23 dekabr 1947-ci il Azərbaycan xalqının yaddaşına ağrılı və faciəvi bir tarix kimi həkk olunub. Məhz bu gün SSRİ Nazirlər Sovetinin qərarı ilə minlərlə azərbaycanlının öz ata-baba yurdundan – İrəvan şəhərindən və ümumilikdə Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisi) deportasiya olunmasının hüquqi əsası yaradılıb. AzPost xəbər verir ki, qərar formal olaraq “könüllü köçürülmə” adı altında verilsə də, əslində bu proses zorakı, məcburi və planlı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.
Sözügedən sənəd SSRİ Nazirlər Sovetinin 4083 saylı qərarı idi və şəxsən İosif Stalinin imzası ilə təsdiqlənmişdi. Qərara əsasən, 1948–1950-ci illər ərzində Ermənistan SSR ərazisində yaşayan 100 min azərbaycanlı Kür-Araz ovalığına köçürülməli idi. Sənəddə göstərilirdi ki, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlı doğma yurdlarını tərk etməyə məcbur ediləcək.
Deportasiya üçün seçilən ərazilər əsasən Azərbaycanın aran bölgələri idi. Bu bölgələrdə həmin dövrdə nə infrastruktur, nə yaşayış evləri, nə də normal sosial şərait mövcud idi. Minlərlə insan ağır iqlim şəraiti, xəstəliklər, aclıq və məhrumiyyətlərlə üz-üzə qaldı. Yol boyu və məskunlaşma prosesində çoxsaylı insan itkisi qeydə alındı. Tarixi mənbələrdə bu deportasiya nəticəsində minlərlə azərbaycanlının həyatını itirdiyi göstərilir.
Qərarın digər diqqətçəkən tərəfi isə deportasiya olunan azərbaycanlıların boşaltdığı evlərin və təsərrüfatların xaricdən – əsasən Yaxın Şərqdən gətirilən ermənilərin yerləşdirilməsi üçün nəzərdə tutulması idi. Bu fakt deportasiyanın sırf iqtisadi deyil, açıq şəkildə etnik və siyasi məqsədlər daşıdığını sübut edir.
1947–1950-ci illər deportasiyası XX əsrdə azərbaycanlılara qarşı həyata keçirilmiş ilk zorakı köçürmə deyildi, lakin ən kütləvi və sistemli deportasiyalardan biri oldu. Bu hadisə sonrakı onilliklərdə regionda baş verən etnik qarşıdurmaların və tarixi ədalətsizliklərin əsasını qoydu.
