AZ

“Türkiyə İsrail gərginliyinin arxasında enerji və regional balans dayanır” TÜRKİYƏLİ POLİTOLOQ

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dekabrın 22-də İsraildə keçirilən üçtərəfli sammitdə İsrailin baş naziri Benyamin Netanyahu, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis iştirak ediblər.

İsrail, Yunanıstan və Kiprin formalaşdırdığı bu ittifaq Aralıq dənizində Türkiyə əleyhinə siyasi və hərbi blok kimi qiymətləndirilib.

Sammitdə çıxış edən Netanyahu “imperiyalarını bərpa etməyi xəyal edənlərə” xəbərdarlıq edərək, belə planların reallaşmayacağını bildirib. Müşahidəçilər isə bu açıqlamanın Avrasiya bölgəsində təsirini artıran Türkiyəyə yönəldiyini qeyd edirlər.

Gununsesi.info -ya danışan türkiyəli politoloq Hasan Oktay mövzuya belə münasibət bildirib:

“7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu Türkiyə–İsrail münasibətlərində ciddi gərginlik yaradıb. Hücumun İran və Rusiya tərəfindən təşviq edildiyi iddia olunur. Halbuki bundan az əvvəl – 20 sentyabr 2023-cü ildə Nyu-Yorkda, BMT Baş Assambleyası çərçivəsində Türk Evində keçirilən görüşdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrailin baş naziri Benyamin Netanyahu ikitərəfli münasibətləri ən yüksək səviyyəyə qaldırmaq barədə razılığa gəlmişdilər. Həmin razılaşma enerji ehtiyatlarının hasilatı və Avropaya nəqli kimi mühüm istiqamətləri əhatə edirdi.

Bu prosesin İran və Rusiyanın enerji vasitəsilə təsir imkanlarını zəiflədə biləcəyi ehtimalı HƏMAS-ın hücumu ilə nəticələnib. Lakin nə Ərdoğan, nə də Netanyahu yaranmış vəziyyəti sakit və balanslı şəkildə idarə edə bildi. Nəticədə Netanyahu hazırda Türkiyəyə qarşı regional ittifaqlar axtarışına çıxıb”.

O, qeyd edib ki, bu kontekstdə Cənubi Kipr və Yunanıstan Türkiyənin yaxından izlədiyi əsas aktorlardır:

“İsrail də bu reallığı nəzərə alaraq, Suriyada PKK ilə əlaqələrinə baxmayaraq, Kipr və Yunanıstanla müdafiə və əməkdaşlıq sazişləri imzalayıb. Məqsəd Türkiyənin regional kursunu zəiflətmək və Ərdoğan hökumətinə qarşı siyasi təzyiq mühiti formalaşdırmaqdır. İsrail üçün Türkiyə ilə birbaşa hərbi qarşıdurma real görünmədiyindən, daha çox dolayı vasitələrə üstünlük verilir.

Oxşar yanaşmanı İran da İsrailə qarşı proksi qüvvələr vasitəsilə tətbiq edib və nəticədə Suriyadakı mövqelərini zəiflətməyə məcbur olub. Türkiyənin isə imperialist ambisiyaları yoxdur. Əksinə, Atatürkün qurduğu dünyəvi, demokratik, müasir və konstitusion sistem region ölkələri – o cümlədən İran, İsrail, İraq, Suriya və Livan üçün nümunə ola bilər.

Türkiyə qonşu ölkələrin ərazi bütövlüyünü tanıyan xarici siyasət yürüdür və məhz bu mövqe səbəbindən hazırda Suriyada İsraillə maraqlar toqquşur. Yaxın Şərqdə məzhəbçilik, inanc və qəbilə əsaslı idarəetmə modellərinin iflasa uğradığı bir dövrdə Türkiyə Suriyada konstitusion bərabərlik sistemini dəstəkləyir. Bu yanaşma Osmanlıçılıq deyil, insan ləyaqətinə və hüquqlarına əsaslanan müasir bir modeldir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr