Ermənistanda Rusiyanın təsir imkanları əhəmiyyətli dərəcədə azalıb.Erməni cəmiyyəti artıq Moskvanın dəstəyinə bel bağlamır və Rusiya-Ermənistan müttəfiqliyi kağız üzərində qalıb. Keçmişdəki kimi siyasi alətlərlə, biznesmenlərin və siyasi partiyaların vasitəsilə təsir göstərmək artıq çətinləşib, əhali isə Rusiyaya qarşı köklü şəkildə skeptik mövqe sərgiləyir.
Politoloq Natiq Cəfərli News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın Ermənistana yumuşaq güc və siyasi alətlə təsir imkanları demək olar ki, tükənib.

Onun sözlərinə görə, Ermənistan cəmiyyətində Rusiyaya qarşı fikirlər 20-ci ildən sonra köklü şəkildə dəyişib.
Cəfərli vurğulayıb ki, erməni cəmiyyəti artıq Rusiyaya bel bağlaya bilmir: “Onlar deyir ki, siz bizi qorumadınız. Rusiya-Ermənistan mütəfiqliyi kağız üzərində qaldı, Azərbaycan-Türkiyə tərəfdaşlığının qarşısını ala bilmədiniz. İctimai rəydə Rusiyanın təsir imkanları demək olar ki, sıfırlanıb”.
Ekspert qeyd edib ki, keçmiş siyasətçilərin – Sarkisyan, Köçəryan, Qarapetyan və digərlərinin – ictimai dəstəyi çox aşağıdır və Rusiya heç bir siyasi partiya və ya biznesçi vasitəsilə effektiv təsir göstərə bilmir. “Hətta Qarapetyanın son addımları da başlamadan uğursuz oldu. Yumuşaq güc yolu ilə nəticə əldə etmək indi mümkün deyil”, – Cəfərli bildirib.
O əlavə edib ki, hazırkı şəraitdə Ermənistan Prezidenti Paşinyan və Rusiya arasında maraqlı bir konfiqurasiya formalaşıb: “Rusiya artıq başa düşür ki, indiki şəraitdə Ermənistan siyasətinə ciddi təsir imkanları yoxdur”.