunan Böyük Britaniya vətəndaşının ölkədən deportasiya ediləcəyini açıqlayıb.

AZƏRTAC “Sky News”a istinadla xəbər verir ki, 43 yaşlı britaniyalının vizası Avstraliya hökuməti tərəfindən ləğv edilib. Bildirib ki, həmin şəxs dekabrın 8-də sosial mediada qadağan olunmuş nasist simvolunu paylaşmaq və yəhudi icmasına qarşı zorakılığa çağırış etmək ittihamları ilə rəsmi şəkildə təqsirləndirilib.

Polis şəxsin adını açıqlamasa da, onun Queensland ştatında yaşadığını qeyd edib. O, hazırda immiqrasiya orqanları tərəfindən saxlanılıb və könüllü şəkildə ölkəni tərk etmədiyi təqdirdə deportasiya olunacaq.

İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs oktyabr–noyabr ayları ərzində “X” platformasında iki hesab vasitəsilə nasist svastikasının bir forması olan “Hakenkreuz” simvolunu paylaşıb və yəhudi icmasına qarşı açıq nifrət ehtiva edən, nasist ideologiyasını dəstəkləyən məzmun yayımlayıb.

Polis bildirib ki, əsas hesabı platforma tərəfindən bloklandıqdan sonra o, oxşar adlı ikinci hesab yaradaraq təhqiredici və zərərli paylaşımlarını davam etdirib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
24
1
azertag.az

2Mənbələr