Türkiyədə Esenboğa Hava Limanından Tripoliyə uçuş üçün havaya qalxan, göyərtəsində Liviya qərargah rəisi və onu müşayiət edən yüksək rütbəli hərbi heyətin olduğu təyyarə gecə saatlarında radardan itib və bir müddət sonra qəzaya uğradığı məlum olub.
Hadisə nəticəsində təyyarədə olan bütün əsas fiqurların həlak olması faktı insidentin miqyasını sırf aviasiya qəzası çərçivəsindən çıxararaq onu siyasi və geosiyasi müstəviyə daşıyır.
Bu cür hadisələrdə əsas məsələ texniki səbəblərdən daha çox yaranan strateji nəticələrdir. Liviya kimi institusional baxımdan kövrək və fraksiyalararası balans üzərində dayanan ölkədə qərargah rəisi səviyyəsində tam heyətin itirilməsi hərbi komanda zəncirində ani boşluq yaradır. Bu boşluq ya daxili güc mübarizəsini kəskinləşdirir, ya da alternativ mərkəzlərin sürətlə önə çıxmasına şərait yaradır. Belə vəziyyətlərdə qərarvermə mexanizmləri zəifləyir, sahədə təşəbbüs daha çox lokal komandirlərin və ya xarici dəstəkli aktorların əlinə keçir ki, bu da proseslərin idarəolunmaz xarakter alması riskini artırır.
Hadisənin Turkiyə ərazisi ilə əlaqələndirilməsi isə məsələni regional kontekstdə daha həssas edir. Türkiyə Liviyada hərbi-siyasi proseslərin mühüm tərəflərindən biri olduğu üçün belə bir insident istər-istəməz Ankara üzərindən oxunur. Bu, Türkiyənin birbaşa məsuliyyəti anlamına gəlməsə də, onun regional təhlükəsizlik və logistika imkanlarını sual altına almaq istəyən aktorlar üçün informasiya və siyasi alətə çevrilə bilər. Xüsusilə rəqabət mühitində olan güclər üçün bu tip hadisələr mövcud təsir balansını zəiflətmək məqsədilə istifadə olunan dolayı mexanizmlərdir.
Daha geniş mənzərədə isə bu qəza Yaxın Şərq və Şimali Afrikada artıq mövcud olan qeyri-sabitlik zolağını daha da dərinləşdirir. Liderlik boşluqları nadir hallarda neytral qalır. Ya daha sərt aktorlar önə çıxır, ya da xarici müdaxilə imkanları genişlənir. Bu baxımdan əsas siyasi sual qəzanın səbəblərindən çox, onun yaratdığı hakimiyyət və təhlükəsizlik boşluğunun kimlər tərəfindən və hansı istiqamətdə doldurulacağıdır. Hadisənin real təsiri də məhz bu mərhələdə formalaşacaq.
Alim Nəsirov