ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Ancaq heç bir məktub separatçıları ədalət məhkəməsindən xilas edə bilməz
“Erməni lobbisinin və Lemkin İnstitutunun Ruben Vardanyan və digər separatçılarla bağlı ABŞ liderinə müraciəti də tarixin arxivinə atılacaq”
Müharibə cinayətləri, habelə terrorçuluğu maliyyələşdirmədə ittiham olunan Ruben Vardanyanla bağlı bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ermənipərəst qurumların təxribatçı hərəkətləri və çağırışları müşahidə olunur. ABŞ-nin Lemkin İnstitutunun Ruben Vardanyan və Azərbaycana qarşı çoxsaylı hərbi və terror cinayətlərində ittiham olunan erməniəsilli digər şəxslərin azadlığa buraxılmasına dair çağırışı da açıq-aşkar təxribat və pozuculuq xarakteri daşıyır. Lemkin İnstitutu sözügedən çağırışı ilə məhkəməyə təsir göstərməyə və "Azərbaycanın Nürnberqi" adını almış prosesin ədalətliliyinə kölgə salmağa çalışır. Bu da gözlənilən idi. Çünki Lemkin İnstitutu ermənipərəst Bayden dövrünün qalığıdır və bu təsisat hər zaman Azərbaycanı hədəfə almaqla, ölkəmizə qarşı qarayaxma kampaniyalarında fəal iştirak etməklə tanınıb.
Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Lemkin İnstitutu 44 günlük müharibədən və antiterror əməliyyatından sonra keçmiş separatçı rejimin "rəhbər"lərinin hamisi rolunda çıxış etməyə başlayıb. Ekspert bildirib ki, Lemkin İnstitutu daha da irəli gedərək həmin şəxsləri "hərbi əsir", "girov", "siyasi məhbus" adlandırır və onların dərhal azad olunmasını tələb edir, bununla bağlı imzatoplama kampaniyası aparır:

"Separatçıların, terrorçuların himayədarı kimi tanınmaq perspektivindən qətiyyən çəkinməyən, erməni revanşizmini körükləməyə çalışan bu həyasız "institut" hətta Prezident Donald Trampa da müraciət edib. Lemkin İnstitutunun bu addımına qətiyyən təəccüblənmirik. Ruben Vardanyan, Nubar Afyan kimi "beynəlxalq dərəcəli" dələduzlar tərəfindən maliyyələşdirilən və üstəgəl, idarə heyətində erməni lobbistlərinin də yer aldığı bu qurumun Vaşinqton razılaşmalarının əsas qarantı kimi tanınan D.Trampın Cənubi Qafqazda sülh siyasətinə zidd mövqe tutması anlaşılandır. Onlar Bayden administrasiyasından hər cürə dəstək aldıqları kimi Trampın da xoş münasibətinə və dəstəyinə ümid bəsləyirlər. Lakin unudurlar ki, Tramp demokrat-qlobalistlərin təxribatlarına qarşı qətiyyətli mövqe tutur. Bu baxımdan erməni lobbisinin və Lemkin İnstitutunun Ruben Vardanyan və digər separatçılarla bağlı ABŞ liderinə müraciəti də tarixin arxivinə atılacaq. Separatçıların hamisi, "vəkil"i rolunda çıxış edən bu dairələr bir şeyi nəzərə almalıdırlar ki, hansısa beynəlxalq təşkilatın və ya dırnaqarası "institut"un məktublarının, çağırışlarının məhkəmə üçün heç bir əhəmiyyəti yoxdur. Heç bir məktub separatçıları ədalət məhkəməsindən xilas edə bilməz".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.