AZ

Bakıda Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin bayram konserti keçirilib FOTO

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin Milad bayramına, Yeni ilə və Dünya azərbaycanlılarının həmrəylik gününə həsr olunmuş bayram konserti keçirilib, Musiqi gecəsi eyni səhnədə ənənələri, gəncliyi və peşəkarlığı birləşdirən əsl sənət bayramına çevrilib.

Açılışda qeyd olunub ki, Fidan Hacıyeva uzun illərdir Azərbaycan opera sənətini şərəflə təmsil edir, dünyanın nüfuzlu səhnələrində çıxış edir və beynəlxalq mükafatlara layiq görülüb. Onun istedadlı gənclərin və yetişməkdə olan nəslin formalaşmasında böyük rolu xüsusi vurğulanıb. Fidan Hacıyeva Azərbaycanda ilk qadın kamera orkestri MEZZO-nun, həmçinin Vokal Musiqi Məktəbi nəzdində fəaliyyət göstərən Opera Teatrının yaradıcısıdır.

Onun yaradıcılıq fəaliyyətində Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalı da xüsusi yer tutur; bu festival artıq mühüm mədəni platformaya çevrilərək klassik incəsənətin inkişafı və təbliğinə əhəmiyyətli töhfə verir.

Bu axşam gənc istedadlar qadın kamera orkestri MEZZO-nun müşayiəti ilə çıxış edərək Azərbaycan və dünya klassiklərinin əsərlərini təqdim edib, həmçinin bayram mahnıları, və tamaşaçıların gur alqışları ilə qarşılanıblar. Fidan Hacıyeva da bir sıra musiqi nömrələri ifa edib ki, bu da gecənin ən parlaq məqamlarından biri olub. Qeyd edək ki, ona fortepianoda oğlu, gənc pianoçu Çarlz Neylor akkompaniment edib. Bayram gecəsi əfsanəvi Müslüm Maqomayevin "Azərbaycan" əsərinin ifa olunduğu qala çıxışı ilə yekunlaşıb. Bu an səhnə ilə zalı birləşdirən emosional birlik hissi yaranıb, zal qürur, həmrəylik və Vətən sevgisi ilə dolub.

Tədbir çərçivəsində həmçinin Fidan Hacıyevanın və onun yetirmələrinin iştirakı ilə çəkilmiş "Yeni il" adlı yeni il klipinin premyerası olub (sözləri - Gülnar Sultanova, musiqisi - Aynur Adilqızı, rejissor - Nail Naiboğlu).

Konsert ənənələrin davamı, ümid və işıqlı gələcəyin rəmzinə çevrilərək musiqinin nəsilləri birləşdirmək, ilham vermək və əsl bayram ovqatı yaratmaq gücünə malik olduğunu bir daha xatırladıb.

İnformasiya dəstəyi: Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
1
news.milli.az

2Mənbələr