Müəllimlərin fəaliyyətinin əsasən kağız üzərində qiymətləndirilməsi və attestasiya mexanizminin effektivliyi ilə bağlı müzakirələr davam edir. Bu fonda attestasiyanın ləğv edilərək davamlı peşəkar inkişaf sistemi ilə əvəz olunmasının mümkünlüyü maraq doğurur. Maraqlıdır, attestasiyanı ləğv edib onu davamlı peşəkar inkişaf sistemi ilə əvəz etmək mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, müəllimin dərs prosesində tədris proqramını necə həyata keçirdiyini tam obyektiv şəkildə müəyyənləşdirmək çətindir. Onun sözlərinə görə, dünya təcrübəsinə, o cümlədən qardaş Türkiyənin praktikasına nəzər salsaq, müəllimlərin mütəmadi olaraq sertifikasiya imtahanlarına cəlb edildiyini görərik.
Ekspert qeyd edib ki, Azərbaycanda da tətbiq olunan sertifikasiya imtahanı müəllimlərin peşəkarlığının təkmilləşdirilməsi üçün nəzərdə tutulan qiymətləndirmə mexanizmidir:
“Sertifikasiya imtahanı müəllimləri istər-istəməz öz üzərində işləməyə vadar edir. Müəllim ixtisası üzrə biliklərini yeniləyir, nəzəri və praktiki bacarıqlarını inkişaf etdirməyə çalışır. Bu da gələcəkdə ümumtəhsil məktəblərində daha keyfiyyətli tədris prosesinin formalaşmasına xidmət edir”.
Ramin Nurəliyev vurğulayıb ki, sertifikasiya imtahanı müəllimin bilik və bacarığını tam ifadə etmir:
“Elə müəllim var ki, sertifikasiya imtahanından yüksək nəticə göstərir, amma sinifdə idarəetməsi zəif olur. Digər tərəfdən, bəzi müəllimlər sertifikasiyadan kəsilsələr də, sinfi idarəetmə və şagirdə bilik ötürmə baxımından daha bacarıqlıdırlar”.
Ekspertin fikrincə, bu cür hallarda müəllimin yalnız imtahan nəticəsinə görə deyil, valideynlərin, şagirdlərin və məktəb rəhbərliyinin rəyinə əsasən də qiymətləndirilməsi mümkündür. Onun sözlərinə görə, sertifikasiyadan kəsilən müəllimlərə verilən birillik şansdan sonra da özünü inkişaf etdirə bilməyənlər sistemdən kənarlaşdırılır.
R.Nurəliyev ümumi qiymətləndirmə prosesində metodistlərin roluna da toxunub. O. bildirib ki, müəllimlərin ən obyektiv qiymətləndirilməsini məhz metodistlər həyata keçirə bilər:
“Metodistlər dərs prosesində siniflərə daxil olub müəllimin real fəaliyyətini qiymətləndirməlidirlər. Təəssüf ki, hazırda metodistlərin fəaliyyəti çox passivdir, demək olar ki, yox səviyyəsindədir. Halbuki bu mexanizm test imtahanlarından daha ideal meyar olar”.
Ekspert əlavə edib ki, arzuolunan model metodistlərin mütəmadi olaraq məktəbləri ziyarət etməsi, ildə ən azı bir və ya iki dəfə müəllimlərin dərslərində iştirak edərək yerində qiymətləndirmə aparmasıdır. Bu yanaşma müəllimlərin kağız üzərində deyil, real dərs prosesində dəyərləndirilməsinə imkan yarada bilər.
KONKRET.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri isə deyib ki, dünyanın bir çox ölkələrində müəllimlərin peşə bacarıqlarının qiymətləndirilməsi bir neçə üsulla həyata keçirilir.
“Burada ən geniş yayılmış metod isə sertifikatlaşdırılma prosesidir ki, hazırda bizdə də məhz bu təcrübədən istifadə edilir. Hazırki müəllimlərin sertifikatlaşıdırlması prosesi özünün məzmun və mahiyyəti ilə daha çox Ukrayna və Qazaxıstan modellərinə oxşayır.
Amma modellərdən asılı olmayaraq bu proses onlayn şəkildə testoloji prinsiplər əsasında aparılır. Test imtahanı mərhələsi istər Müəllimlərin İşəqəbulu üzrə müsabiqənin, istərsə də sertifikatlaşdırılma prosesinin əsas mərhələsi hesab olunur. O qədər əsas ki, bir çoxları bu iki prosesi elə az qala, test imtahanı mərhələsindən ibarət mexanizm hesab edirlər. Odur ki, kütlə arasında bəzən yanlışlıqla “MİQ imtahanı”, “sertifkasiya imtahanı” kimi yanlış ifadələr səsləndirilir”.
Ekspert qeyd edir ki, test mərhələsi müəllimlərlə bağlı bütün proseslərdə öz dominantlığını hiss etdirir ki, bu da arzuolunmazdır.
“Müsahibə mərhələsi sanki bu proseslərdə tamam formaldır. Yəni, test imtahanı mərhələsindən uğurla keçənlər artlq işlərini böyük ehtimalla qarantiya almış olurlar. Halbuki müsahibə mərhələsi özünün praktikiliyi, tətbiqiliyi, özünüifadə baxımından daha keçərlidir. Amma təəssüf ki, hələ də müəllimlərin dəyərləndirilməsi test üzərindən aparılır”.
E.Nuri vurğulayır ki, testologiyanın isə imkanları bir yerə və həddə qədərdir.
“Müasir müəllim modeli yalnız onunla məhdudlaşmamalıdır. Müasir müəllim modelini qiymətləndirən başqa əlavə və çox vacib meyarlar da mütləq tətbiq olunmalıdır. Məsələn, onun dərs keçmə metodları, pedaqoji prosesi necə təşkil etmə üsulları, özünüifadə və mövzunun çatdırılması zamanı göstərdiyi vacib yeniliklər müəllim üçün əsas meyar olmalıdır”.
Aynurə İsmayıl
KONKRET.az

