AZ

20 bəndlik sülh planında nələr var?- BİZİM TƏHLİL

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq planının bütün 20 bəndini ilk dəfə açıqlayıb. 

Volodimir Zelenski müharibəni dayandırmaq üçün sülh planının mövcud formatda təsdiq edilib-edilməməsi üçün ya Ali Radanın müzakirəsinə, ya da seçkilərlə eyni vaxtda referenduma çıxarılacağını bildirib. Sənəddə aşağıdakı müddəalar var: 

1.Ukraynanın suverenliyinin təsdiqi:

Bu maddənin sülh planına daxil edilməsi Ukraynanın suverenliyini şübhə altına alır. Çünki Ukrayna müstəqil, suveren, dövlət kimi beynəlxalq hüququn subyektidir. Ukrayna konstitusiyasının 157-ci maddəsinə görə, ölkənin müstəqilliyinin və suverenliyinin ləğvi heç bir halda referenduma çıxarıla bilməz. 

2. Rusiya ilə Ukrayna arasında təmas xətti boyunca vəziyyətin monitorinqi ilə müşayiət olunacaq təcavüz etməmək barədə paktın bağlanması:

 Tərəflər qarşılıqlı şəkildə bir-birinə hücum etməmək barədə saziş imzalaya bilərlər. Eyni zamanda, Ukrayna NATO-nun və üçüncü dövlətin öz ərazisindən Rusiyaya hücum etməyəcəyinə dair öhdəlik götürə bilər. Lakin təmas xəttinin hansı ərazidən keçəcəyi aydın deyil. Ukrayna işğal olunmuş ərazilərin tamamilə Rusiyanın nəzarətində qalmasını istəmir. 

Rusiya da nəzarət etdiyi ərazilərdən çıxmağa razılaşmır. İkincisi, monitorinqi hansı təşkilatların və dövlətlərin həyata keçirəcəyi müəyyənləşməlidir. Rusiya NATO üzvü olan istənilən Qərb dövlətinin monitorinqdə iştirakına qarşıdır. Üçüncüsü, monitorinq atəşkəs şəraitində tətbiq edilir. Rusiya isə yekun sülh müqaviləsinin imzalanmasını və işğal etdiyi əraziləri ilhaq etməkdə israra edir. 

3.Təhlükəsizlik zəmanətləri: 

Ukrayna Rusiyadan, Rusiya isə daha çox NATO-dan təhlükəsizlik zəmanətləri tələb edir. Qiyabi olaraq Rusiya və ABŞ qarşı tərəfə təhlükəsizlik zəmanəti vəd etsələr də bu daha çox Ukraynaının hazırkı fəlakətlərinə gətirib çıxartmış Budapeşt Memorandumuna bənzəyir. 

Ancaq təhlükəsizlik zəmanətlərinin konkret icra mexanizmləri yoxdur. Yəni Rusiya gələcəkdə Ukraynaya hücum edərsə, Qərbin, o cümlədən ABŞ-nin atacağı addımlarla bağlı öhdəliklər göstərilmir. 

4.Sülh dövründə Ukrayna ordusunun sayı 800 000 nəfərlə məhdudlaşır. Ukrayna bu təkliflə hazırda razılaşır. Yəni bu taban göstərici deyil və minimal həddir. Əgər Rusiya yenidən Ukraynaya qarşı müharibəyə başlasa, razılaşma pozulacaq. 

Bu halda Ukrayna silahlı qüvvələrinin sayını artırmaq hüququ əldə edəcək. Qeyd edilən kvotanın Rusiyaya aid edilməməsi gələcəkdə qüvvələr nisbəti baxımından Ukrayna üçün ciddi problemlər yarada bilər. 

5.ABŞ, NATO və Avropa tərəfindən Ukraynaya Şimali Atlantika Müqaviləsi Təşkilatının 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətlərinin verilməsi:

 Rusiyanın yeni işğalı baş verərsə, hərbi cavab və sanksiyaların yenidən tətbiq olunacaq. Qeyd edildiyi kimi, hərbi cavab tədbirlərinin nədən ibarət olacağı, yəni mexanizmləri göstərilmir. Hazırkı hərbi dəstək vasitələrini, yəni silah satışını Ukrayna yetərli hesab etmir. 

6. Rusiya Avropaya və Ukraynaya qarşı hücum etməmək siyasətinin bütün zəruri qanunvericilikdə təsbiti:

 Rəsmi Moskva bu öhdəliyi qanunvericilikdə yalnız Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya verilməsi müqabilində təsbit etməyə razı olduğunu bildirir. Bu isə sülh planının bəri başdan pozulması deməkdir. Digər tərəfdən, Rusiyanın gələcəkdə bu qanunvericilikdən imtina edəcəyinə hər hansı təminat yoxdur. 

Halbuki, Rusiya 2004-cü il aprelin 24-də parlamentin qərarı ilə ratifikasiya edilərək qanuni qüvvəyə minmiş “Rusiya Federasiyası və Ukrayna Respublikası arasında Dövlət Sərhədləri haqqında” müqaviləni pozub. 

7.Ukrayna əvvəlcədən müəyyən edilmiş müddət ərzində sabit qoşulma tarixi ilə AB-nin üzvü olacaq:

 Yəni Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi qüvvədə qalır və Rusiya buna etiraz etmir. Bu proses mərhələli proqram üzrə həyata keçiriləcək. 

8. Ayrı bir investisiya müqaviləsində müəyyən ediləcək qlobal inkişaf paketinin formalaşdırılması. Ukrayna və ABŞ, investisiya və ölkənin gələcək bərpası ilə bağlı razılaşmanın bütün əsas elementlərini özündə birləşdirən “Ukraynada Çiçəklənmə Yol Xəritəsi” adlı bərpa və iqtisadi inkişaf sənədi hazırlayıblar. 

“Bu, ABŞ ilə birgə hazırlanmış, 2040-cı ilə qədər uzunmüddətli baxışı əks etdirən bir sənədddir”,- deyə Zelenski bildirib. Texnologiya, məlumat mərkəzləri və süni intellekt də daxil olmaqla, yüksək artım templi sektorlara investisiya qoyuluşu üçün Ukrayna inkişaf fondu yaradılacaq. 

Bundan əlavə, Zelenskinin sözlərinə görə, ABŞ və Amerika şirkətləri Ukrayna ilə əməkdaşlıq edəcək və Ukraynanın qaz infrastrukturunun bərpasına, inkişafına, modernləşdirilməsinə və istismarına birgə investisiya qoyacaqlar. Şəhərlərin və yaşayış məntəqələrinin bərpası, yenidən qurulması və modernləşdirilməsi məqsədi ilə müharibə nəticəsində viran qalmış ərazilərin bərpası üçün birgə səylər də nəzərdə tutulur. 

9.Ukrayna üçün bir neçə 800 milyard dollarlıq bərpa fondunun yaradılması: 

Ukrayna müharibədən sonrakı yenidənqurma üçün 800 milyard dollar cəlb etməyi planlaşdırır. Prezident Vladimir Zelenskininsözlərinə görə, Ukrayna iqtisadiyyatının bərpası, dağılmış ərazilərin və regionların yenidən qurulması, eləcə də humanitar məsələlərin həlli üçün bir neçə fond yaradılacaq. 

Məqsəd Ukraynanın tam potensialını reallaşdırmasına kömək etmək üçün kapital, qrantlar, borc və özəl sektorun töhfələri vasitəsilə 800 milyard dollar toplamaq olacaq. Zelenski bildirib ki, Ukraynanın Rusiya ilə müharibədən itkilərinin ümumi dəyəri təxminən 800 milyard dollar təşkil edir. 

10.Ukrayna ilə ABŞ arasında sərbəst ticarət müqaviləsinin sürətləndirilməsi; 

11.Ukraynanın nüvə silahından azad statusunun təmin edilməsi; 

12.Zaporojye Atom Elektrik Stansiyası. Kompromis yoxdur. ABŞ əsas rol oynayan üçtərəfli idarəetmə təklif edir. 

Kiyevin təklifi ABŞ və Ukraynanın stansiyanı bərabər əsasda birgə idarə etmələridir. Ən mübahisəli məsələlərdən biri Zaporojye AES-in gələcək statusu ilə bağlıdır. Ukrayna Rusiyanın bu müəssisədə pay sahibi olmasını istəmir. Rusiyanın AES-dən istifadə etməsi Zarorojjenin işğal altındakı ərazilərinin işğalının rəsmiləşdirilməsi deməkdir. 

13.Məktəblərdə tolerantlığın, mədəniyyətlərarası anlaşmanın inkişaf etdirilməsinə, irqçilik və qərəzin aradan qaldırılmasına yönəlmiş təhsil proqramlarının tətbiqi. 

14.Ərazi məsələləri. Ukraynanın təklifi: Rusiya Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxır. Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində “olduğumuz yerdə qalırıq” prinsipi tətbiq olunur. Yəni Ukrayna bu şərtə yalnız atəşkəs halında razılaşır. 

Kreml isə Donetsk, Luqansk, Zaporojje və Xerson vilayətlərinin Rusiyaya verilməsini istəyir. Rusiya Ukraynanın Donetsk vilayətindən çıxmasını tələb edir. ABŞ isə bölgədə azad iqtisadi zona şəklində güzəşt təklif edir. 

“Olduğumuz yerdə qalırıq” barədə razılıq olmadığı təqdirdə, azad iqtisadi zona seçimi yalnız bütün sənədin təqdim edilməli olduğu referendum yolu ilə mümkündür. Plandakı əlavə maddələr: 

1.Rusiya və Ukrayna müqavilələri zorla dəyişdirməməyi öhdələrinə götürürlər. 

2.Rusiya Ukraynanın Dnepr çayından və Qara dənizdən kommersiya məqsədləri üçün istifadəsinə müdaxilə etməyəcək. Kinburn demilitarizasiya ediləcək. 

3.Mülki şəxslərin, uşaqların və siyasi məhbusların qaytarılması ilə yanaşı, əsir mübadiləsi də keçiriləcək. 

4.Ukrayna müqavilə imzalandıqdan sonra mümkün qədər tez seçkilər keçirməyi öhdəsinə götürür. 

5.Müqavilə hüquqi cəhətdən məcburi olacaq və onun icrasına nəzarət ABŞ Prezidenti Donald Trampın sədrlik etdiyi Sülh Şurasına həvalə ediləcək. 

6.Bütün tərəflər şərtlərlə razılaşdıqdan sonra tam atəşkəs dərhal qüvvəyə minəcək. Son 6 bənndədn yalnız birinin icrasına başlanılıb. Ukraynada prezident seçkilərinə hazırlıq görülür. 

Digər təkliflər isə kağız üzərində qalır. Tərəflər arasında əsas mübahisə mövzusu olan ərazilər məsələsi həll olunmayıb. 

Seçilən
5
2
cebheinfo.az

5Mənbələr