AZ

Gimnaziyada Prezident İlham Əliyevə həsr olunmuş mahnı ifa edilib – VİDEO

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günü münasibətilə ölkəmizin təhsil ocaqlarında müxtəlif tədbirlər keçirilir.

Doğru.az xəbər verir ki, S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında da bu əlamətdar tarixlə bağlı xüsusi musiqi ərməğanı təqdim olunub.

Gimnaziyanın şagirdləri dərnək rəhbəri, bəstəkar Lalə Şirinin müşayiəti ilə “Mənim Prezidentim” adlı mahnını ifa ediblər. Mahnının sözləri tanınmış yazar Gülər Coşqunsoyun “Milli Xilaskar” poemasından götürülüb və əsərdə Azərbaycan dövlətçilik tarixi, milli liderlik konsepsiyası, eləcə də Prezident İlham Əliyevin müasir Azərbaycan dövlətinin inkişafındakı müstəsna fəaliyyəti bədii-poetik şəkildə əks olunub.

Təqdim olunan musiqi ərməğanı Prezident İlham Əliyevin uşaqlara və gənclərə göstərdiyi qayğının bariz nümunəsi kimi qiymətləndirilib. Dövlət başçısı uşaqların fiziki, mənəvi və intellektual inkişafını prioritet sahə hesab edir, onları “cəmiyyətin sabahı” kimi qiymətləndirir.

Mahnı gənc nəslin milli dəyərlərə, dövlətçilik ideyalarına və lider şəxsiyyətinə olan hörmətini ifadə edir. Tədbir çərçivəsində həmçinin uşaqların təhsil və vətənpərvərlik tərbiyəsi sahəsində həyata keçirilən dövlət və fond layihələrinin əhəmiyyəti vurğulanıb.

Biz də Prezident İlham Əliyevi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və ölkəmizin davamlı inkişafı naminə yeni-yeni uğurlar arzulayırıq.

DOĞRU.AZ

Seçilən
11
1
dogru.az

2Mənbələr