AZ

NYT: Sülh planı ABŞ-nin Ukraynadakı iqtisadi maraqlarını ön plana çıxarır...

Sənəddə texnologiya, enerji və təbii ehtiyatlar üzrə iri investisiya mexanizmləri nəzərdə tutulur...

Poliqon xəbər verir ki, The New York Times nəşrinin yazdığına görə, Ukrayna prezidenti Volodimir Zelenskinin bu gün açıqladığı sülh planının bir neçə əsas bəndi birbaşa ABŞ-nin müharibədən sonrakı dövrdə Ukrayna ilə bağlı iqtisadi maraqlarına toxunur. Sənəd Vaşinqtonun xüsusilə strateji sektorlar üzrə uzunmüddətli iqtisadi mövqelərini gücləndirməyə yönəlmiş mexanizmləri əhatə edir.

Plana əsasən “Ukraynanın İnkişaf Fondu”nun yaradılması nəzərdə tutulur. Bu fond sürətlə inkişaf edən sahələrə, texnologiya, məlumat emalı mərkəzləri və süni intellekt daxil olmaqla investisiyaların yönəldilməsi məqsədi daşıyır. Sənəddə vurğulanır ki, Amerika və Ukrayna şirkətləri bərpa layihələrinin həyata keçirilməsində birgə iştirak edəcək, bu əməkdaşlıq xüsusilə enerji sektorunu əhatə edəcək.

Sülh planında Ukraynanın faydalı qazıntılarının və təbii ehtiyatlarının hasilatı da xüsusi yer tutur. Bu istiqamət ABŞ prezidenti Donald Tramp administrasiyasının iqtisadi prioritetləri ilə üst-üstə düşür. Nəşr qeyd edir ki, Vaşinqton üçün Ukraynanın yeraltı sərvətləri həm enerji təhlükəsizliyi, həm də strateji xammal baxımından mühüm əhəmiyyət daşıyır.

Sənəddə, həmçinin müharibədən sonrakı bərpa və yenidənqurma üçün bir neçə fondun yaradılacağı bildirilir. Məqsəd ümumilikdə 800 milyard dollara qədər vəsait toplamaqdır. Plan çərçivəsində bərpa prosesinin koordinasiyası və “gələcək rifah üçün imkanların maksimum səviyyədə reallaşdırılması” məqsədilə aparıcı qlobal maliyyə liderinin təyin ediləcəyi də vurğulanır.

The New York Times yazır ki, bu rola ən real namizəd dünyanın ən böyük aktiv idarəetmə şirkəti olan BlackRock-dur. Qeyd olunur ki, BlackRock artıq Amerika tərəfi tərəfindən sülh danışıqları kontekstində prosesə cəlb edilib və Ukraynanın müharibədən sonrakı iqtisadi yenidənqurmasında əsas rol oynaya bilər.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr