AZ

Gələn il ölkədə hansı işlər görüləcək?

Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bəs “Şəhərsalma və Memarlıq İli” çərçivəsində hansı bərpa-quruculuq işlərinin aparılması gözlənilir? Memar Cahid Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, bərpa-quruculuq işlərinin bütün istiqamətlərində bir intibah dövrü başlayacaq. Onun sözlərinə görə, bu proses tarixi memarlıq abidələrinin bərpasından tutmuş, 50, hətta 70 il əvvəl inşa edilmiş binaların üz və fasadlarında aparılacaq dəyişikliklərədək geniş bir sahəni əhatə edəcək: “Görüləcək işlər memarlıq və şəhərsalmanın estetik tərtibatına töhfə verəcək səviyyədə yenidənqurma imkanları yaradacaq. Ənənəvi olaraq dövlət tikililərinin də sayının artması bütövlükdə Azərbaycan memarlıq və şəhərsalmasının hərtərəfli inkişafına möhkəm zəmin formalaşdıracaq. Bu bərpa-quruculuq və abadlıq işləri çərçivəsində Bakı şəhərində mövcud yaşıllıq zolaqlarının, eləcə də təmirə və yenidən qurulmaya ehtiyacı olan parkların birmənalı şəkildə yenilənməsi və zənginləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, əlavə yaşıllıq zolaqları salınacaq”. C.Həsənov qeyd edib ki, paytaxtla yanaşı, bütün regionlarda, o cümlədən işğaldan azad olunmuş ərazilərimizdə də bu proses həyata keçiriləcək: “Həmin bölgələrin relyefi və coğrafi şəraiti yaşıl şəhər, yaşıl kənd, yaşıl qəsəbə, hətta yaşıl məhəllələrin, xiyabanların, parkların və seyrəngahların salınması üçün geniş imkanlar yaradır. Bu da dünya ictimaiyyətinin və beynəlxalq memarlıq mühitinin qarşıya qoyduğu tələblərin icrasına şərait yaradacaq. Bütün bu üstünlüklər məhz bu ilin bizə qazandıracağı imkanlardır”. Memar ən vacib məqamlardan biri olaraq onilliklərdir fəaliyyət göstərən özəl memarlıq sektorunun inkişafını da vurğulayıb: “Söhbət dövlət layihələri çərçivəsində təqdim olunan işlərdən deyil, məhz müstəqil fəaliyyət göstərən memarlıq şirkətlərindən gedir. Minlərlə, hətta on minlərlə memar, mühəndis və dizayner üçün sifarişlərin artması, dövlət qurumları ilə özəl sektor arasında yeni bir körpünün qurulması gözlənilir. Bu mexanizm sayəsində mütəmadi olaraq yeni layihələr təqdim ediləcək. Hazırda bir çox memarlıq şirkətləri əsasən bir-iki mərtəbəli fərdi yaşayış evlərinin tikintisi ilə məşğuldur. Halbuki bu şirkətlər daha böyük layihələri həyata keçirmək potensialına malikdirlər. Yeni imkanlar onların büdcələrinin artmasına, gənc memar və dizaynerlərin bu şirkətlərə cəlb olunmasına şərait yaradacaq. Bu proses həm maddi, həm də iqtisadi baxımdan müsbət nəticələr verəcək, eyni zamanda Azərbaycan memarlığına və dünya memarlığına yeni, fərqli layihələrin qazandırılmasına imkan yaradacaq. Bu tədbirlər və abadlıq prosesi fonunda dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcək, müxtəlif beynəlxalq tədbirlər keçiriləcək. Nəticədə turizm axını artacaq, investisiya qoyuluşları çoxalacaq. Üstəlik, söhbət yalnız bir il ərzində görüləcək işlərdən getmir. Bu müddətdə hazırlanıb həyata keçirilən layihələr sonrakı illər üçün də davamlı və işlək mexanizmin formalaşmasına xidmət edəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
22
1
metbuat.az

2Mənbələr