XX əsrin əvvəlləri. Avropa. Dəniz sahilləri, paytaxt şəhərlər Burada Azərbaycandan olan milyonçuların ardıcıl ev almaları, yaxud icarə götürmələri, bahalı otellərin şəriki olmaları barədə yerli qəzetlərdə yazılar dərc edilməyə başlanır.
Qəzetlər yazırdı:
“Onlar nəhəng sərvətə sahib idilər və bu, onlara yalnız Bakıda saraylar tikməyə deyil, həm də Avropada və başqa yerlərində lüks mülklər əldə etmək və ya tikməyə imkan verirdi. Qlobal biznes və aristokratların maraqlarının kəsişdiyi kurort zonalarını və böyük paytaxtları seçirdilər.”
Paris və Nitsanın sahilboyu lüks villalar, memarlıq baxımdan Venesiya və Florensiya, Berlin və Sürix kimi şəhərlərdə həm biznes ofisləri, həm də təhsil alan övladları üçün mənzillərə sahib idi Bakı milyonçuları. Təkcə Əsədullayevlərin Parisin ən bahalı rayonlarında mənzilləri və binaları var idi. Onlar bura təkcə istirahət üçün deyil, həm də neft ixracatını idarə etmək üçün gəlirdilər.
Villa “Zuleyxa”, Villa “Santa Monica”, Parisdəki “Ritz” və ya Londondakı “Savoy” otelləri, “Hôtel Assadullayeff”, Villa “Liza”, Villa “Mon Rêve”, “Hôtel de la Trémoille”, L’oscar London (bu gün də deyirlər azərbaycanlıya məxsusdur) və daha nələr nələr.
Bakılı milyonçular aldıqları villalara “Baku”, “Caspian” və ya ailə üzvlərinin adlarını (məsələn, “Leyla”, “Sara”) verməyə çalışırdılar, lakin yerli qanunlar və qeydiyyat bəzən fransız adlarını məcburi qılırdı.
O illərdə milyonşu Aşurbəyov təkcə daşınmaz əmlaka sahib deyildi; o, həmçinin Almaniya və Fransada onlarla tələbənin təhsilini maliyyələşdirirdi. O, gənc Azərbaycanlılar üçün pansionatlar alırdı ki, Bakıdan gələn tələbələr burda qala bilsin.
Bir çox Azərbaycan milyonçusu Avropada əmlakı birbaşa almağı deyil, onları 99 il müddətinə icarəyə götürməyi və ya otellərdə səhm almağı üstün tuturdu, çünki Bakı həmişə onların əsas evi olaraq qalırdı. Onlar üçün Bakı güc və gəlir mənbəyi, Avropa isə nümayiş və tətil yeri idi.
99 illik icarə müqavilələri və ya biznesdəki paylar onlara digər ölkələrdə vətəndaşlıq və vergilərlə bağlı hüquqi çətinliklərdən qaçınmaqla yanaşı, Avropa aristokratiyasının bütün üstünlüklərindən də yararlanmağa imkan verirdi.
Britaniya və Fransa qanunlarına görə, uzunmüddətli icarə müqaviləsi demək olar ki, mülkiyyət hüququna bərabər idi, lakin sahibi xarici vətəndaş olaraq qalırdı. Bu, onların kapitalını ikiqat vergitutmadan qoruyurdu. Parisin nüfuzlu ərazilərində Azərbaycan maqnatlarının bir çox “villaları” əslində belə uzunmüddətli icarə müqavilələri idi.
Əksər Bakı maqnatları üçün Avropada ev almaq lazımsız bir yük idi. Onlar özlərini “Xəzərin ağası” hesab edir və Bakı saraylarına investisiya qoymağa, Avropada isə sadəcə otellərdə ən yaxşı xidmət üçün pul ödəməyə üstünlük verirdilər, çünki onlar orada onilliklər boyu bütün mərtəbələri kirayəyə götürə bilirdilər.
Şəmsi Əsədullayevin yaxınlarından birinin sözü Bakıda populyar idi:
“Əgər bir aya bütöv bir otel alıb pəncərədən mənzərədən bezəndə oranı tərk edə bilirəmsə, niyə Fransada bir qəsr almalıyam?”
1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra milyonçuların Bakıdakı bütün neft mədənləri, bank hesabları və sarayları müsadirə olundu. Milyonçular burda qalıb ümid edirdilər ki, Bakı yenidən azad ediləcək və Cümhuriyyət bərpa ediləcək. Onlar əllərində olan bahalı daş qaşları, qızılları, əşyaları bir müddət sataraq evlərin, mülklərin vergisini ödədilər. Lakin zaman onları çox sıxırdı, gəlir isə yox idi. Əksər milyonçular və onların varisləri beynəlxalq məhkəmələr vasitəsilə bu mülkləri və ya vəsaitləri geri almağa çalışsalar da, Sovet rejiminin yaratdığı hüquqi boşluqlar buna mane oldu.
Avropa qanunlarına görə, mülkiyyət vergisi və ya vərəsəlik vergisi ödənilmədikdə dövlət həmin əmlaka əl qoyur. Buna görədə Avropada çox ölkə Bakılı maqnatlara məxsus həmin mülkləri müsadirə edərək hərraca çıxardı.
Bu mülklərin bir çoxu sonradan yerli avropalı varlılar tərəfindən alındı və bu gün həmin binalar otel, muzey və ya özəl malikanə kimi fəaliyyət göstərir.
Prof.Dr.Zaur Əliyev