AZ

Ali təhsilin müddəti 3 il olacaq? - Ekspert məsələyə aydınlıq gətirdi

Azərbaycanda təhsil sistemində aparılan islahatlar müasir tələblərə uyğunlaşma məqsədi daşıyır. Bu islahatlardan biri də ali məktəblərdə 3 illik təhsil modelinə keçidlə bağlı müzakirələrdir. Sözügedən dəyişiklik təhsilin daha səmərəli təşkili, vaxtdan düzgün istifadə baxımından əhəmiyyətlidir. Yeni modelin tətbiqi cəmiyyət, valideynlər və təhsil mütəxəssisləri arasında müxtəlif fikirlərin formalaşmasına səbəb olub Bu mövzu hazırda ölkənin təhsil gündəmində mühüm yer tutur.

Mövzu ilə bağlı Missiya.Az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, təhsil sistemində ali təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi nisbi məsələdir:

"Hazırda ali təhsil əsasən 4 il hesab olunur. Lakin ali təhsil bütün ixtisaslar üzrə eyni müddətdə deyil, müxtəlif proqramlar əsasında həyata keçirilir. Məsələn, mühəndislik, maliyyə, filologiya və digər ixtisaslar üzrə kadr hazırlığı fərqli yanaşma tələb edir. Belə ki, Xarici Dillər Universitetinin tərcümə ixtisası və ya Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasında 1-ci kursdan 4-cü kursa qədər tətbiq olunan tədris proqramı məzunların ixtisas üzrə formalaşaraq əmək bazarına inteqrasiya etməsinə xidmət edir. Burada əsas məsələ təhsilin neçə il davam etməsi deyil, ali təhsil pilləsində ixtisas üzrə proqramın hansı müddətdə və hansı keyfiyyətdə reallaşdırılmasıdır",- Elmin Nuri qeyd edib.

Ekspert vurğulayıb ki, qardaş Türkiyədə artıq bir çox universitetlərdə 3 illik ali təhsil proqramları mövcuddur:

"Bundan əvvəl Gürcüstanda və Avropa ölkələrində 3 illik ali təhsilə keçid həyata keçirilib və ya bu istiqamətdə müzakirələr aparılır. Bununla yanaşı, elə ixtisaslar var ki, məsələn, tibb, mühəndislik və digər texniki sahələr üzrə 3 illik təhsilə keçid mümkün deyil. Bu ixtisasların özünəməxsus, daha geniş və dərin tədris proqramları mövcuddur və onları digər ixtisasların proqramları ilə eyniləşdirmək olmaz",- deyə ekspert bildirib.

Onun sözlərinə görə, tibbin, mühəndisliyin və ictimai-humanitar sahələrin hər birinin fərqli proqram strukturu var:

"Buna görə də ali təhsil müddətinin bütün ixtisaslar üzrə eyni olması doğru yanaşma deyil. Bəzi ixtisaslar üzrə təhsilin 3 ilə endirilməsi mümkündür və bu ixtisaslar çoxluq təşkil etdikdə ali təhsil pilləsi ümumilikdə 3 illik kimi dəyərləndirilə bilər. Təhsilin 3 ilə endirilməsi eyni zamanda tədris proqramlarının mobilləşdirilməsi deməkdir. Proqramlar mobilləşdikcə nəzəriyyədən daha çox təcrübəyə üstünlük verilməlidir. Bunun əsas üstünlüyü ağır nəzəri yanaşmaların yerini tədqiqat və praktik yönümlü təhsil modellərinin tutmasıdır",- deyə o əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
31
missiya.az

1Mənbələr