AZ

Avropa demokratiya və insan hüquqlarından danışaraq özünə çarə axtarır

Bakı, 24 dekabr, Rabil Kətanov, AZƏRTAC

Artıq üçüncü gündür ki, Əlcəzair parlamentində “Fransız müstəmləkəçiliyinin cinayət hesab edilməsi haqqında” qanun layihəsi müzakirə edilir. Çıxış edən deputatlar bildirirlər ki, bu qanun layihəsi sadəcə olaraq 1830-1962-ci illər ərzində Fransanın Əlcəzair xalqını istismar etməsini yaddaşlarda təzələməkdən ibarət deyil. Onsuz da yaxın keçmişdə baş verən bu cinayətlər yaşlı nəslin yaddaşında həkk olunub və yeni nəslə ötürülərək tarix boyu yaşayacaq.

AZƏRTAC xəbər verir ki, Əlcəzair parlamentinin qəbul edəcəyi qanun təkcə hüququ sənəd deyil, həm də gələcəyə baxış, tarixi yaddaşı yeniləməkdir.

Bu gün də Avropa vaxtı ilə koloniyasında yaşayan xalqların nümayəndələrinə birmənalı baxmır. Onları həmişə aşağısəviyyəli hesab edir. Avropanın müstəmləkəçi siyasəti İkinci Dünya müharibəsindən sonra süquta uğramağa başladı. 1960-ci ildə kolonializmə son qoyulsa da ondan doğan fəsadlar başa çatmadı.

Bu gün Afrika, Asiya, latın Amerikası ölkələrinin kasıb, bəzilərinin isə səfil vəziyyətdə yaşamasının səbəbi Avropanın kolonializm siyasətinin nəticəsidir. Koloniyaya daxil olan ölkələrdə avropalı prorektorlar təhsili, milli mədəniyyəti, iqtisadiyyatı məhv edərək, qul düşüncəli bir nəsil yaratmağa müvəffəq oldular. Bu səbəbdən Avropa dövlətləri ilə keçmiş koloniyalar arasındakı münasibətlər daim ziddiyyətli olur. Əlcəzair parlamentinin spikeri bəyan edib ki, bu qanun Fransa dövləti və xalqına qarşı yönəlməyib. Fransa hakimiyyəti bu qanunun qəbul edilməsindən dərs götürməlidir və keçmiş koloniyalarına siyasi təzyiqdən əl çəkməlidir. Bu gün Fransa Mərakeşin Qərbi Saxarada muxtar qurum yaratmaq cəhdini dəstəkləyir ki, bu Əlcəzairin suverenliyinə və təhlükəsizliyinə təhdid törədir.

Bu gün Avropanın yüz illər boyu koloniyalarda törətdiyi cinayətlərdən, insan alverindən, xalqları istismar etməsindən siyasi dəhlizlərdə söhbət düşəndə onlar bunu tarixi yanlışlıq hesab edir, “tarixdə ilişib qalmamağı gələcəyə baxmağı tövsiyə edirlər. Gələcəyin özü də nə vaxtsa tarix olacaq. Bu günümüz firavan olmalıdır ki, gələcək inkişaf üçün əsas yaransın”.

Bütün bunların fonunda Avropa siyasi elitasının ikiüzlülüyü bütün çılpaqlığı ilə özünü biruzə verir.

Bu günlərdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə də ikili standartların və ikiüzlülüyün təzahüründən başqa bir şey deyil. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra 30 il susan Avropanın yadına insan hüquqları düşüb. Görəsən 1990-cı ilin əvvəllərində Qarabağdan yurdundan, yuvasından qovulan milyondan artıq vətəndaş insan deyildi? Bu gün Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin davam etdiyi bir məqamda bu qətnamənin qəbulu qaranlıq mətləblərdən xəbər verir.

Böyük Britaniyanın tanınmış jurnalisti Pol Bolduin bu günlərdə Qarabağa səfər edərək yazırdı ki, “Mən 1990-cı ildə də Qarabağdakı münaqişəni işıqlandırmaq üçün bölgəyə gəlmişdim, həmin dövrdə buralar çox pis vəziyyətdə idi. Yollar, evlər dağılmışdı, dövlət qurumları yox idi. Bu gün isə Qarabağ azad olunub və burada müasir infrastruktur yaradılır, yollar salınır evlər tikilir”. Jurnalist nəzərə çatdırır ki, nə o dövrdə Avropa səsini qaldırıb Qarabağda insan hüquqlarının pozulmasını bəyan etdi, indi də quruculuğa yardım etmir. Bu paradoks haldır. Siyasi korrupsiya və onun nəticələri heç bir zaman Avropa strukturlarında müzakirə edilmir.

Avropa İttifaqının antikorrupsiya agentliyi olan OLAF təşkilatının illik hesabatında qeyd olunur ki, iqtisadi birliyin 28 dövlətinin korrupsiya səbəbindən maliyyə itkiləri hər il orta hesabla 323 milyard avro təşkil edir. Avropa Komissiyası strukturunda Ədliyyə Baş Direktoratının rəhbəri Fransuaza Le Bay Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Avropa İttifaqı ölkələrində korrupsiyanın real vəziyyətini qiymətləndirmək çox çətindir. Çünki cinayətkar sxemin izi milli hökumətlərin səlahiyyət etensiyası başladığı yerdə müəmmalı şəkildə itir. Buna baxmayaraq əlimizdə tam əsas var ki, söyləyək: korrupsiya milyonlarla avro ilə deyil, milyardlarla avro ilə ölçülür.

F.Le Bay ilə bərabər avropalı parlamentarilər qarşısında çıxış edən OLAF təşkilatının rəhbəri Covanni Kessler də etiraf edib ki, Avropa fondları səviyyəsində baş verən korrupsiya cinayətləri praktiki olaraq təhqiq edilmir. Bu isə öz növbəsində Avropada korrupsiyanın yayılması üçün münbit şərait yaradır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Avropanın siyasi elitası bu və ya digər ölkədə dövlət çevrilişi ilə hakimiyyəti dəyişib öz protektoratını onun yerində oturtmaq istəyəndə külli miqdarda pul xərcləyir. Maliyyələşmə qanunsuz olduğuna görə korrupsiyaya uğrayır. Odur ki, Avropanın siyasi rəhbərliyinin daim demokratiyadan danışması sadəcə olaraq manipulyasiyadır. Vaxtilə görkəmli fransız sərkərdəsi, imperator Napoleon Bonapartın deyirdi ki, “Kimin nədə problemi varsa, ən çox elə ondan danışır”. XX əsrin psixoanalitikləri də sübuta yetiriblər ki, hər kəs öz problemini ucadan səsləndirib ona çarə axtarmağa çalışır.

Bu gün Qərb də demokratiya və insan hüquqlarından danışaraq özünə çarə axtarır.

Seçilən
26
1
azertag.az

2Mənbələr