AZ

MDB sammitləri Rusiyanın postsovet məkanına nəzarət mesajıdır

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“MDB dövlət başçılarının hər il keçirilən ənənəvi sammitləri adətən ciddi məsələlərin müzakirəsinə həsr olunmur. Bu, sadəcə Rusiya prezidenti Vladimir Putinin formalaşdırdığı ənənəvi siyasətin tərkib hissəsidir. Hər ilin mayında prezident Putin MDB dövlət başçılarını Moskvada keçirilən hərbi parada, ilin sonunda isə onları yenidən Sankt-Peterburqa qeyri-rəsmi görüşə dəvət edir. Mənim fikrimcə, bununla Rusiya nümayiş etdirir ki, keçmiş postsovet məkanı onun nüfuz dairəsindədir və bu ölkələr əsasən Rusiyanın liderlik etdiyi qurumlarda fəaliyyət göstərməlidir”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi sammiti əvvəlkilərdən ciddi şəkildə fərqlənməyib:

“Bir daha qeyd edirəm ki, bu tip qeyri-rəsmi görüşlərdə adətən fundamental məsələlər müzakirə olunmur. Konkret olaraq Azərbaycan dövlət başçısının son sammitdə iştirak etməməsinə gəldikdə isə hesab edirəm ki, bu, doğru və məntiqli addım idi. Bir ildən artıqdır davam edən Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq, eləcə də Azərbaycan sərnişin təyyarəsinin vurulmasından sonra Rusiyanın nümayiş etdirdiyi mövqe Azərbaycanın həmin toplantıda təmsil olunmasını faktiki olaraq mümkünsüz edirdi”.

Oqtay Qasımov

Politoloq bildirib ki, oktyabrın 10-da Azərbaycan prezidenti ilə Rusiya prezidenti arasında Düşənbədə keçirilən görüş zamanı Rusiya tərəfi vurulan təyyarə ilə bağlı Azərbaycanın haqlı tələblərinin nəzərə alınacağına dair vədlər verib:

“İstintaqın başa çatdırılacağı, təqsirkarların müəyyən edilərək cəzalandırılacağı, kompensasiyanın ödəniləcəyi bildirildi. Lakin təəssüf ki, aradan keçən müddət ərzində bu istiqamətdə hər hansı real addım atılmayıb. Beynəlxalq aviasiya konvensiyalarına, eləcə də Rusiyanın öz qanunvericiliyinə əsasən, bu cür istintaq bir il ərzində yekunlaşdırılmalıdır. Ancaq bu müddətin tamamlanmasına baxmayaraq, Rusiya tərəfindən ciddi irəliləyiş görmürük. Əksinə, mənim müşahidələrimə görə, ötən ildən başlayan ənənəvi təzyiq siyasəti davam etdirilir”.

Oqtay Qasımov Ermənistanın baş naziri Nikol Paşinyanın MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirakını isə gözlənilən hesab edir:

“Paşinyan üçün Rusiya ilə münasibətləri nisbətən normal saxlamaq olduqca vacibdir. Ermənistan seçki ilinə daxil olur və Rusiya tərəfindən dəstəklənən müxalifət Paşinyana açıq düşmən mövqeyi sərgiləyir. Üstəlik, erməni kilsəsinin də ona qarşı çıxması parlament seçkilərinin kifayət qədər gərgin keçəcəyini deməyə əsas verir. Bu baxımdan Paşinyan Rusiyanın təzyiqlərini azaltmaq və ya balanslaşdırmaq xəttini seçib”.

Azərbaycan-Rusiya münasibətlərinə də toxunan politoloq bildirib ki, yaxın perspektivdə bu əlaqələrin normal məcraya qayıtması real görünmür:

“Bu vəziyyətin əsas məsuliyyəti Rusiyanın üzərinə düşür. Ümumiyyətlə, Rusiya keçmiş sovet məkanı ölkələrinə hələ də yuxarıdan aşağı baxır və onların müstəqil dövlət kimi davranmasını qəbul etmək istəmir. Bu ölkələrə imperiya təfəkkürü ilə yanaşır, sanki onların Rusiyadan nəsə tələb etmək hüququ yoxdur. Azərbaycan isə Rusiya daxil olmaqla bütün dövlətlərlə bərabərhüquqlu və normal əməkdaşlıq münasibətləri qurmaq istəyir. Mənim qənaətimcə, əsas ziddiyyət də məhz buradan qaynaqlanır”.

Nemət ORUCOV

Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
reyting.az

1Mənbələr